AZ EN RU

İnkişaf və intibah, milli-siyasi iradə və qalibiyyət rəmzinə çevrilən partiya

    Azərbaycanın müstəqilliyinin əldə olunması, eləcə də sonrakı müstəqil dövlət quruculuğu prosesi, özünün Prezident kimi siyasi rəhbərliyi dövründə, hətta özündən sonrakı onilliklər üçün elə bir taleyüklü məsələ olmamışdır ki, o, Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalsın. Azərbaycanda siyasi sistemin formalaşmasında mühüm rol oynamış, 31 il bundan əvvəl milli dövlətçiliyimizi ciddi təhlükə və sınaqlardan çıxarmaq üçün yaradılan Yeni Azərbaycan Partiyası da Ümummilli Liderin siyasi zamanı öz vaxtında və yerində hiss etmək kimi real həyat təcrübəsinə əsaslanan fenomenal intuisiyasının nəticəsi idi. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində belə bir partiyanın məhz qarşıda dayanan ümummilli vəzifələrin həlli məqsədilə təsis edildiyi, bunun obyektiv tarixi zərurət olduğu qısa zaman kəsiyində təsdiqləndi. Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas məramına diqqəti cəlb edən Ulu Öndər Heydər Əliyev sonralar bu haqda deyirdi: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb”.

