AZ EN RU

İngilis dilli müəllimlər Beynəlxalq TEFL Təlim İnstitutunun sertifikatı təqdim olunub

    Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində ingilis dilli müəllimlər üçün təşkil edilən beynəlxalq müəllimlik sertifikasiya kursu uğurla başa çatıb. Kursun sonunda müəllimlər beynəlxalq sertifikat əldə ediblər. Sertifikatları təqdim etmək üçün Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə ölkə meneceri Afar İbrahimov Naxçıvan Dövlət Universitetində olub. 
    Xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək bu cür təlimlərin ali təhsil ocağında ingilis dili üzrə bacarıqların möhkəmlənməsinə verəcəyi töhfələri diqqətə çatdırıb. 
    Qeyd edək ki, 3 gün davam edən təlimi Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə ölkə meneceri Afar İbrahimov keçib. Həmçinin ABŞ-ın TEFL Təlim İnstitutunun akademik direktoru, professor Gisela Kornejanın onlayn təlimi dinlənilib. 
    Məlumat üçün onu da bildirək ki, koordinatoru İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə olan təlimdə universitetin ingilis dili müəllimləri başda olmaqla qeyri-ixtisaslar üzrə ingilis dilində dərs deyən, ümumilikdə, 50 müəllim iştirak edib.
 

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 20.04.2023 20:34