AZ EN RU

İncəsənət xadimləri konsertdən əvvəl təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb

Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb: – Bu gün Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr  olunmuş konsert proqramında iştirak edirik. Xalqımızın qəlbində daim yaşayan Ümummilli Lider Heydər Əliyev yaddaşlara əbədiyaşar lider olaraq həkk edilib.  Çalışacağıq ki, ifa etdiyimiz mahnılarla qonaqların zövqünü oxşaya bilək. Ulu Öndərin doğulduğu torpaqda belə bir konsert proqramında ifalar səsləndirmək qürurvericidir. Bu konsertlə doğma naxçıvanlılarla birgə Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yad edirik.  Bu gün burada olduğumuz üçün qürur hissi keçiririk. 
Fikirlərini bizimlə bölüşən digər müsahibimiz Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva  bildirdi: – Mən də bu tədbirdə böyük sevinc və qürur hissi ilə iştirak edirəm. Çünki bugünkü gözəl, abad və bütöv Azərbaycanın memarı məhz Ulu Öndər Heydər Əliyevdir. Onun 101 illiyi şərəfinə təşkil edilən bu tədbirdə olmaq mənim üçün fəxrdir. 
Keçirilən belə bir möhtəşəm tədbirdə iştirak etmək həm məsuliyyətli, həm də şərəflidir. Bu gün də sözləri Vahid Əzizə, musiqisi oğluma aid Ulu Öndər Heydər Əliyevə həsr olunan "Öndər"əsərini, səsləndirəcəyik. Biz xoşbəxt insanlarıq ki, bizə müasir Azərbaycanı hədiyyə edən bir insanın yubileyində ona ithaf olunan mahnıları da  ifa edirik.  Düşünürəm ki, dahi rəhbərin özünün  də dediyi kimi, nə qədər Azərbaycan var, O da var olacaq. Yüz deyil, yüzlərcə  il yolumuz Onun yolu olacaq. Çünki bu yol Vətən yoludur, bu yol azadlıq, müstəqillik yoludur. Bu, bütöv, qalib Azərbaycan yoludur. Bizsə Ulu Öndər Heydər Əliyevi sadəcə bu gün yox, hər gün hörmət, sevgi və ehtiramla yad edirik!

 

BÜLBÜL QULİYEVA

Nəşr edilib : 10.05.2024 20:35