AZ EN RU

İnsan əməyi, torpaq isə çörəyi ilə tanınar

    Bu gün muxtar respublikamızda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Kəndlərdə yaşayan əhaliyə qayğı ilə yanaşılır, qarşılaşdıqları problem və çatışmazlıqlar yerindəcə həll edilir. Bu diqqət və qayğının nəticəsidir ki, sakinlərdə yurda, torpağa bağlılıq yaranıb. Onlar da bu qiymətli sərvətdən lazımınca bəhrələnir, torpağı özlərinə iş yeri hesab edirlər. Ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Bir sözlə, muxtar respublikamızın hansı kəndinə yolunuz düşsə, orada zəhmətkeş insanları görmək mümkündür. 

    Diyarımızın ən böyük yaşayış məskənlərindən olan, bərəkətli torpaqlara sahib Şərur rayonunun kənd əməkçiləri əkinçilikdə zəngin təcrübə qazanıblar. Onlar hərtərəfli dövlət qayğısından və qazandıqları təcrübədən səmərəli istifadə edərək hər il uğurlu nəticələrə nail olurlar. Bu cəhətdən cari ildə tarlalar vaxtlı-vaxtında və yüksək aqrotexniki səviyyədə becərildiyindən yaxşı məhsul yetişdirilib. Ötən günlərdə torpağa baş əyən insanlarla elə iş başındaca əkin sahələrində görüşüb, həmsöhbət olduq. Muğanlı kənd sakini, ailə təsərrüfatçısı Bəhrəm Mirzəyev uzun illərdir ki, alın tərini torpağa qatıb zəhmətlə gün-güzərını qazanır. 
    O bildirdi ki, illərdir, əli iş tutandan əkib-becərməklə məşğuldur. Dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Onlar da bu qayğıdan bəhrələnib öz dolanışıqlarını təmin edirlər. Hər bitkinin özünəməxsus xüsusiyyətləri olduğunu deyən müsahibim bildirdi ki, cari ildə 23,5 hektarda buğda əkib, beş ton məhsul əldə edib. 12 hektarda isə qarğıdalı əkini aparıb. Bu bitkinin əkini üçün torpağın və texnikanın hazırlanması işləri, əsasən, payız aylarında həyata keçirilir. Torpağa düzgün qulluq edilərsə, o da zəhməti itirməz, əvəzində ikiqat məhsul verər. Qarğıdalıya tələbat da çox olduğundan çalışırıq ki, əkin sahələrini də ildən-ilə genişləndirək. 
    Müsahibim onu qeyd etdi ki, bu bitkinin xalq təsərrüfatında istifadə istiqamətləri çoxsahəlidir.  Qarğıdalı xüsusilə də uşaqların sevimli qidası olmaqla yanaşı, onun dənindən un, yarma və konserv hazırlanır. Qarğıdalı saçaqlarının dəmləməsi isə böyrək xəstəliklərinin müalicə və profilaktikasında qiymətli təbii vasitədir. Qarğıdalı dəni qaramal və quş üçün ən qiymətli yemdir. Dənindən həm də qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən çox keyfiyyətli silos alınır və qiymətli, qüvvəli, şirəli yem kimi istifadə edilir. Qarğıdalı silosu yaxşı həzm olunmaqla yanaşı, həm də pəhriz xüsusiyyətinə malikdir. Vitaminlərin sayına görə qarğıdalı yem bitkiləri arasında əvəzolunmaz yer tutur. Bir sələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür. Gecikmiş və ya təkrar səpinlə qarğıdalının eyni sahədən bir ildə iki dəfə və daha artıq məhsulunu yığmaq mümkündür. Qarğıdalı, o cümlədən torpağı alaq bitkilərindən təmizləmək üçün də ideal sələf bitkisidir. Onun güclü kök sisteminə malik olması əkin sahəsində başqa alaq otlarının inkişafının qarşısını alır. Bitkinin gövdəsindən və yarpağından kağız, linoleum, şüşə qablar üçün süni tıxaclar, plastik kütlə və başqa məmulatlar da hazırlanmaqla bərabər, yem kimi də istifadə olunur. 
    Müsahibim deyir ki, oğlanları da əkin işlərində ona yaxından kömək edir. Dövlət dəstəyi ilə əkinçilikdə istifadə olunan texnikalar da satın alıblar. Həmin texnikaların köməyi ilə işləri həm yüngülləşir, həm də keyfiyyəti artır. 
    Hazırda qarğıdalı sahələrində yığım olduğu üçün zəhmətkeş kənd adamının birgünlük iş gününə şahidlik etdik və belə qənaətə gəldik ki, zəhmət çəkən hər kəs yaxşı yaşaya, dolana bilər. Belə bir el məsəli var: torpaqda izin olsun ki, süfrədə üzün olsun. Çünki torpaq adamı naümid buraxmaz. Və ən əsası torpaq bu gün Naxçıvan kəndlisi üçün ən yaxşı iş yerinə çevrilib. Bacarıb dövlətimizin yaratdığı bu şəraitdən istifadə edənlər öz gün-güzəranlarını qurmaqla bərabər, muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfələrini verirlər. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 30.08.2023 19:48