AZ EN RU

İngilisdilli Tibb ixtisasının açılması Naxçıvan Dövlət Universitetinin bu sahədəki kadr potensialının formalaşmasına böyük töhfə verəcək

    Ötən günlərdə qəzetimizdə Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası tələbələrinin qardaş Türkiyə Respublikasının bir neçə ali təhsil müəssisəsində keçdikləri istehsalat təcrübəsi və onların maraqlı təəssüratları barədə geniş məqalə dərc etmiş, bu sahədə kadr hazırlayan peşəkar alimlərimizin müsahibəsindən yola çıxaraq ali təhsil ocağında yaradılan geniş tədris infrastrukturu haqqında maraqlı söhbət təqdim etmişdik. Budəfəki yazımızda da Naxçıvan Dövlət Universitetinin gələcək uğurlarının təminatçısına çevriləcək ingilisdilli Tibb ixtisasının açılması barədə ali təhsil ocağının alimlərindən aldığımız geniş müsahibəni oxucularımıza təqdim edirik.  

    İlk müsahibimiz Naxçıvan Dövlət Universitetinin gənc alimi, tarix üzrə fəlsəfə doktoru, ali təhsil ocağının Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev diqqətə çatdırdı ki, universitetimiz nəinki ölkəmizin ali məktəbləri, həm də dünya universitetləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə tanınır. Təsadüfi deyildir ki, Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir olunmuş, klassik universitetlərlə müqayisə edilmiş, regionun elm və təhsil mərkəzlərindən biri kimi nüfuz qazanmışdır. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik sayılan bütün struktur bölmələr yaradılmış, ilk dəfə burada müxtəlif yeniliklər tətbiq olunmuş və onların səmərəli fəaliyyəti təmin edilmişdir. Bunu universitetin istər beynəlxalq əməkdaşlıqlarının daha dinamik olaraq davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda daha mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar.  
    Arzu Abdullayev ali təhsil ocağının son dövrlərdə qazandığı uğurlardan danışaraq deyir: – Naxçıvan Dövlət Universiteti 3 ildir ki, Böyük Britaniyanın “Times Higher Education”, “Impact Rankings” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən olunub. Universitetin tədris imkanlarının daha da etibarlı qaydada olmaqla şaxələndirilməsi, ixtisaslaşma proseslərinin təkmilləşməsi və ali məktəblərarası qarşılıqlı əməkdaşlıqlar mühüm məsələ olaraq müəyyən edilib. Eyni zamanda görüləcək işlər nəticəsində universitetlə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqların gücləndirilməsi, birgə proqramların təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların reallaşması üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qarşıya qoyulmuş əhəmiyyətli məsələlərdən biri də Naxçıvan Dövlət Universitetində ingilisdilli Tibb fakültəsinin, tibbi tədqiqat klinikasının yaradılmasından ibarət olacaqdır. İnkişafın hazırkı mərhələsində Naxçıvan Dövlət Universitetinin fakültələri üzrə tədrisi ingilis dilində olmaqla fənlərin tədrisinə başlanılıb və uğurlu nəticələr qazanılıb. Burada tibb sahəsindəki ixtisaslaşmanın da beynəlxalq təcrübəyə inteqrasiya olunması aktuallıq kəsb edəcəkdir. Belə ki, ali məktəbimiz tərəfindən 2023-2024-cü tədris ilindən etibarən ingilisdilli Tibb ixtisasına tələbə qəbulu elan edilib. 
    Arzu müəllimdən bu yeniliyin hansı prioritet məqsəd daşıdığını soruşuruq. Müsahibimiz cavabında deyir: – Dünyada qloballaşma gedir və bir sıra yeni innovativ, modern ixtisaslar yaranır. Bununla bərabər, ənənəvi ixtisaslar da qloballaşmanın bir hissəsinə çevrilir. İngilis dili artıq dünyanın əsas dillərindən biri kimi istifadə olunur. Təhsil ingilis dilində aparılan fakültələrin məzunları üçün gələcək iş perspektivləri daha asan, rahat olur. Onların işlə təmin olunma prosesləri çox sürətlə gedir. Belələri nəinki Azərbaycan sferasında, o cümlədən beynəlxalq şirkətlərdə, xarici ölkələrdə də işlə təmin edilmək imkanına sahib olurlar. Eyni zamanda ingilis dilində təhsil alan tibb tələbələrin bu ixtisas üzrə Avropanın müxtəlif universitetləri ilə ikili diplom layihələrini həyata keçirməyə, mübadilə proqramları əsasında xarici ölkələrdə təhsil almalarına, tədqiqat aparmalarına geniş imkanlar yaradılacaq. 
