AZ EN RU

İnsan hüquqlarının beynəlxalq prinsiplər əsasında müdafiəsinə həsr olunmuş tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Yaqub Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserində “İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası və onun nəzarət mexanizmi” mövzusunda tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı  Səbuhi İbrahimov bildirib ki, “İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası” 1987-ci ildə Avropa Şurası tərəfindən qəbul olunub. 
    Konvensiya azadlıqdan məhrum edilmiş və ya azadlığı məhdudlaşdırılmış şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizmi təmin edir. Bu mexanizm Avropada İşgəncə, insani və ya alçaldıcı rəftara qarşı mübarizə və cəzanın qarşısının alınması komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş və ya azadlığı məhdudlaşdırılmış şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlayıb. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilər, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri həyata keçirir.
    Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Bu yerlər polis bölmələri, psixiatriya xəstəxanaları, hərbi hissələrdə saxlanma yerləri, əcnəbilərin saxlanma yerləri və uşaq qəbul mərkəzləridir. 
    Azərbaycan Respublikası 25 dekabr 2001-ci il Qanunu ilə “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasının və onun 1 və 2 saylı Protokollarını təsdiq edib. 
    Çıxışda Azərbaycan Respublikasının bu Konvensiyaya qoşulduqdan sonra milli qanunvericilikdə edilən müvafiq dəyişikliklər barədə ətraflı məlumat verilib. 
    Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Aysel Nəcəfli İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının preventiv qrupu tərəfindən şəxslərin iradəsindən kənar saxlanıldığı yerlərə baş çəkmələrinin hansı hallarda və necə həyata keçirilməsi haqqında danışıb. 
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 23.01.2023 20:00