AZ EN RU

İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir

    İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına, ictimai həyatına təsiri qaçılmazdır. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə, insanların həyat tərzini əhatə edir. Bu gün insanlar informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Dünya bazarında elektron ticarətin rolunun artdığı dövrdə informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə ölkələr üçün də vacib amilə çevrilib. Çünki bu amil hərtərəfli inkişafa xidmət etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinə də öz təsirini göstərir. Son illərdə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində  uğurlar qazanılıb. 

    Muxtar respublikada kompleks inkişaf tədbirləri informasiya və rabitə sahəsini əhatə edir,  bu sahədə ardıcıl tədbirlər görülür. Yaşayış məntəqələrində Yeni Nəsil Telekommunikasiya sistemlərinin istifadəyə verilməsi, istifadəçilərin keyfiyyətli və sürətli internetlə təmin olunması, 4G mobil rabitə operatorunun fəaliyyətinin təşkili, dövlət televiziya və radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasının muxtar respublika ərazisində yayıma başlaması və sair tədbirləri bu sıraya əlavə etmək olar. Muxtar respublikanın 2022-ci ilin yanvar-noyabr aylarının statistikasına nəzər salsaq, görərik ki, informasiya və rabitə xidmətlərinin dəyəri 57 milyon 336 min 700 manat olub. Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 42 milyon 592 min 500 manat təşkil edib və bir il öncəyə nisbətdə 1,8 faiz artıb.    
    Ötən il “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri tərəfindən rabitəçi mütəxəssislərə seminar keçirilib. Onlar muxtar respublikada təqdim edilən internet xidmətlərinin dayanıqlılığının yeni nəsil texnologiyaları vasitəsilə təmin edilməsi istiqamətində beynəlxalq təcrübələrdə geniş istifadə olunan texnologiyalardan slayd və videomateriallar vasitəsilə rabitəçi-mühəndislərə geniş məlumatlar veriblər. Həmçinin ötən il Naxçıvan Dövlət Universiteti İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə “Ağbulaq” İstirahət Mərkəzində informasiya texnologiyaları üzrə BootCamp layihəsi keçirilib. Bu tədbirin  sürətlə dəyişən texnologiyalar dövründə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni öyrətmək baxımından mühüm rolu olub.   
    Muxtar respublikada informasiya və rabitə sahəsində görülən işlər davam etdirilir. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 12.01.2023 20:12