AZ EN RU

İnformasiya sahibi olan dövlət orqanları ilə tədbir keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnformasiya əldə etmək azadlığı və hüquqi aspektlər” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Babək Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının  və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov və Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova informasiya əldə etmək hüququnun təmini və təbliği ilə bağlı həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə məlumat veriblər.
    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşlarından Rəmzi Həsənovun “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məhkəmədən kənar müdafiə mexanizmi kimi” və İsa Əliyevin “İnformasiya əldə etmək hüququ-konstitusion norma kimi” mövzularında çıxışları dinlənilib.
    Çıxışlarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi prosesindən bəhs olunub. Həmçinin informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması qaydası barədə tədbir iştirakçılarına məlumat verilib.
    Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 21:07