AZ EN RU

İnkişaf abidəsinə çevrilir məğrur duruşlu Sədərək

İnkişaf edən bölgələrimiz

        Alınmaz qaladı, əyilməz vüqar       Geyib şux libası olub gülüzar,
        İgidlər, ərənlər oylağıdır o.           Düşmənə ən ağır göz dağıdır o.


    Bəli, mübarizlik rəmzi, qürur, iftixar mənbəyi, inam, etibar yeridir, müasir tariximin vətənpərvərlik nümunəsi, xalqımın cəsarət, ləyaqət məktəbidir Sədərək. 1990-cı illərin ağrılı günlərinin ən ümdə şahidi, ümummilli liderimiz Heydər Əliyevin dühası, fenomenliyi, qəhrəman oğulların şücaəti, al qanı ilə, birlik, bərabərlik sayəsində yenilməzlik salnaməsi yazan Azərbaycanın qeyrət qalası, şərəf məbədidir o. 44 günlük Vətən müharibəsində Məmmədhəsən Sadiqli, Tağı Abdullazadə, Ərtoğrul Nadirli, Rüfət Gözəlov kimi qəhrəmanları ilə Böyük Qələbəmizə töhfələr verərək bir daha göstərdi tükənməyən əzəmətini, bitməyən qətiyyətini. Üzük qaşı kimi dörd bir yanını dövrələyən dağların vüqarından, dövlətimizin qüdrətindən, ordumuzun müzəffərliyindən, gecə-gündüz keşiyini çəkən oğulların hünərindən güc alan zəhmətkeş insanlarının yaratdığı bərəkət limanına, quruculuq, abadlıq, inkişaf abidəsinə çevrilir günü-gündən bu bölgəmiz. Vətənə sədaqət, yurda məhəbbət, el-oba təəssübkeşliyi nümunəsi kimi bugünkü və gələcək nəsillər üçün örnək olan məğrur duruşlu Sədərək əmin addımlarla irəliləyir yüksəliş, tərəqqi yolunda... 

Tarixin 2021-ci səhifəsinin quruculuq, abadlıq töhfələri...

Deyirlər, tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib çatmaq və gələcəyə getməkdir. Bu mənada, 5 minillik şəhərsalma mədəniyyəti, 98 muxtariyyət yaşı olan Naxçıvanın müstəqillik illərindəki inkişaf parametrlərini nəzərdən keçirdikcə uğur qatarının gələcəyə doğru necə sürətlə irəlilədiyi canlanır gözlərimiz önündə. İlbəil, sözün əsl mənasında, başdan-başa dəyişilir, gözəlləşir, müasirləşir, abadlaşır, unikal məkana çevrilir muxtar respublikamızın bütün şəhər və kəndləri. Ən ucqar bölgələrimizdən sayılan, düşmənin bir addımlığında yerləşən, yağılara gözdağı olan Sədərəyə göstərilən diqqət, orada yaşayan insanların həyat şəraiti üçün yaradılan imkanlar isə tamamilə nümunə səviyyəsindədir. “Abad el yolundan və suyundan bəlli olar” klassik deyimi Naxçıvan şəhərindən 80 kilometrdən artıq aralıda qərarlaşan Sədərəyin timsalında rayona üz tutan zaman həm yolboyu, həm də yetişdiyimiz ünvanda gördüklərimiz, şahidi olduqlarımız, sakinlərlə söhbətimiz zamanı əyani təsdiqini tapır...

    Tariximizin 2021-ci səhifəsi muxtar respublikamızın bütün bölgələri ilə yanaşı, Sədərək üçün də yeniləşməyə, yüksəlişə xidmət edən əlamətdar hadisələrlə yadda qaldı. Ən mühüm fakt isə, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 23 fevral tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Dəmirçi kənd inzibati ərazi dairəsinin Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilməsi oldu. Bununla da Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 hektar torpaq sahəsi həmin Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirildi. Bu dəyişiklik Sədərək rayonunun iqtisadi potensialının artması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşlara xidmətin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Qeyd edək ki, son illərdə Dəmirçidə əkinçilik və heyvandarlıq ən gəlirli təsərrüfat sahələrinə çevrilib, bu kənddə istehsal edilən növbənöv məhsullar təşkil olunan yarmarkalarda, festivallarda böyük alıcı marağına səbəb olur. Buna görə də yaxın gələcəkdə bu amilin rayonun ümumi inkişafına, daxili tələbatı ödəmək, xaricə ixrac baxımından iqtisadi potensialına öz təsirini göstərəcəyini əminliklə demək olar. 