    Ali təhsil ocağının Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə ilə söhbətimizi davam etdiririk. Aidə xanım ilk olaraq ali təhsil ocağında yaradılan və ölkə universitetləri içərisində bir ilk olan SAT imtahan mərkəzi barədə məlumat verərək deyir ki, Naxçıvan Dövlət Universitetinin SAT qeydiyyat və imtahan mərkəzinin fəaliyyəti təkcə regionumuzda deyil, ümumilikdə, Azərbaycanın digər regionlarından və hətta qonşu ölkələrdən olan əcnəbi vətəndaşlar üçün də nəzərdə tutulub. Belə ki, bu mərkəz Amerika universitetlərinə, ümumilikdə, beynəlxalq təhsil arenasına açılan qapıları daha əlçatan edəcək və gənclərimizin arzularını reallaşdırmasına vasitə olacaqdır. 7 oktyabr 2023-cü il üçün SAT qeydiyyat və imtahan tarixi kimi müəyyənləşdirilib. Qeydiyyat 22 sentyabradək davam edəcək.
    Aidə xanım söhbətimizə davam edərək deyir: – Azərbaycan ali təhsil müəssisələri üçün ilk olan Naxçıvan Dövlət Universitetinin ingilisdilli Tibb ixtisasına qəbul həm yerli, həm də əcnəbi tələbələr üçün nəzərdə tutulub. Tədris prosesində müəllim kontingentinə olan tələbatı tamamlamaq məqsədilə xarici ali təhsil müəssisələrindən olan professorlar və mütəxəssislər dəvət olunub. Tibb ixtisasının ingilis dilində tədrisi həm xarici ölkə universitetləri ilə əməkdaşlıqların fərqli prizmada inkişafı, həm də məzunlarımızın daha peşəkar mütəxəssis kimi yetişmələri baxımından da əhəmiyyət kəsb edir. Gələcəkdə bu ixtisasın məzunlarının regionumuzla yanaşı, xaricdə fəaliyyətinin də şahidi olacağıq. Məqsədimiz beynəlxalq standartlara və keyfiyyət kriteriyalarına cavab verən peşəkar kadrlar yetişdirməkdir.  
    Müsahibimiz onu da diqqətə çatdırır ki, Naxçıvan Dövlət Universitetində SAT qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlaması, ingilisdilli Tibb ixtisasının açılması, növbəti illərdə isə yeni tibb kampusunun, tibbi tədqiqat klinikasının yaradılması 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında icrası nəzərdə tutulan prioritetlərdəndir. Məsələlərin həlli Dövlət Proqramında nəzərdə tutulan beynəlxalq əlaqələrin inkişafı, beynəlmiləlləşmə siyasəti kimi digər prioritetlərin icrasına zəmin yaratmış olacaq. İcrası nəzərdə tutulan məsələlər Naxçıvan Muxtar Respublikasının timsalında regionun, ümumilikdə isə Azərbaycanın, beynəlxalq əlaqələrimizin dinamik inkişafına təkan verəcəkdir. 
    Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, dosent Elsevər Əsədovla bu mövzuda söhbətimizi davam etdiririk. Elsevər müəllim bir daha ixtisasın yaranma zərurətini diqqətimizə çatdıraraq deyir ki, Naxçıvan Dövlət Universiteti 2023-2024-cü tədris ili üçün ilk dəfə olaraq ingilis dilində Tibb ixtisası üzrə tələbə qəbulu elan edib. İxtisas üzrə müsabiqədə həm ali məktəblərə qəbul imtahanlarının nəticələri əsasında yerli abituriyentlər, həm də universitetin hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr iştirak edə bilərlər. İngilis dilində Tibb ixtisası üzrə dərslər xarici dildə tədris üçün hazırlanmış yerli kadrlar və xaricdən dəvət olunan mütəxəssislər tərəfindən tədris olunacaq. Bu ixtisasda təhsil alan tələbələrin hər tədris ilinin sonunda universitetin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin, xüsusilə tədrisi ingilis dilində olan universitetlərin klinikalarında təcrübə keçmələri nəzərdə tutulur. 
    Elsevər müəllim deyir ki, Naxçıvan Dövlət Universiteti nəzdində yaxın zamanlarda müasir standartlara cavab verən Tibbi Tədqiqat Klinikası, Tibb fakültəsi, Stomatologiya fakültəsi, Tibb kolleci və bir sıra sosial infra­strukturu özündə cəmləyən yeni tibb kampusunun qurulması xarici dillərdə tibbi kadrların hazırlanması üçün geniş imkanlar yaradacaq və əsaslı baza rolu oynayacaq. İngilis dilində Tibb təhsili sonrakı təhsil səviyyələrində yüksək­ixtisaslı kadr kimi formalaşmaqda Avropa universitetlərində rezidentura və ya uzmanlıq təhsili üçün geniş imkanlar yaradacaq.
    Uzun illərdir ki, muxtar respublikamızda savadlı, bilikli kadrların hazırlanmasında böyük xidmətlər göstərən Naxçıvan Dövlət Universiteti artıq ölkə hüdudlarından kənarda da nüfuzlu təlim-tədris ocağı kimi tanınır. Onu da diqqətə çatdıraq ki, Naxçıvan Dövlət Universiteti, ötən günlərdə yayılan beynəlxalq xəbərlərə əsasən Webometrics Ranking of Word Universitiesin 2023-cü il sıralamasında 15-ci yerdə qərar tutub. Bu, ali təhsil ocağının dünya sıralamalarında qazandığı növbəti uğurlardan biridir. Universitetin əldə etdiyi hər bir müvəffəqiyyətə görə ürəkdən sevinir, kollektivi təbrik edir, daha böyük uğurlar arzulayırıq. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 31.07.2023 19:45