AZ EN RU

İnformasiya sahibi olan dövlət orqanları ilə tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi” mövzusunda tədbir keçirilib.
    Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov ölkəmizdə, o cümlədən muxtar respublikamızda informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində  həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar. 
    “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) – məhkəmədənkənar müdafiə mexanizmi kimi” mövzusunda Rəmzi Həsənov çıxış edərək Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirmələrinə nəzarətin həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.
    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) digər əməkdaşı Samir Tarverdiyevin “İnformasiya əldə etmək hüququnun təmin edilməsi” mövzusunda çıxışı dinlənilib. 
    Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan 
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 02.12.2022 19:45