    “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən ümummilli liderimizin amallarına sədaqətin növbəti ifadəsi ötən il martın 11-də Sədərək rayonunda Bayraq Meydanının istifadəyə verilməsi, meydanda İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə üçrəngli bayrağımızın qaldırılması ilə bir daha özünü göstərdi. Həmin mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi “Sədərək rayon kimi formalaşır, əhalinin yaşayışı yaxşılaşır, imkanlar artır. Dəmirçi kəndinin rayona birləşdirilməsi kadr və investisiya potensialını yaxşılaşdıracaq, rayonun gəlirlərini artıracaqdır. Bütün bunlar Sədərək rayonunun inkişafına xidmət edir. Burada qəsəbənin qurulması, su-kanalizasiya sistemlərinin çəkilməsi, əhalinin içməli su ilə təminatı, infrastrukturun yenilənməsi, əkinəyararlı olmayan torpaqların əkin dövriyyəsinə qatılaraq istifadəyə verilməsi muxtar respublika üçün əhəmiyyətli olan bu rayonun inkişafına səbəb olub” sözləri rayonun inkişaf siyasətinin necə dəqiqliklə işləndiyini, qurulan infrastrukturun çoxşaxəli olduğunu, bu ucqar bölgəmizə dövlətimizin hərtərəfli, diqqətlə yanaşmasının barizliyini bir daha təsdiqlədi.
    Ötən il rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının istifadəyə verilməsi oldu. Müasir üslublu binada ən yeni texnoloji avadanlıqların qurulması sədərəklilərin televiziya verilişlərinə keyfiyyətli şəkildə baxmalarının təmininə xidmət etməklə həm də  yeniləşmək, beynəlxalq standartlarla ayaqlaşmaq yönündə atılan çox uğurlu addımdır. Ümumilikdə, 2021-ci ilin nəzərəçarpan inkişaf göstəriciləri belə deməyə əsas verir ki, Sədərəkdə aparılan quruculuq, abadlıq tədbirləri bir sıra sahələri əhatə edib, yəni vahid plan üzrə çoxşaxəli `işlər görülüb. Statistik göstəricilərə əsasən ötən il rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 25 milyon 421 min 900 manat həcmində investisiya yönəldilib ki, bunun da 23 milyon 299 min 200 manatı və ya 91,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu tədbirlər çərçivəsində reallaşdırılmaq üzrə olan iri layihələrdən biri də Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin tikintisidir ki, bu da rayonun gələcəkdə iqtisadi inkişaf potensialının daha da artmasına böyük perspektivlər vəd edir. 
    Muxtar respublikamızın bu ucqar bölgəsinə son illərdə bir neçə dəfə üz tutduğumuzdan diqqətimizdən yayınmayan faktlardan biri də məskunlaşmanın artması, rayonun gözəlliyinə əlavə çalarlar qatan yeni yaraşıqlı evlərin salınmasıdır. Bu amil 2021-ci ildə də özünü ən bariz şəkildə göstərib, sakinlərin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə təsirsiz ötüşməyib, şəxsi vəsait hesabına, ümumilikdə, 6 min 658 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Ümumilikdə, Sədərəyin timsalında reallaşdırılan quruculuq, abadlıq işləri, eləcə də rayonun böyüməsi, böyük perspektivlərə malik layihələrin icrası baxımından 2021-ci ili yaddaqalan, əhəmiyyət kəsb edən bir il kimi xarakterizə etmək olar...

Aqrar sahədə canlanma iqtisadi potensiala güclü təsir göstərib... 

