AZ EN RU

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər yekunlaşıb

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 18 may-18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan etmişdir.
    “İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə muxtar respublikanın ayrı-ayrı rayon və şəhərlərində “Açıq qapı” aksiyası keçirilib. Aksiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ədliyyə, Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət, Kənd Təsərrüfatı nazirlikləri, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası, Naxçıvan Mediasiya Təşkilatı və yerli icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə muxtar respublika sakinlərinin müraciətləri dinlənilib, sakinlərin müraciətləri araşdırılaraq mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün rəsmiləşdirilib, onları maraqlandıran suallar cavablandırılıb, qanunvericiliyin müddəaları izah edilib.
    Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iclas zalında aparatın əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev və insan hüquqlarının inkişafı” mövzusunda tədbir, həmçinin həmin gün Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib. Sonda qalib gəlmiş və fərqlənən komandalar Fəxri fərman və diplomla təltif olunub, hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 16.06.2023 20:00