AZ EN RU

İngilis dilini öyrənmək müasir dövrün başlıca tələbidir

    Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda ingilis dilinin öyrənilməsinə böyük maraq göstərilməsi təbiidir; bunun üçün hərtərəfli şərait yaradılır. Ölkəmizin ali təhsil müəssisələri sırasında önəmli yer tutan Naxçıvan Dövlət Universitetində ingilis dilində İqtisadiyyat və idarəetmə fakültəsinin tədrisə başlaması isə bu istiqamətdə görülən işlərin davamıdır. Fakültənin fəaliyyəti barədə dolğun məlumat almaq üçün Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov ilə həmsöhbət olduq.

    O bildirdi ki, dünyada ingilis dili keyfiyyətli təhsil və uğurlu karyera üçün bir çox prestijli şirkət və müəssisələrin əsas tələblərindən biridir. Qloballaşan dünyada ingilis dilini bilmək zərurət halını alıb. İqtisadiyyat üzrə təhsil alan tələbələrimizin həm ingilis dilini, həm iqtisadi bilikləri mənimsəmələri onları daha uğurlu gələcəyə doğru aparır.
    Müsahibimin sözlərinə görə, 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası üçün tələbə qəbulu həyata keçirilib. İxtisasa 12 yerli, 3 əcnəbi tələbə ilə tədrisə başlanılıb. Hazırda isə həmin ixtisasda 3 kurs üzrə 42 yerli, 4 xarici tələbə təhsilini davam etdirir. 2022-2023-cü tədris ilinin qəbul imtahanlarında yüksək bal toplayan (608) bir abituriyent bu ixtisası seçmişdir.
    Əşrəf müəllim deyir ki, tədris prosesi başlandığı müddətdən tələbələrdə ingilis dilinə marağı daha da artırmaq məqsədilə dərsdənkənar vaxtlarda ənənəvi və onlayn olmaq şərtilə ingilis dili məşğələləri həyata keçirilir. Dekanlıq tərəfindən “My free time”, “My future plans”, “The victory history of the independent Azerbaijan”, “Biznes trip”, “My economic vision” və digər mövzularda diskussiyalar və dəyirmi masalar təşkil edilir. Tələbələr müəllimlərin rəhbərliyi ilə ingilis dilində elmi-tədqiqat işlərinə cəlb olunur, iqtisadi mövzularda videotəqdimatlar nümayiş etdirilir. Bundan əlavə, bu ixtisasın tələbələri üçün Amerika Birləşmiş Ştatlarının Şimali İllinois Universitetinin professorlarının iştirakı ilə 2 dəfə 12 həftəlik təlimlər təşkil edilir.
    Tələbələrin tədris olunan fənləri daha rahat mənimsəmələri üçün fakültə kitabxanası ingilisdilli iqtisadi ədəbiyyatlarla zənginləşdirilib.
    Əşrəf Ələkbərov deyir ki, ingilis dili media sənayesinin əsas dili, həmçinin internet dilidir. Bunun üçün təhsilə ilk ayaq açdığımız zamandan, orta məktəb vaxtlarından etibarən bu dili daha yaxşı mənimsəməli, onun qrammatik xüsusiyyətləri ilə yanaşı, danışığı da mükəmməl səviyyədə öyrənməliyik.
    Digər bir həmsöhbətim isə Günel Vəliyevadır. 2019-cu ildə şəhərimizdəki 8 nömrəli tam orta məktəbin məzunu olan Günel xanım qəbul imtahanında 628 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub: – Bu peşəyə həvəsim hələ uşaq yaşlarımdan var idi. Belə ki, televiziya kanallarında ingilis dilində hər hansı xəbər və ya verilişə rast gəldikdə diqqətlə sona qədər izləyirdim. Bu dilin beynəlxalq dil, dünyanın, demək olar ki, hər yerində böyük əhəmiyyətə malik olması və çoxluq tərəfindən başa düşülməsi məndə ingilis dilini öyrənməklə yanaşı, öyrətmək istəyi də yaratdı. Daha ətraflı desək, istər təhsil və karyera, istərsə də dünyanı gəzmək, yeni dostlar qazanmaq, müxtəlif insanlar və mədəniyyətlərlə tanış olmaq kimi bir çox sahələrdə bu dilin rolu danılmazdır. Məlumdur ki, hazırda ölkəmizdə, o cümlədən dünyanın inkişaf etmiş dövlətlərində ingilis dilini bilmək işə qəbul olmaq istəyənlərin qarşısına qoyulan əsas tələblər sırasında yer alır. Məhz bunları nəzərə alaraq ötən ilin dekabr ayında IELTS imtahanında özümü sınamaq istədim. Nəticəm 7,5 bal oldu. 
