AZ EN RU

İncə ruhlu şair

    Azərbaycan və Türk dünyası ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavad Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafındakı müstəsna rola malikdir. Məhz bu mühüm amili nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Qüdrətli söz ustadı və istiqlal şairi Ə.Cavadın 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında təntənəli keçirilməsini təmin etmək məqsədilə Ali Məclisin Sədri tərəfindən “Tədbirlər Planı” təsdiq edilmişdir. 
    Əhməd Cavad yaradıcılığının əsl tədqiqi respublikamız müstəqilliyini bərpa edəndən  sonra başlanmışdır. Sovet dövründə radioda Sara Qədimovanın ifasında səslənən “Göy göl” mahnısından indi hamının əzbər bildiyi aşağıdakı bənd şeirin müəllifinin incə duyum tərzini bəyan edirdi:
    Kəsin eyş-nuşi, gələnlər, susun,
    Dumandan yorğanı, döşəyi yosun.
    Bir yorğun pəri var, bir az uyusun –
    Uyusun dağların maralı Göy göl.
    1919-cu ildə 27 yaşlı Əhməd Cavadın yazdığı “Azərbaycan, Azərbaycan” şeiri özündən sonra yazılacaq bütün “Azərbaycan” şeirlərinə bələdçilik edəcəkdi...
    Dağlarının başı qarlı,
    Sinəsi yaşıl ormanlı!
    Dərələrin şirin barlı,
    Azərbaycan, Azərbaycan!

        Durna gözlü bulaqların,
        Cənnət kimi yaylaqların!
        Geniş-geniş oymaqların,
        Azərbaycan, Azərbaycan! 
    Və nəhayət:
    Qayaların əlvan mərmər!
    Belində var qızıl kəmər!
    Bir yanında Bəhri-Xəzər!
    Azərbaycan, Azərbaycan!
    Əhməd Cavadın bir çox şeirlərinə mahnı bəstələnmişdir. “Çırpınırdın Qara dəniz”, “Şükriyyəm üçün”, “Gəncədən gəlirəm”, “Sən ağlama” şeirləri və indi hamının əzbər bildiyi “Milli marş” bu qəbildəndir: 
    Bir gülsən, dərmişəm gənclik bağından,
    Bir gülü-çiçəyi dərmərəm sənsiz!
    Kam aldım ömrümün oğlan çağından,
    Bir bağa-bağçaya girmərəm sənsiz!
    
        Şükriyyə taleyim, şükür Xudaya!
        Gördüyüm doğrumu, yoxsa pək röya?
        Dolub ürəyimə bir dadlı xülya,
        Şirin günlərimi sürmərəm sənsiz!
    Məhz bu şeir Şükriyyə xanıma bir hədiyyə olmuşdur. Repressiyaya uğramış şairlərin həyat yoldaşlarına təklif edirdilər ki, “xalq düşməni” olan ərindən boşansın, əks-təqdirdə onu da həbs edəcəklər. Şükriyyə xanım 8 illik həbsi seçmiş, ancaq Əhməd Cavaddan boşanma ərizəsi yazmamışdır. “Gözüm yoldadır” və bir sıra şeirlər də Şükriyyə xanıma ithaf olunmuşdur.
    “Sən ağlama” şeirində də incə şair ruhu özünü göstərir:
        Bən deyən yox, fələk deyən oldusa, 
        Əsdi yellər, gül yanağın soldusa, 
        Dərd əlindən ala gözlər doldusa,
        Sən ağlama, bən ağlayım, gözəlim!
    Əhməd Cavadın “Bayatılar”ı bir kitab həcmindədir. Bu bayatılar tamamən xalq üslubundadır:
        Aşiqəm, gül alanda,
        Gül bitər Gülalanda.
        Şükri yadıma düşər,
        Əlimə gül alanda.
    Qızı Almasa şair bir neçə şeir həsr etmişdir. Onlardan biri dərdin-ələmin ən incə poetik təsviridir. Bu şeir atanın öz qızını ölümün cəngindən xilas edə bilməməsini poetik dillə bəyan edir:
    Qüdrətim olsaydı, yaza bilsəydim,
    Bir kağız üstündə bu dərdi, qızım!
    Sənin müsibətin mənim dərdimdən,
    Neyləyim ki, qat-qat betərdi, qızım!

        Məktəb bacıların gələndə, zatən,
        Can verən sən idin, canı çıxan mən!
        Sən çıxıb gedərkən taza aləmdən,
        Mənim alnımdakı nə tərdi, qızım!
    “Can verən sən idin, canı çıxan mən”, “Toyuna aldığım xınam ağladı, Mənə qara daşlar gül verdi, qızım!” kimi ifadələr dərdin dözülməz qatını ifadə edir. “Qızım üçün” şeirində də qızının həyatını incə boyalarla təqdim edir: “On dördündə döndün ondördlük aya, Artıq gözəlliyin gəlməzdi saya” kimi ifadələrlə taleyi sönmüş qızının xatirəsini əzizləyir. 
    “Dan ulduzu” şeirini yazanda şairin 22 yaşı olub:
        Bu qaranlıq gecə nə qədər sürdü,
        Yetiş imdadıma, ey Dan ulduzu!
        Barı sən gəl, mənə yuxu gəlmədi,
        Yetiş fəryadıma, ey Dan ulduzu!
`    “Qurban olduğum”, “Şeirim”, “Dərdim”, “Şəhidlər”, “Nədən yarandın”, “Yazım gəl”, “Gəlsəm hey...”, “Kölgəm ilə mən” və bu kimi onlarla şeir Əhməd Cavad poeziyasının inciləridir.
    Şairin “Novruz şeirləri” silsiləsindəki “Böyük çillə”, “Kiçik çillə”, “Xıdır Nəbi”, “Yel Baba”, “Qarının borcu”, “Boz ay” kimi şeirləri etnoqrafik məzmun kəsb etdiyi kimi həm də uşaqların tərbiyəsinə poetik cığır salır.
    Gəncədə təhsil illərində böyük Hüseyn Caviddən aldığı dərs onun ömür yoluna təkcə poetik işıq yox, həm də mərdlik dərsi olmuşdur. “Cavad” adının ifadə etdiyi saflıq “Cavid” adındakı əbədiliklə üzvi şəkildə qovuşmuşdur. Bu gün Şəmkir şəhərində ustad Üzeyir Hacıbəyovla Əhməd Cavadın bərabər heykəli milli monumentallığın poetik rəmzidir.
    Yazımızı nikbin notlarla qurtarmaq üçün şairin “Gəncədən gəlirəm” şeirindən bir-iki yarpaq yada salaq:
    Gəncədən gəlirəm, yüküm xurmadı,
    Gəncənin yolları burma-burmadı.
    Gəncədə bir qız var teli durnadı –
    Günəşə sən çıxma, mən çıxım deyir.

        Gəncədən gəlirəm, sözə bənd olub,
        Gəncənin meyvəsi şəkər-qənd olub.
        Gəncədə bir qıza gözüm bənd olub –
        Cavada sən baxma, mən baxım deyir.
    “Əsrinin ögsüzüdür dahilər”, – demişdi böyük Cavid. Zaman hər şeyin ölçüsü oldu. Əhməd Cavad unudulmadı, yenidən daha incəliklə tədqiq edildi. 2018-ci ildə “Xatirə ədəbiyyatı” silsiləsindən buraxılmış “Əhməd Cavad haqqında xatirələr” kitabı şair haqqında yaxınlarının, doğmalarının ən səmimi sözləridir.

Seyfəddin Eyvazov
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 27.07.2022 21:24