AZ EN RU

İnkişaf naminə birlik, yaxud

  Qadınların VI Qurultayından təəssüratlar...

 Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Ulu Öndərimiz qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmasına hər zaman müstəsna əhəmiyyət verib. 

    Böyük dövlət xadimi həmişə Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini ən ali dəyər kimi qiymətləndirib. Bu siyasət qadınların hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşmasına yönəlmiş kompleks tədbirləri, o cümlədən qadınların hüquqi statusunun təkmilləşdirilməsini, onların sosial durumunun yaxşılaşdırılmasını, keyfiyyətli təhsillə təmin olunmasını, cəmiyyətdə ictimai mövqelərinin möhkəmləndirilməsini, siyasi həyatda daha fəal iştirakını və digər  prioritet vəzifələri ethiva edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qadın siyasətinin uğurlu təzahürlərindən biri Azərbaycan qadınlarının 5 ildən bir keçirilən qurultaylarıdır. Bu forumlar qadınların yaradıcı potensialının aktivləşdirilməsi və ictimai problemlərin müzakirəsində onların fəal iştirakının təmin olunmasına xidmət edir. Eyni zamanda keçirilən qurultaylar bir tərəfdən qadınların  öz gerçək istək və arzularının reallığa çevrilməsi yolunda meyar rolunu oynayırsa, digər tərəfdən, dövlətə müvafiq kommunikasiya vasitəsi kimi çıxış edir. Təsadüfi deyil ki, dövlətin gender siyasətinin bir sıra təməl sənədləri məhz belə forumlar ərəfəsində və ya bilavasitə ondan sonra qəbul edilib. İlk dəfə 1998-ci ilin 14-15 sentyabrında keçirilən müstəqil Azərbaycan Qadınlarının Qurultayı ölkəmizin ictimai-siyasi tarixində son dərəcə əlamətdar bir hadisəyə çevrilib. 
    Azərbaycan Qadınlarının I Qurultayında görkəmli şəxsiyyət Heydər Əliyev qurultayın Azərbaycanda qadın hərəkatının inkişafında əhəmiyyətini aşağıdakı sözlərlə ifadə edib: “Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar”.
    Bu gün əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklər dünyanın diqqətini çəkməkdədir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu qayğının ifadəsi olaraq oktyabr ayının 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ilinə həsr olunub. Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fəal qadınlarımız da iştirak ediblər. Keçirilən tədbirlə bağlı həmin xanımlardan bir neçəsinin təəssüratlarını sizinlə bölüşürük:
    Gülnar Səfərəliyeva, Naxçıvan Şəhər Məhkəməsinin hakimi  – 19 oktyabr 2023-cü il tarixdə Gülüstan sarayında Azərbaycan Qadınlarının VI Qurultayında iştirak etməkdən sonsuz dərəcədə qürurluyam. Ona görə ki, bu qurultay Azərbaycan Respublikasında qadın hərəkatının əsasını qoymuş Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilmişdi. Qurultayda Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin biz qurultay iştirakçılarına təbrik məktubu ünvanlaması dövlət qadın siyasətinin ölkə rəhbərliyinin daimi diqqətində olmasının başlıca göstəricisi idi. Bu gün əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə  bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklər dünyanın diqqətini çəkməkdədir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.  
    Azərbaycanın qazandığı misilsiz nailiyyətlərin əldə olunmasında, respublikamızda çoxşaxəli iqtisadiyyatın yaradılmasında, regionların inkişafı proqramının gerçəkləşdirilməsində, demokratik mühitin bərqərar olunmasında, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində Azərbaycan qadınlarının rolu, xidmətləri qurultayda bir daha vurğulandı, bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təqdirəlayiq fəaliyyəti diqqətə çatdırıldı. 
    Bir neçə ölkədən, o cümlədən qardaş Türkiyə Respublikasından nümayəndə heyətinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin qurultayda iştirak etməsi qurultayın əhəmiyyətini bariz şəkildə ortaya qoydu. Panel mövzularında qurultayın başlıca məqsədinin ölkəmizdə uğurla həyata keçirilən gender bərabərliyinin gerçəkləşdirilməsində aparılan islahatlar, hüquqi təhlillər, mövcud problemlər, qarşıya qoyulan məqsədlər və vəzifələr geniş şəkildə əhatə edildi.