    3-cü kursdan etibarən Heydər Əliyev adına tələbə təqaüdünə layiq görülməyim isə məni daha da qürurlandırır. Universitetin ictimai işlərində, tədbirlərdə iştirak etmək tələbəlik həyatımın ən maraqlı və yaddaqalan hissələrindəndir. Xüsusilə Universitet televiziyasında ingiliscə həftəlik “Xəbərlər” proqramını təqdim etmək məndə jurnalistika sahəsinə də böyük maraq yaratmışdır, – deyə müsahibim düşüncələrini bizimlə paylaşdı.  
    Mövzu ilə bağlı muxtar respublikamızın müəllim və şagirdləri ilə də həmsöhbət olduq. 
    Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması nəzərdə tutulub. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazir­liyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2023-cü il 25 iyun tarixli Qərarı isə bu istiqamətdə atılan ilk mühüm adımdır. Bunu ictimai-pedaqoji əhəmiyyəti barədə nə düşünürsünüz? sualına cavab olaraq – 40 ildir ki, 12 nömrəli tam orta məktəbin ingilis dili müəlliməsi olaraq fəaliyyət göstərən Gülbəniz Musayeva bildirdi ki, bu, təhsil sistemində Naxçıvan üzrə atılmış uğurlu addımlardan biridir. Naxçıvan şəhərindəki 3 nömrəli rusdilli tam orta məktəbin fəaliyyəti təqdirolunasıdır. Əminəm ki, ingilisdilli məktəb də gələcəkdə öz töhfəsini verəcək. Sirr deyil ki, dünyada ilk əsas kommunikasiya dili ingilis dili hesab olunur. Günümüzdə çoxları bu dili öyrənməyə can atır. Çünki bu dil bizə dünyaya hərtərəfli baxmaq imkanı verir. İngilis dilini bilmək istənilən sahədə həmin bilikləri zənginləşdirir və daha geniş məlumat almaq imkanı yaradır. Lakin verdiyi fayda bununla bitmir, eyni zamanda xarici dil öyrənməyin faydası beyin gücünü artırmasıdır. Daha dolğun ifadə etsək, yeni bir dil öyrəndiyiniz zaman beynin müxtəlif bacarıqları inkişaf etməyə başlayır. Yeni söz bazası öyrənmək zamanla beynin məlumatlararası əlaqə qurma, məntiqi düşünmə, bir problemi tez və effektiv bir yolla həll etmək kimi bacarıqlarını zənginləşdirir. 
    Digər müsahibimiz Naxçıvan Qızlar Liseyinin 11-ci sinif şagirdi Laçın Əlizadədir. Qızıl medala layiq görülən Laçın deyir ki, məktəbə başladığım ilk vaxtlardan ingilis dilinə maraq göstərmişəm. Ümumiyyətlə, dil öyrənmək hər birimizin həyatında mühüm rol oynayır. Mən ingilis dilini təkcə qəbul imtahanlarına görə deyil, həmçinin ölkəmizə səyahət edən turistlər ilə həmsöhbət ola bilmək və ya xarici ölkədə rahat ünsiyyət qura bilmək üçün hazırlaşıram. 
    Həmin liseyin şagirdi Gültəkin Məhərrəmli XI sinifdə oxuyur. O deyir ki, ingilis dilinin beynəlxalq dil kimi istifadəsi zaman keçdikcə daha da artır, çünki bu, bir çox ölkələrdə yeganə ünsiyyət vasitəsidir. Habelə ünsiyyət qurmaqdan əlavə müsbət tərəfləri çoxdur. Ümumi olaraq söhbətimizdən qənaətə gəlmək olur ki, Naxçıvan Qızlar Liseyinin şagirdləri ingilis dilinə böyük maraq göstərir və həyatımızdakı mahiyyətini dərk edirlər. 
    Sonda qeyd etmək istərdik ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən hərtərəfli uğurlu siyasətin bir qolu təhsil sisteminin yeniliklərlə zənginləşdirilməsidir. Belə yeniliklər isə ilbəil artır və töhfələrini verir. Muxtar respublikamızda yaradılacaq ingilisdilli məktəbdən də belə töhfələr gözləyirik.

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 06.07.2023 19:52