Muxtar respublikamızın əhalisinin, əsasən, kəndlərdə yaşamasını şərtləndirən əsas amillər sırasında şəhər həyatına xas olan sosial-mədəni infrastruktura çıxış imkanları ilə yanaşı, aqrar sektorda kompleks tədbirlər həyata keçirilib, əkilən, becərilən ərazilərin miqyası xeyli genişləndirilib ki, bu da daxili bazarda məhsul bolluğunun yaradılması ilə nəticələnib. 
    Muxtar respublikamızın bütün bölgələrinə xas əkinçilik mədəniyyəti Sədərəyin timsalında da özünü bariz şəkildə göstərir, hər il olduğu kimi, 2021-ci ildə də taxılçılığın aqrar sahədə payı nəzərəçarpan dərəcədə böyüyüb. Belə ki, 2021-ci ilin məhsulu üçün 2 min 283 hektar sahədə taxıl əkini aparılıb ki, bunun 835 hektarını buğda, 1448 hektarını isə arpa təşkil edib. Suvarma suyu ilə təminat, məhsuldar toxum, həmçinin gübrə sortlarından istifadə, eyni zamanda texnikaların vaxtlı-vaxtında əkin-biçin işlərinə cəlbi keyfiyyət və kəmiyyət baxımından müsbət nəticə verib, sahələrdən 8407 ton məhsul tədarük edilib. Bəhs olunan dövrdə 31 hektar dənli-paxlalılar əkini sahəsindən 75 ton, 54 hektar dən üçün qarğıdalı əkilmiş sahədən 412 ton məhsul yığılıb. Dənli-paxlalılarda orta hesabla hər hektardan məhsuldarlıq 24,2, qarğıdalıda isə 76,3 sentner olub ki, bu göstəricilər bir il öncəkini xeyli üstələyib. 2021-ci ildə rayonda tərəvəz və bostan bitkilərinin əkilib-becərilməsində də xüsusi canlanma müşahidə olunub, 384 hektar tərəvəz bitkiləri əkilmiş sahədən 3894 ton, 193 hektar bostan bitkiləri sahəsindən 2254 ton, 118 hektar kartof əkilmiş ərazidən 1396 ton məhsul toplanılıb. 2020-ci illə müqayisədə tərəvəzdə yığım sahəsi 3,5, yığılmış məhsul 8,3, məhsuldarlıq 4,6 faiz, bostanda tədarük sahəsi 0,5, yığılmış məhsul 1,8, məhsuldarlıq 1,2 faiz, kartofda yığım sahəsi 16,8, tədarük olunmuş məhsul isə 14,1 faiz çoxdur.
    Sədərəkdə əkinçiliyin inkişaf perspektivləri barədə söhbət açmışkən üzümçülüyü xüsusi vurğulamamaq mümkün deyil. Rayon sakinlərinin də bildirdiyinə görə, ta qədim zamanlardan bu məhsul Sədərəyin brendi olub, sovetlər dönəmində də ittifaq respublikalar bu məhsula böyük maraq göstərib, üzüm el-el, oba-oba dolaşaraq bu torpağa şan-şöhrət qazandırıb. Ölkə­miz dövlət müstəqilliyini bərpa etdikdən sonra da bu bölgəmizdə yetişən dadlı-tamlı üzüm sortları süfrələri bəzəyib və bu gün də rayonda məhsulun yetişdirilməsi ilə xüsusi məşğul olunur. 2021-ci ildə də bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılıb, yeni üzüm bağları salınıb. Nəticədə, ötən il barverən üzüm bağlarından 1546 ton məhsul yığılıb ki, bu da 2020-ci illə müqayisədə 2,2 faiz çoxdur. Həmçinin artım tempi özünü meyvəçiliyin ümumi inkişafında da göstərib, barverən meyvə bağlarından 612 ton məhsul toplanılıb.
    Sədərəkdə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının, eləcə də təbii məhsul istehsalının artımına yol açır. Bu müsbət tendensiya 2021-ci ildə də müşahidə edilib, 1 yanvar 2022-ci il tarixə rayonun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 4756 baş olub ki, bu da 1 yanvar 2021-ci illə müqayisədə 57 faiz və yaxud 1727 baş çoxdur. 2021-ci ildə rayonda diri çəkidə 475 ton ət, 1907 ton süd, 1 milyon 457 min yumurta, 22,9 ton yun istehsal edilib, 2020-ci illə müqayisədə ət istehsalı 1,7, süd istehsalı 1,4, yumurta istehsalı 1, yun istehsalı isə 1,3 faiz artıb. Heyvandarlıqdan söz açmışkən onu da xüsusi qeyd etmək olar ki, baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası muxtar respublikanın bütün bölgələri kimi, Sədərəkdə də yaxın gələcəkdə bu sahənin inkişafına yeni imkanlar açacaq. Kənd təsərrüfatının sadaladığımız bu və digər sahələri üzrə gedən inkişaf prosesləri, ümumilikdə, rayonda ötən il 21 milyon 961 min 700 manatlıq kənd təsərrüfatı məhsulunun istehsal edilməsi, bu göstəricinin 2020-ci illə müqayisədə 4,3 faiz çox olması, eyni zamanda son illərdə xeyli sayda yeni ailə təsərrüfatlarının formalaşması belə deməyə əsas verir ki, Sədərək növbəti illərdə daha böyük uğurları ilə muxtar respublikamızın iqtisadi potensialına töhfələr verəcək...
    “Füsunkar hüsnünün tamaşasına tələsən qonaqlarının sayı hər il daha da çoxalsın, daha da böyük, inamlı, uğurlu yollar fəth edəsən, daim belə dəyanətli, məğrur duruşunla düşmənin ürəyinə qor salıb, gözünə dağ olasan, əziz yurd yerimiz Sədərək” diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 03.02.2022 19:46