AZ EN RU

“İnnovativ stomatologiyada müalicə protokolları” mövzusunda beynəlxalq konfrans keçirilib

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında “İnnovativ stomatologiyada müalicə protokolları” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki əzəmətli abidəsini ziyarət ediblər.
    Konfransda giriş nitqi ilə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bu cür beynəlxalq konfransların keçirilməsi, müxtəlif dərnək və qurumlarla görüşlərin təşkil olunması ənənəsi peşəkar kadr hazırlığına xidmət edən mühüm amillərdən biridir. Rektor ali təhsil müəssisəsində Stomatologiya ixtisası üzrə tədrisin yüksək səviyyədə təşkili, təcrübi vərdişlərə yiyələnmək məqsədilə yaradılan Stomatoloji simulyasiya kabinəsi, universitet xəstəxanasında istifadəyə verilən stomatoloji kabinələr haqqında iştirakçıları məlumatlandırıb. Ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində ali təhsil ocağının tibb sahəsində əlaqələrinin daha da genişlənməsi haqqında məlumat verən Elbrus İsayev Türkiyənin beynəlxalq arenada öz sözünü deyən universitetləri ilə qarşılıqlı əməkdaşlıq haqqında da danışıb. Bildirilib ki, tələbələr qardaş ölkənin müxtəlif profilli universitetlərində təcrübə prosesini davam etdirir, stomatoloq-həkim və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfrans, simpozium və layihələrdə iştirak edirlər.
    Rektor muxtar respublikada stomatologiyanın inkişafında Azərbaycan İmplantoloq İctimai Birliyinin xüsusi rolu olduğunu nəzərə çatdıraraq konfransın işinə uğurlar arzulayıb.
    Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafından və Naxçıvan Dövlət Universitetinin bu sahədə peşəkar kadr hazırlığındakı xüsusi rolundan bəhs edən Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov çıxışı zamanı davamlı tibbi təhsilin önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, xüsusilə son dövrlər muxtar respublika səhiyyəsində kadr təchizatı baxımından nəzərəçarpacaq inkişaf müşahidə olunur. Cabbar Həsənov keçirilən konfransın önəmini diqqətə çəkərək təşkilatçılığa görə minnətdarlığını bildirib, bu cür görüşlərin davam edəcəyinə əminlik ifadə edib.
    Sonra Türkiyənin Sakarya Universitetinin Stomatologiya fakültəsinin tibb üzrə fəlsəfə doktorları Fatma Furuncuoğlu və Halit Furuncuoğlunun, Beynəlxalq İmplandentlər Təşkilatının üzvü, İmplandent Klinikasının həkim-stomatoloqu, tibb üzrə fəlsəfə doktoru Hikmət Baxışovun, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənovun, Azərbaycan Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Elçin Abbasovun və Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisası üzrə V kurs tələbəsi Pouya Mojtahedinin stomatologiyanın müxtəlif aktual problemlərinə həsr olunmuş elmi məruzələri dinlənilib.
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Qeyd edək ki, universitetin İncəsənət fakültəsinin sərgi salonunda konfransın sponsoru “Caspident” şirkətinin məhsulları nümayiş olunub. 1995-ci ildən fəaliyyət göstərən “Caspident” Məhdud Məsuliyyətli Cəmiyyəti stomatoloji avadanlıq, məhsul və alətlərin satışını həyata keçirir. Bu şirkət, həmçinin “Caspident Academy” adı altında yerli və xarici konfrans, seminar və kursların təşkilini həyata keçirərək, stomatoloji sahədə yeniliklərin stomatoloqlara daha əlçatan olması üçün daim təşəbbüs göstərir.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 19.12.2022 18:55