AZ EN RU

İncə zövqlərin gözoxşayan harmoniyası - FOTOLAR

    Bir həftədir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında dahi öndərin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış həyata keçirilir. Sərgidə iştirak edən müəlliflər sırasında ahıl vətəndaşlar və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alıb. Belə sərgi-satışların təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərinin çoxəsrlik adət-ənənələrin gənclərə aşılanması, onların yaşadılmasıdır. Sərgiyə 431 müəllifin 10 787 adda əl işi çıxarılıb. Biz də Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışda iştirak edib əl işlərinin müəllifləri və buraya üz tutan qonaqlarla həmsöhbət olduq. Sərgi-satışda əl işlərinə maraqla baxan bir qonaq diqqətimizi çəkdi. Yaxınlaşaraq sərgi haqqında fikirlərini bizimlə bölüşməsini xahiş etdik. Bakı şəhərindən olan Ruslana Xətaizadə bildirdi ki, təşkilatçılıq və sərgilənən əl əməyi, göz nuru olan işlər onun çox xoşuna gəlib. Ən çox da işlərin təkrarsızlığı onun diqqətini çəkmişdi. Bakıya qayıdarkən ailə üzvlərinə və rəfiqələrinə naxçıvanlı xanımların hazırladığı əl işlərindən hədiyyə kimi də alıb aparacağını bildirdi. Müsahibimiz sonda onu da dedi ki, qadınların işlərinin bu cür dəyərləndirilməsi bir qadın olaraq onda xoş təəssürat yaratdı. 
    Digər müsahibimiz sərgi-satış üçün Bakıdan dəvət olunan müəllif Xuraman Səfərovanın dediklərindən: – 30 ilə yaxındır ki, muncuqlar hazır­layıram. Hər il bu cür sərgi-satışlarda yaxından iştirak edirəm. Bu gün burada təkcə hazırladığım qurama işləri, milli parçalardan çantalar, parça üzərində zəfər tariximizi əks etdirən görüntülərdən, müxtəlif ev aksesuarlardan ibarət nümunələr nümayiş olunur. Satış yüksək səviyyədə keçirilir və artıq əl işlərimizin müəyyən bir hissəsi satılıb.     
    Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi, Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan Mələkxanım Eyvazova söhbət zamanı bildirdi ki, sərgidə əl işləri nümunələrimizdən rəngkarlıq, boyakarlıq, heykəltəraşlıq, keramika, bədii tikmə, duzdan hazırlanmış aksesuarlar, vitraj nümunələri ilə birlikdə 100 ədəd əl işi göz oxşayır, alıcılar tərəfindən bəyənilir və hər kəsin də əl işlərinə qarşı xüsusi marağının olduğunu görürük. Sərgidə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin tələbələri də əl işləri ilə iştirak edir. Fakültə olaraq 100-dən çox əl işi nümayiş olunur. Sərgiyə böyük maraq göstərildiyindən danışan müsahibim sifarişlər də aldıqlarını deyir. Qonaqlar arasında Sabirabad rayon sakini Simarə Nadirova deyir ki, ilk dəfədir, bu cür sərgi-satışda iştirak edirəm. Burada nümayiş edilən əsərlər insanın zövqünü oxşayır. Mən də burada anamın sevdiyi mirvarilərdən alıb ona hədiyyə edəcəyəm. Həm də bir neçə əl işi alıb Naxçıvandan xatirə olaraq saxlayacağam. 
    Zərif toxunuşlarla hazırladıqları əl işlərini nümayiş etdirən xanımlarımız həm də onların hazırlanma prosesini sərgiyə gələn qonaqlara göstərirdilər. Müsahibimiz Vüsalə Novruzova ənənəvi olaraq təşkil edilən sərgi-satışda üç ildir ki, iştirak etdiyini dilə gətirir. Evdə hazır­ladıqları ilə yanaşı, sərginin gedişatında da müxtəlif növ əl işləri hazırlayır, hətta alıcılardan sifarişlər də götürdüyünü bildirir. Qonaqların əl işlərinə olan marağı onu daha çox həvəsləndirir, hazırladıqları əl işlərinin çeşid və sayını artırmağı düşünür. 
    Qeyd edək ki, 10 gün davam edəcək sərgi-satış oktyabr ayının 9-u yekunlaşacaq.

Bülbül Quliyeva
Aidə İBRAHİMOVA

Nəşr edilib : 06.10.2023 20:34