AZ EN RU

İnsan hüquqları: bəşəriyyətin ən ali dəyərlərindən biri

İnsan hüquqları geniş, çoxşaxəli bir məfhumdur. Tarixboyu xalqlar özlərinin hüquqları, azadlıqları uğrunda mübarizə aparıb və bu mübarizə zaman keçdikcə daha geniş miqyas aldı. Bu isə özü ilə bərabər fəlakətlərə, müharibələrə səbəb oldu. Bütün bu baş verənlər dövlətləri bir sıra addımlar atmağa məcbur etdi.

İnsan və vətəndaş hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq, eyni zamanda sülhü və təhlükəsizliyi təmin etmək artıq bir çox ölkənin maraq dairəsində olan prioritet məsələyə çevrilmişdi. Nəticədə bu sahədə müxtəlif beynəlxalq təşkilatlar yaradıldı, bir sıra müqavilələr imzalandı.

İnsan hüquqları bəşər cəmiyyətinin ta qədimdən bu günə kimi gəlib çıxan ən ali dəyərlərindən biri, bəlkə də birincisidir. Məhz bu dəyər sayəsində insanlar bir-biri ilə münasibət qurmuş və bu münasibəti yaşadaraq, nəsildən nəslə keçirərək bu günümüzə gətirib çıxarmışlar. İnsan hüquqları dedikdə insanların malik olduğu əsas azadlıqlar və imtiyazlar başa düşülür. İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalı və bunlar hamıya şamil olmalıdır. Yəni hər kəs dilindən, dinindən asılı olmayaraq bərabər hüquqlara malik olmalıdır. Dövlət isə heç bir ayrı-seçkilik qoymadan onları mühafizə etməli, praktikada təmin etməlidir.

İnsan hüquqlarının əsas mahiyyətini anlamaq üçün ilk növbədə onun tarixinə nəzər yetirmək lazımdır. Qədim xalqlar insan hüquqları ilə bağlı kifayət qədər məlumata və konsepsiyaya malik olmayıblar. Dünya tarixində insan hüquqları ilə bağlı ilkin müzakirələr 18-ci əsrdə Avropada maarifçilik dövründə başlayıb.

Burada əsas dönüş nöqtəsi “təbii hüquqlar” konsepsiyası olub. “Təbii hüquqlar” konsepsiyasına əsasən insanlara doğulduğu andan təbii hüquqlar verilir və o hüquqlar ayrılmaz, toxunulmazdır. 18-ci əsr ingilis filosofu Con Lokk öz əsərlərində “təbii hüquqlar” anlayışına kifayət qədər geniş yer vermiş və onları yaşamaq, azadlıq, mülkiyyət kimi qiymətləndirir. Digər bir fransız mütəfəkkiri Jan-Jak Russo isə tamamilə fərqli bir yanaşma irəli sürüb. O iddia edir ki, bu hüquqlar insanlara təbiət tərəfindən verilməyib, ictimai müqavilə əsasında yaranıb. Yəni onlar öz mülkiyyət azadlıqlarını qorumaq üçün ictimai müqavilə bağlayırlar. Bununla da öz hüquqlarını məhdudlaşdırıb digərlərinin hüquqlarının qorunmasını təmin edirlər

Eyni zamanda İngiltərədə 1689-cu ildə qəbul edilmiş “Hüquqlar haqqında Bill-də insan hüquqlarını təsbit edən bəzi müddəalar mövcud olmuşdur. Billə əsasən insanların krala müraciət etmək hüququ təmin olunurdu, parlament üzvləri söz və fikir azadlığına malik idi. Orta əsrlərdə insan hüquq və azadlıqlarına özündə ehtiva edən daha bir sənədə 1789-cu ildə Fransada qəbul edilmiş insan və vətəndaş hüquqları bəyannaməsini misal göstərmək olar. Bu bəyannamədə göstərilirdi ki, insan hüquqları dünyaya gələndən bəri hamıya şamil olunan bərabərlik və azadlıq konsepsiyasına əsaslanır. Eyni zamanda qeyd olunurdu ki, insanların təbii hüquqları söz və etiqad azadlığıdır