    Hələ 1992-ci il oktyabrın 24-də “Səs” qəzeti vasitəsilə ölkənin tanınmış 91 nəfər ziyalısının yeni partiyanın yaradılması ilə bağlı müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda!” devizi ilə cavab verən Heydər Əliyev dövlətimizin qarşısında dayanan həlli təxirəsalınmaz vəzifələri (ərazi bütövlüyü problemi və müharibə, dərin sosial-iqtisadi böhran, optimal kadr siyasəti, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın parçalanmasına yönəlmiş cəhdlər) müəyyənləşdirməklə, əslində, ümummilli siyasi manifesti elan edirdi: “Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur”. 
    Beləliklə, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi tarixini təşkil edən hadisələrin gərgin inkişaf dinamikasından və tarixi qanunauyğunluqdan doğaraq, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvə kimi meydana çıxdı. Konstruktiv müxalifət partiyası kimi təsis olunsa da, 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə hakim partiyaya çevrildi. Bu, “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasına xalqın böyük inamının təzahürü idi.  
    Ulu Öndər 1993-cü il iyunun 15-də xalqın təkidli tələblərindən sonra ölkədə rəhbərliyə qayıdaraq dərhal həyata keçirməyə başladığı böyük xilaskarlıq missiyasının əsas nəticələri müstəqil Azərbaycanın siyasi-iqtisadi, diplomatik uğurlarında öz əksini tapdı. Ümummilli Lider Heydər Əliyev öz sağlığında ölkəmizin qarşısında dayanan taleyüklü vəzifələrin böyük bir qismini həyata keçirdi, bəzilərini isə dövlətçiliyin varisliyi probleminin optimal şəkildə həlli ilə onların icrası yolunu dəqiq şəkildə göstərdi. 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində dahi lider artıq dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olunduğunu, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlinin qoyulduğunu, ölkə iqtisadiyyatının yenidən qurularaq inkişaf yoluna çıxarıldığını vurğulayır, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizin qurulduğunu və onun müstəqilliyinin dönməzliyinin təmin olunduğunu böyük qürurla bəyan edirdi. O qeyd edirdi ki, milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən müstəqil Azərbaycan dövlətinin qarşısında ən böyük və ciddi problem kimi dayanan ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Məhz bu mühüm vəzifənin həlli üçün üzünü xalqına tutaraq Azərbaycan dövlətçiliyinin yeganə inkişaf yolunu göstərirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 
    Ulu Öndərin müraciətinə yekdilliklə səs verən qədirbilən xalqımız düz 20 il əvvəl onun layiqli siyasi varisi İlham Əliyevi özünə Prezident seçməklə, bugünkü Azərbaycana – ölkə ərazisinin işğaldan tamamilə azad olunduğu, bütün ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızın dalğalandığı, 100 illik tarixi saxtakarlığa və 30 illik işğala son qoyularaq öz ərazisi üzərində konstitusiya quruluşunun tam bərpa olunduğu qüdrətli Azərbaycan dövlətinə səs verdi. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atan, 2023-cü il sentyabrın 19-20-də birgünlük lokal antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda məskən salmış terrorçu-separatçıları diz çökdürən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və onun böyük strateq və sərkərdə kimi başçılıq etdiyi şanlı Azərbaycan Ordusu müstəqillik dövrünün ən böyük problemini həll edərək mənfur düşməni torpaqlarımızdan qovdu – ərazi bütövlüyümüzü və torpaqlarımız üzərində tam suverenliyimizi bərpa etdi. Bu gün 50 milyonluq dünya azərbaycanlıları son üç ildə Azərbaycanın çoxminillik dövlətçilik tarixinin ən şanlı mərhələsini xalqımıza bəxş edən Azərbaycan Prezidentinə sonsuz ehtiramını və dərin minnətdarlıq hisslərini ifadə edir, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələrini əziz tutur. 
    Vətən müharibəsinin əsas nəticələrindən biri də bir əsr əvvəl erməni işğalı altına düşmüş qədim Azərbaycan torpağı olan Zəngəzur vilayətinin qərb hissəsindən keçəcək nəqliyyat kommunikasiyalarının – Zəngəzur dəhlizinin açılması perspektividir. Zəngəzur dəhlizi Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat qovşaqlarının əsas tranzit ölkələrindən birinə, Naxçıvan ərazisini isə mühüm beynəlxalq logistika mərkəzinə çevirəcəkdir. Dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi, dəhlizin ölkəmiz üçün yalnız nəqliyyat və iqtisadi deyil, daha çox strateji məsələ kimi əsas siyasi hədəfə çevrilib.
    Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllərini qoyduğu Azərbaycan dövləti bugünkü qüdrətinə son iki onillikdə böyük uğurlara imza ataraq nail oldu: ölkəmizdə ictimai-siyasi sabitlik dönməz prosesə çevrildi, davamlı sosial-iqtisadi yüksəliş təmin edildi, Azərbaycan dünyanın enerji siyasətində mühüm aktor və transmilli iqtisadi, nəqliyyat və strateji layihələri uğurla icra edərək regional aparıcı dövlət kimi çıxış etməyə başladı. Bir çox beynəlxalq təşkilatlarda ölkəmiz bu təşkilatların tribunalarından yalnız milli deyil, ümumbəşəri problemləri qabardan və onların həllinə can atan təşəbbüskar dövlətə çevrilərək, əvvəlcə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü, sonra isə bu təşkilatdan sonra dünyanın ikinci aparıcı təşkilatı olan Qoşulmama Hərəkatının 2019-2023-cü illər üçün sədri seçildi, Türk Dövlətləri Təşkilatının iki əsas qurucu və aparıcı dövlətindən birinə çevrildi. Dünyanın azsaylı kosmik dövlətləri sırasına qoşuldu, özünün multikultural və tolerant milli-mənəvi dəyərləri ilə beynəlxalq tədbirlərin mərkəzinə çevrildi və ən nəhayət, Silahlı Qüvvələrini müasir standartlara uyğun quraraq, ən ciddi döyüş tapşırıqlarını icra edəcək qüvvəyə malik dünyanın ən güclü 50 ordusundan birinə və özünün dinamik inkişaf edən müdafiə sənayesinə sahib oldu. 
    Əlbəttə, ölkəmizin qüdrətinin artması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya miqyaslı siyasi liderə çevrilməsi ikili standartların hökm sürdüyü, beynəlxalq hüququn işləmədiyi və ədalətin zəif olduğu bir zamanda bədxahlarımız tərəfindən asanlıqla həzm edilə bilmir. Bunun əsas səbəblərinə partiyanın 2021-ci il martın 5-də keçirilən VII Qurultayındakı yekun nitqində toxunan Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev eyni zamanda qarşıda dayanan əsas və dəyişməz milli vəzifəni müəyyənləşdirərək deyirdi: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”.
    Bu gün Naxçıvan Muxtar Respublikasında da sosial həyatın bütün sahələrində böyük uğurların əldə olunmasında başlıca səbəb Ulu Öndərin yoluna sədaqət və bu yolun böyük ehtiramla davam etdirilməsidir. Günü-gündən müasirləşən muxtar diyarımızda həyata keçirilən böyük quruculuq siyasəti, yaradılan ictimai-siyasi sabitlik, vətənpərvərlik dövlətə və Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına sədaqət hər bir azərbaycanlının həyat amalıdır. Belə ki, vətəndaşlar kütləvi şəkildə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulur, könüllü şəkildə Ulu Öndərin parlaq siyasətini dəstəkləyirlər.Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatında birləşiblər. Hazırda təşkilatın 57 551 üzvü vardır ki, onlardan da 25 757 qadın, 16 783 gəncdir. Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 863 nəfər yeni üzv qəbul edilib. Onlardan 764  nəfərini gənclər, 501 nəfərini isə qadınlar təşkil edir.
    Öz liderinin bütün çağırışlarına adekvat cavab verən, 700 min nəfərlik siyasi həmfikirlər ordusunu sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası artıq üçüncü ildir ki, öz yaradılışının ildönümlərini yeni, xalqımız və dövlətçiliyimiz üçün mühüm tarixi mərhələdə qeyd edir. Bu il isə ölkəmiz üçün, xüsusilə yubileylər ili kimi əlamətdardır. Yeni Azərbaycan Partiyası 2023-cü ilin ilk günlərindən Azərbaycan xalqının Ümummilli Lideri, partiyanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük ruh yüksəkliyi və təntənə ilə qeyd edir. Bundan başqa, bu il Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20-ci ili tamam olmuşdur. Nəhayət, yaşadığımız il Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu 30-cu ilini tamamlaması ilə də əlamətdardır. Partiya bütün bu yubileylər ərəfəsində özünün Azərbaycanın müstəqillik tarixi ilə həmahəng olan 31 illik siyasi tarixinə böyük qürurla yekun vurur, eyni zamanda müasir dövrün, dövlətçiliyimizin çağdaş inkişafının ortaya çıxardığı yeni çağırışlara, öz liderinin irəli sürdüyü siyasi vəzifə və tezislərə, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxtərəfli islahatlara, o cümlədən ölkəmizdə formalaşdırdığı yeni siyasi konfiqurasiyaya ən yüksək səviyyədə cavab verməyə hazır monolit qüvvə kimi dövlətçi missiyasını davam etdirmək əzmini nümayiş etdirir.
    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII Qurultayındakı giriş nitqində müəyyənləşdirdiyi başlıca milli məsələ, vətəndaş həmrəyliyini qoruyub saxlamaqla, üçrəngli ay-ulduzlu bayrağımızın əbədiyyətədək səmada dalğalanmasını təmin etməkdir: “...biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan Bayrağı daim yüksəklərdə olsun”.

Elman CƏFƏRLİ
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin Humanitar 
siyasət komitəsinin sədri

Nəşr edilib : 20.11.2023 18:55