AZ EN RU

İncə ruhlu şəhidimiz

Lətif Oruc oğlu Əliyev

15.08.1995 – 27.10.2020

Mən bir şəhid anası kimi oğlumla fəxr edirəm. Lətif o qədər incə ruhlu bir bala idi ki... Məndən ayrı dura bilmirdi. Deyirdim ki, ay Lətif, bəlkə, iş elə gətirdi ki, çıxıb başqa yerə getdin. Mənsiz necə yaşayacaqsan? Bir gün gəldi dedi ki, ana, mən hərbçi olmaq istəyirəm. Dedim ki, oğul, özün bilərsən. Niyyətin hara, mənzilin ora. Qəbul olundu, iki ay kurs keçdi. Çox sevirdi hərbini, inanın ki, mən onu ömrüm boyu belə sevincli görməmişdim.

Altı ay xidmətdə oldu Lətif. Könüllü olaraq xüsusi təyinatlı qrupu seçmişdi. Müharibə başlayandan sonra zəng vurdu ki, ana, bizi Bakıya göndərirlər. Mən o zamana qədər müharibəni dərk edə bilmirdim. Dedi ki, ana, Gəncədə hadisə olub. Bizi göndərirlər oraları təmizləməyə. Uçub dağılan əraziləri düzəldəcəyik. Demə, oğlum məni sakitləşdirirmiş. Xəstə olduğum üçün istəmirdi mən narahat olam. 
Səhərisi gəlinə zəng vurdu Lətif (qardaşının yoldaşına). Dedi ki, bizi Beyləqana gətiriblər. Sonra bölünəcəyik. Mənə zəng vurmayın. Özüm sizə zəng vuracağam. Aradan iki gün keçdi. Zəng vurdu ki, meşədəyik, narahat olmayın, burada gözləyirik. Üç gün keçdi, Lətif yenə zəng vurdu, mənimlə danışdı. Çox da yaxşı danışırdı. Sonra dedi ki, ana, telefonu ver bacıma, onunla da danışım. Bacısına deyib ki, burada vəziyyət çox pisdi, biz mühasirədəyik, anama demə. Yaxşı ki, mühasirədən sağ-salamat çıxırlar. 
Sonuncu dəfəki zəngində dediklərini heç unuda bilmirəm. Dedi ki, ana, siz orada məndən ötrü narahat olanda mən də hiss edirəm. Narahat olmağa dəyməz. Yeməyimiz, içməyimiz yerində. Demək istəyirəm ki, heç bir çətinliyimiz yoxdur. Tezliklə istədiyimizi edəcəyik. Hamıya salam de. Bir az rahatladım. Sonra əlaqə kəsildi. Günlərlə Lətifdən zəng gəlmədi. Balamdan xəbər ala bilmədik. Günlər sonra balamın şəhid xəbəri gəldi. Oğlumun da, digər şəhidlərimizin də ruhları şad olsun.

Nəşr edilib : 29.04.2024 14:03