AZ EN RU

İnnovativ dərnəklər sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır

    Sağlam gəncliyin formalaşmasında və inkişafında muxtar respublikamızın məktəbdənkənar təhsil müəssisələrində yaradılan, müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin rolu böyükdür. İnnovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Məktəbdənkənar təhsil müəssisələrində həm yeni dövrün tələblərinə cavab verən bacarıqların formalaşdırılması, həm də qədim köklərə malik Azərbaycan xalqının unudulmaqda olan milli-mənəvi dəyərlərimizi özündə yaşadan sənətlərinin qorunub saxlanılmasında böyük rol oynayan innovativ dərnəklər fəaliyyət göstərir. Naxçıvan şəhər, Şərur, Ordubad və Culfa rayonlarında milli-mənəvi dəyərlərimizi əks etdirən, onları qoruyub saxlayan və inkişaf etdirən “Xalçaçılıq”, “Heykəltəraşlıq-dulusçuluq”, “Metal üzərində bədii döymə”, “Ağac üzərində oyma”, “Ağac üzərində yandırma”, “Şüşə üzərində bədii işləmə sənəti”, “Keçə işləmə sənəti”, “Duz üzərində sənət”, “Bədii dəri işləmə sənəti” dərnəkləri, müasirliyi özündə ehtiva edən “Robotexnika”, “STEAM”, “Mental arifmetika”, “Sürətli oxu”, “Ebru sənəti”, “Qum sənəti”, “Memarlıq-dizayn”, həmçinin “Dram”, “Bədii gimnastika” və “Bijuteriya” dərnəkləri yaradılmış, zəruri avadanlıqlarla təchiz edilmiş, nümunəvi tədris şəraiti qurulmuşdur. Bunlarla yanaşı, qədim adət-ənənələri özündə cəmləşdirən, dekorativ sənət nümunəsi olan tikmə və toxuma sənətinin sirləri, xalq yaradıcılığına aid folklor nümunələri, “Köçəri”, “Tənzərə”, “Qazağı”, “Qaytağı” kimi yallı və milli rəqslərimiz də dərnəklərdə şagirdlərə öyrədilir. Şagirdlərin marağına uyğun olaraq boks, voleybol, basketbol, tennis kimi dərnəklər də fəaliyyət göstərir. Görülən işlərin davamı olaraq hazırda Babək və Şahbuz rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün nəzərdə tutulan binanın tikintisi davam etdirilir. Müasir üslubda qurularaq istifadəsinə veriləcək bu müəssisələrdə də innovativ dərnəklərin fəaliyyət göstərməsi nəzərdə tutulur.
    Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan innovativ dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin etməklə bərabər onlara gələcəkdə peşə seçimində düzgün qərar verməyə də kömək edir. Belə dərnəklərin fəaliyyətinə qısa nəzər salaq: 
    “Robotexnika” dərnəyinin yaradılmasında əsas məqsəd məktəblilərdə müasir biliklərə, yüksək texnologiyalara marağı artırmaqdır. Bu dərnəkdə robotlar yaradılaraq onların idarə olunması üçün proqramlaşdırma sirləri şagirdlərə öyrədilir. Bu dərnək vasitəsilə şagirdlərimiz dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı qazanırlar. Bununla da onlarda mühəndisliyə maraq artır, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmə bacarığı formalaşaraq proqramlaşma üzrə bilikləri artırılır.    
    “Memarlıq-dizayn” dərnəyi dərnək üzvlərində mühəndislik bacarıqlarının formalaşmasına, onların düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihələrin hazırlanmasına geniş imkanlar açır. 
    “Mental arifmetika” dərnəyi dərnək üzvlərində sürətli və dəqiq şəkildə hesablama bacarığının artmasını, onlarda riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünəinam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdırır.
    “Sürətli oxu” dərnəyi şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıraraq daha az zaman ərzində daha çox məlumat öyrənmək, oxunulan məlumatları uzun müddət yadda saxlaya bilmək və yaradıcı düşünmə bacarığını inkişaf edirir. 
    “Dram” dərnəyinin yaradılması isə müxtəlif əsərlərin mütaliə edilməsi və səhnələşdirilməsi, şagirdlərdə nitq qabiliyyətinin inkişaf etdirilməsi məqsədinə xidmət edir.
    “Metal üzərində bədii döymə”, “Xalçaçılıq”, “Ağac üzərində oyma-yandırma”, “Heykəltəraşlıq-dulusçuluq”, “Bədii dəri işləmə sənəti”, “Şüşə üzərində bədii işləmə sənəti”, “Keçə işləmə sənəti” və “Duz üzərində sənət” dərnəklərinin yaradılmasında əsas məqsəd dərnək üzvlərinə xalq yaradıcılığı nümunələrini, dekorativ-tətbiqi sənətin sirlərini öyrətmək və bunları yaşatmaqdan ibarətdir.
    “Bədii gimnastika” dərnəyi isə dərnək üzvlərinin bu idman növünün sirlərinə yiyələnməsi və fiziki cəhətdən sağlam formalaşmalarına öz təsirini göstərir. 
    Dərnəklərin fəaliyyəti zamanı digər diqqətdə saxlanılan məsələlərdən biri də dərnək üzvlərinin əl işlərindən ibarət sərgilərin təşkil olunmasıdır. Mütəmadi olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin və şagirdlərin yaradıcılıq nümunələrinin sərgisi təşkil edilir.
    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, dünyagörüşünün formalaşmasına, müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsinə, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək göstərmək işində də bu dərnəklərin rolu əvəzedilməzdir. Muxtar respublikada bu kateqoriyadan olan uşaqların əl işlərindən ibarət sərgilər keçirilir, mütəmadi olaraq kurslar və innovativ dərnəklərə ekskursiyalar təşkil olunur. 
    Bu gün muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrində yaradılan şəraitdən səmərəli istifadə olunaraq innovativ dərnəklərin fəaliyyəti gücləndirilir, dərnəklərin tədrisinə nəzarət artırılır, sağlamlıq imkanları məhdud uşaqların yaradıcı fəaliyyətə cəlb olunması təmin edilir. Bunlar da sağlam gəncliyin formalaşmasına öz müsbət təsirini göstərir. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 13.01.2023 19:41