Bunlar sırasına ABŞ İstiqlal Bəyannaməsini də aid etmək olar. Bu özündə xalqın suverenliyi, bütün insanların qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, xoşbəxtlik arzusunda olmaq hüquqlarını ehtiva edirdi. Orada göstərilirdi ki, bütün insanlar bərabərhüquqlu yaradılıb, Yaradan öz bəndələrinə toxunulmaz hüquqlar bəxş edib. Eyni zamanda bəyannamədə qeyd olunurdu: Biz bunu sübuta ehtiyacı olmayan fakt hesab edirik ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan onlara toxunulmaz hüquqlar bəxş edib. Lakin sonralar zaman irəlilədikcə insan hüquqları məfhumu daha geniş məsələləri özündə birləşdirir, bəşəriyyətin həyatındakı rolunu artırırdı.

20-ci əsrdə bir sıra ölkələrdə işçilərə tətil etmək, minimum əmək şəraiti yaradılması, uşaq əməyinin qadağan edilməsi ilə bağlı müxtəlif hüquqlar verən qanunlar qəbul edildi. Eyni zamanda bu dövrdə qadın hüquqlarını qorumaq, qadınların, qız uşaqlarının hüquqlarının pozulmasının, onlara münasibətdə ayrı-seçkiliyin qarşısının alınması üçün bir sıra hərəkatlar baş verib. Bu hərəkatlar içində ən məşhuru 19-cu əsrin sonlarından başlayaraq, demək olar ki, yüz ilə yaxın davam edən, daha çox da ABŞ və Avropanı ağuşuna alan Feminizm hərəkatı idi. Feminizm hərəkatının əsas məramı qadınlara münasibətdə ayrı-seçkiliyin qarşısının alınması, cinslər arasında gender bərabərliyinin təmin olunması olub.

Bu hərəkat nəticəsində bir sıra ölkələrdə qadınlara müxtəlif iqtisadi, siyasi hüquqlar, o cümlədən seçki hüququ verilib. Bu dövrdə insan hüquqlarının müdafiəsini, xüsusilə müstəmləkə zülmü altında əzilən azlıqların, etnik birliklərin hüquqlarının qorunmasını özünün ali məqsədi olaraq qəbul etmiş başqa hərəkatlar sırasına Mahatma Qandinin vətəni Hindistanı Böyük Britaniya asılılığından xilas etmək üçün apardığı mübarizəni də daxil etmək olar. Mahatma Qandi insan övladına qarşı şiddət tətbiq olunmasının qəti əleyhinə olmuş, yoxsul əkinçi və işçilərin ədalətli əmək şəraitinin təmin olunması, qadınların hüquqlarının məhdudlaşdırılmasına son qoyulması, müxtəlif dini və etnik qruplar arasında dostluq, qardaşlıq münasibətinin qurulmasını istəmişdir.

İnsana qarşı zorakılığı qətiyyətlə rədd edən Qandi deyirdi: Zorakılıq olanda həqiqət yoxa çıxır, qeyri-zorakılıqda həqiqət üzə çıxır. 1918-ci ildə dünyanın böyük güclər arasında bölüşdürülməsi, yeni bir dünya nizamının yaranmasına səbəb olan bir hadisə – Birinci Dünya Müharibəsi baş verdi. Bu müharibə dünyada milyonlarla insanın həyatından məhrum olması, yaşayış yerindən didərgin düşməsi, aclıq çəkməsi və sair mənfi hallarla nəticələndi. Cahan savaşının başa çatmasından sonra dövlətlər yuxarıda qeyd olunan hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün 1919-cu ildə Millətlər Cəmiyyətini yaratdılar. Lakin bu təşkilat 26 il fəaliyyət göstərməsinə baxmayaraq özünü doğrulda bilmədi. 1939-cu ildə başlanmış 2-ci dünya müharibəsinin doğurduğu fəlakətli nəticələr insan hüquq və azadlıqlarının qorunması üçün daha ciddi addımlar atılmasını zəruri etdi. Bu addımlardan ilki BMT Baş Məclisinin qəbul etdiyi Ümumdünya insan hüquqları bəyannaməsidir. Bu bəyannamə 2-ci dünya müharibəsində dinc sakinlərə qarşı törədilən vəhşiliklərə cavab olaraq qəbul edilən, eyni zamanda insan hüquqları ilə bağlı ilk beynəlxalq-hüquqi sənəd idi. 30 maddəlik bəyannamənin preambulasında göstərilir ki, bəşəriyyətin bütün üzvlərinin həqiqi ləyaqətinin və bərabər, ayrılmaz hüquqlarının tanınması dünyada azadlıq, ədalət və sülhün əsasıdır. Bəyannamənin ilk iki maddəsində ləyaqət, azadlıq prinsipləri, sonrakı maddələrdə isə fərdlərin malik olduğu hüquqlar göstərilirdi

