AZ EN RU

"İncəsənətin beşiyi-Naxçıvan" adlı sərgi təşkil olunub

"İncəsənətin beşiyi-Naxçıvan" adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub

Şərur Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin və məktəbdənkənar təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə "İncəsənətin beşiyi-Naxçıvan" adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

Şərur Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə bağlı Şərur Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı təsdiq olunub. "İncəsənətin beşiyi-Naxçıvan" adlı rəsm və əl işlərindən ibarət sərgidə məhz plana əsasən təşkil edilib.

Qeyd olunub ki muxtar respublikada bütün sahələrdə olduğu kimi, yaradıcı gənclərin məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Uşaqların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma sənəti üzrə peşə kursları təşkil olunur. Bunun da nəticəsində muxtar respublikada xüsusi istedadları ilə seçilən rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edənlərin sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə muxtar respublikanın 100 illiyinə dair nümunələr, Naxçıvan diyarının qədim tarixi, zəngin mədəniyyəti öz əksini tapıb. Sulu və yağlı boya ilə işlənən ümummilli lider Heydər Əliyevin tabloları ilə yanaşı dekorativ, tikmə, toxuma taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri, mis üzərində döymə, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri və bir-birindən maraqlı digər əl işlərindən ibarət sənət nümunələri maraqla qarşılanıb.
Ay­rı-ayrı rəsm və əl işləri muxtar respublika haqqında zəngin təəssürat yaradıb

Nəşr edilib : 08.05.2024 16:28