    Yekunda biz qurultay iştirakçıları tərəfindən qətnamə qəbul edildi və 12 bənddən ibarət olan bu qətnamədə qeyd edilən məsələlərin icrasını təmin etmək məqsədilə işçi qrupun yaradılması qərara alındı.
    Qurultayda müzakirə edilən mövzulardan çıxarılan nəticələr bunu deməyə əsas verir ki, qadın problemlərinin həlli üçün peşəkar mütəxəssislərin bu prosesə cəlb edilməsi, qadınların hakimiyyətdə və idarəetmədə iştirak səviyyəsinin daha da yüksəldilməsi qadınlarımızın liderlik mövqeyinin möhkəmlənməsinə, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz potensialını tam reallaşdırmasına nail olmaq istiqamətində ardıcıl tədbirlər görülməlidir.
    Qurultaydan sonra məndə Azərbaycan qadınlarının fəallığının daha da artacağı, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolunun əhəmiyyətli dərəcədə yüksələcəyinə böyük inam yarandı. 
    Gülxanım Orucova –  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdir Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icraçısı: – Naxçıvan Muxtar Respublikasının ictimai, sosial, iqtisadi və mədəni həyatında xidmət göstərən qadınlarla birgə Azərbaycan Qadınlarının VI Qurultayında iştirak etmək mənim üçün çox qürurverici bir hiss idi. 
    Qurultayda Ulu Öndər Heydər Əliyevin əsas missiyası olan “Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə iştirak etdik.  Bu panellərdə vurğulandı ki, Azərbaycanda qadının statusu son bir neçə yüzillik ərzində çox böyük dəyişikliklərə məruz qalmışdır. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 
    Azərbaycan Qadınlarının VI Qurultayında informasiya-kommunikasiya və STEAM  sahəsində sürətli inkişafı nəzərə alaraq gənc qızlar və qadınların bu sektorda məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu sahəyə peşəkar marağın təşviq edilməsi, təhsilin bütün pillələrində fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi üçün təşəbbüs irəli sürülmüşdür. Əlbəttə ki, bir cəmiyyəti xilas etmək üçün qadınların təhsilli olması mütləqdir. VI Qurultayın Qətnaməsinə təhsil sahəsində bəndlərin salınması və  qəbul edilməsi məni bir təhsil işçisi kimi çox sevindirir. Muxtar respublikamızda erkən nikah hallarının minimuma endirilməsi və qızlarımızın təhsilə cəlbi gələcək nəsillərin daha sağlam, savadlı böyüməsinə geniş imkanlar açır. Bütün dünyada öz fədakarlığı, əzmi və iradəsi ilə hörmət qazanan cəsur qadınlarımızı təbrik edirəm.
    Tükəzban Quliyeva – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar siyasət və sosial məsələlər şöbəsinin aparıcı məsləhətçisi: – Azərbaycan Qadınlarının VI Qurultayı müxtəlif sahələrdə çalışan lider qadınları daha yaxından tanımaqla yanaşı, onların uğurlarına, həyat yoluna, təcrübələrinə nəzər salmaqda əhəmiyyətli rol oynadı. Qalib ölkəmizin ictimai fəal qadınları ilə bir araya gəlmək, müzakirələr aparmaq, cəmiyyətin, qadınlarımızın problemlərinin həlli istiqamətində olan təklifləri dinləmək məsuliyyətli olmaqla bərabər, qürurverici idi. Azərbaycan qadını hər zaman güclü olub, hər zaman fədakar, əzmli ana, sədaqətli dost, sirdaş, həyat yoldaşı, bacı olub. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman muxtar respublikada qadın hüquqlarının qorunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirib, əməli addımlar atıb. Azərbaycan qadını xoşbəxtdir ki, dövlət idarəçiliyində iştirak edir, siyasi qərarlar qəbul edir, ictimai fəaliyyətləri inkişaf etdirir, biznes layihələri həyata keçirirlər. Bu  qədər böyük işlər məsuliyyət və zəhmətlə həyata keçirildiyi üçün qadınlarımız cəmiyyətdə hörmət və nüfuz sahibi kimi tanınırlar. Ünsiyyət, təcrübə və bacarıqları sayəsində zirvələrə yüksəlirlər. Qeyd edim ki, qurultay  cəmiyyətdə qadınların siyasət, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq rolunun müəyyənləşməsi istiqamətindən faydalı idi.
    ...1998-ci ildən başlayaraq keçirilən qurultaylar bir tərəfdən qadınlarımızın ictimai-siyasi fəallığının yeni mərhələyə yüksəlməsinə yardım edirsə, digər tərəfdən, dövlətin özünün qadın siyasətini müəyyənləşdirməsinə, gender strategiyasının inkişaf etdirilməsinə və daha müvəffəqiyyətlə həyata keçirilməsinə şərait yaradır. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.10.2023 19:40