İnsan hüquqları bəzi əsaslara görə müxtəlif qruplar altında təsnifləşdirilir. Bu təsnifləşdirmənin ən məşhuru insan hüquqlarının şəxsi, siyasi, sosial-iqtisadi, mədəni və prosessual hüquqlara ayrılmasıdır. Şəxsi hüquq və azadlıqlara yaşamaq hüququ, azadlıq hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, sağlamlığın qorunması hüququ aiddir. Siyasi hüquqlara isə ilk növbədə seçki hüququ, məlumat azadlığı, sərbəst toplaşmaq hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ aiddir. Sosial-iqtisadi hüquqlara isə mülkiyyət, azad sahibkarlıq hüququ əmək hüququ, sosial təminat hüququ daxildir. Mədəni hüquqlar sırasına isə mədəniyyət hüququ, mədəni həyatda iştirak hüququ aid edilir.

Nəhayət, prosessual hüquqlara isə hüquqi yardımdan istifadə etmək, təqsirsizlik prezumsiyası, məhkəmə icraatında dinlənilmək hüququ aiddir

Azərbaycanda insan hüquqlarına hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən diqqət yetirilməyə başlanmışdır. Belə ki, müsəlman şərqində qadınlara seçki hüququ verən ilk dövlət Azərbaycan Xalq Cümhuriyyəti idi. Ölkəmiz sovet əsarətinin zəncirlərini qırıb azadlığına qovuşandan sonra insan hüquqlarına daha geniş diqqət ayrılmağa başladı. Belə ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən ən mühümü 1995-ci ildə Konstitusiyamızın qəbul edilməsi oldu. Bu ali hüquqi sənəddə vətəndaşlara kifayət qədər geniş hüquq və azadlıqlar verilmişdir. Eyni zamanda Ümummilli Liderimizin 22 fevral 1998-ci il tarixli Fərmanı ilə  “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Dövlət Proqramı təsdiqlənmişdir. Dahi şəxsiyyət deyirdi ki, əgər hər hansı ölkənin xalqı öz hüquqlarını qoruya bilirsə, ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Beləliklə, nəticə olaraq qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının qorunması, onlara hörmət edilməsi dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi, istər hər hansı bir ölkə daxilində, istərsə də beynəlxalq aləmdə xalqlar, müxtəlif etnik birliklər arasında dostluq və qardaşlıq münasibətlərinin bərqərar edilməsi üçün ən mühüm şərtlərdən biri, bəlkə də birincisidir. Bu baxımdan da insan hüquqları dünyanın nüfuzlu beynəlxalq təşkilatları səviyyəsində də təminat altına alınıb. Belə ki, BMT-nin Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli qərarı ilə hər il 18 iyun insan hüquqları günü kimi qeyd olunur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün dünyanın müxtəlif yerlərində İnsan hüquqlarının kobud surətdə pozulmasının, insanların öz azadlıqlarından haqsız yerə məhrum edilməsinin şahidi oluruq. Bu isə silahlı qarşıdurmalara, münaqişələrə, vətəndaş müharibələrinə, kütləvi qırğınlara səbəb olur. Buna görə də hər bir dövlət öz ərazisində sülhü, əmin-amanlığı, ictimai həyatın bütün sahələrinin dayanıqlı inkişafını təmin etmək istəyirsə, ilk növbədə insan hüquq və azadlıqlarını ciddi qorumalı, onlara hörmət etməlidir.

Fikrət ƏLƏSGƏROV

Naxçıvan Dövlət Universitetinin

           Hüquqşünaslıq ixtisası üzrə 2-ci kurs tələbəsi

Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur

Nəşr edilib : 06.06.2024 10:22