AZ EN RU

İnanırıq ki, Naxçıvan bundan sonra da belə beynəlxalq səviyyəli yarışlara, olimpiadalara uğurla ev sahibliyi edəcək

    Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu maraqlı, rəngarəng və yaddaqalan tədbir iştirakçılarının muxtar respublikamızın tarixi abidələrinə, mədəniyyət müəssisələrinə, məşhur turizm obyektlərinə maraqlı ekskursiyaları da təşkil olunur. Şahmatçılar oktyabrın 6-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. 
    Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvanın qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Naxçıvan şəhərinin cənub-şərqində yerləşən bu tarixi abidənin inşa tarixi 632-652-ci illərə aid olunur. Burada yaradılan muzeyin fondunda 500-dən çox eksponat vardır. Həmin eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. 

    Qeyd olunub ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlərboyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir. 
    Biz də ekskursiya çərçivəsində qonaqlarla həmsöhbət olduq:
    Zeynəb Məmmədyarova (Azərbaycan-Sumqayıt komandasının kapitanı): “İlk dəfə 2002-ci ildə Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanmışdım və şahmata hər zaman böyük marağı olan muxtar respublika rəhbəri bizi ailəlikcə Naxçıvana qonaq dəvət etmişdi. O vaxtdan 20 il keçib və bu müddət ərzində bir neçə dəfə Naxçıvana gəlmişəm, hər səfərimdə böyük dəyişikliklərin şahidi oluram. Burada yeni şahmat məktəbləri inşa edilib, məşqçi-müəllimlər hazırlanıb. Bunun nəticəsidir ki, muxtar respublikada yeni qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları və hakimləri yetişməkdədir. Burada şahmata böyük diqqətlə yanaşılır, orta məktəblərdə şahmat fənni tədris olunur. Bunlar çox təqdirəlayiq, sevindirici haldır. Naxçıvanda ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq şahmat festivallarında, ötən il ilk dəfə təşkil olunan qadınlar arasında Azərbaycan çempionatında iştirak etmişəm. Bu tədbirlərə, yarışlara gələrkən hər dəfə mükəmməl təşkilatçılıq, qonaqpərvərlik bizləri valeh edir, hər zaman yüksək səviyyədə qarşılanırıq. Hətta xarici ölkə­lərə gedərkən belə şahmatçılar Naxçıvanda təşkil olunan yarışlardan danışır, yenidən keçiriləcəyini soruşurlar. Sevindirici haldır ki, əcnəbi şahmatçılar məhz Naxçıvanda keçirilən yarışlarla maraqlanırlar. Bu olimpiada da çox gözəl, yüksək peşəkarlıqla təşkil olunub, hər bir ölkə, iştirakçı, qonaq burada özünü rahat hiss edir və razıdır. Belə mötəbər yarışın muxtar respublikada təşkili həm də uşaq və yeniyetmə şahmatçıların inkişafına böyük təsir göstərir. İnanıram ki, qarşıdakı illərdə Naxçıvan dünya və Avropa çempionatlarına da ev sahibliyi edəcək və etmək gücünə də malikdir”.

    Maqu Viki  (Cənubi Afrika Respublikası komandasının kapitanı): “Biz şəhərinizi çox bəyəndik. Naxçıvan mənim gördüyüm ən təmiz şəhərlərdəndir. İnsanlarınız qonaqpərvərdir. Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Cənubi Afrikadan üç qrup şəklində olimpiadada iştirak edirik. Burada şahmat üzrə güclü ölkələr yarışır. Naxçıvan mübarizə etmək üçün ən yaxşı yerdir və biz burada çox əylənirik. Qarşıda bir neçə raund var və komandamız üçün yaxşı olacağına inanıram. Qəzetiniz vasitəsilə təşkilatçılara minnətdarlıq edirəm”.
    Abu Sufyan Şakil (Banqladeş komandasının kapitanı): “Burada iştirak etmək bizim üçün çox xoşdur. Çətin rəqiblərə qarşı oynayırıq. Oyunlar davam edir, bizim hələ də şansımız var. Naxçıvan yaxşı dizayn olunmuş və təmiz şəhərdir. Əsasən də, insanları çox istiqanlıdırlar. Gəzdiyimiz yerlər bizdə Naxçıvan haqqında kifayət qədər müsbət fikir formalaşdırdı ki, buranın tarixi zəngindir və tarixi abidələr diyarıdır. Onu deyə bilərəm ki, Naxçıvan, həqiqətən də, cənnətdir”. 
    Praşat Çintaka (Şri-Lanka komandasının kapitanı): “Naxçıvanda  çox gözəl tarixi yerlər vardır. Onların çoxunu gəzdik. Könüllüləriniz burada bizə dəstək verir və gəzdiyimiz yerlər barədə məlumatlandırırlar. Olimpiada sürətlə davam edir. Oyunçular çox güclüdürlər. İki oyun udub, iki oyun uduzmuşuq. Bir oyunda bərabərə qalmışıq. Bura qalibiyyət üçün gəlmişik. Biz rəqiblərimizlə ciddi mübarizə aparırıq. Mən kimin qalib olacağını indidən təxmin edə bilmirəm. Lakin ehtimal edirəm ki, Azərbaycanın əsas komandası, Özbəkistan və Türkiyə komandalarından biri sonda olimpiadanın qalibi olacaq”. 
    Xodani Nvisdo (Cənubi Afrika komandasının məşqçisi): “Mənim Vətənim Azərbaycandan çox uzaqda, Afrika qitəsində yerləşir. Belə maraqlı və rəngarəng tədbirdə iştirak etdiyim üçün çox sevinc­liyəm. Naxçıvan haqqında o qədər də geniş məlumatım yoxdur, amma ekskursiya etdiyimiz yerlərdən məlum olur ki, bu şəhər çox qədim dövlətçilik ənənələrinə malikdir. İnsanları qonaqpərvər və mehribandır. İştirak etdiyimiz yarış isə çox gözəl təşkil olunub. Qısa zaman müddətində ekskursiyalar etdiyimiz yerlərdə bizə çox maraqlı məlumatlar verirlər. Mənim diqqətimi daha çox “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan eksponatlar çəkdi. Burada tarixin ən qədim dövrlərindən olan saxsı qablar, müxtəlif məişət əşyaları nümayiş olunur. Bu da Naxçıvanın Azərbaycanın necə qədim bir diyar olduğundan xəbər verir. Ümid edirəm ki, belə beynəlxalq tədbirlərin davamı olacaqdır və bizlər tanınmış şahmatçılarla yarışmaq fürsətini bir daha qazana biləcəyik. Mən bütün məşqçi yoldaşlarım, olimpiada kollektivi adından yüksək təşkilatçılığa görə minnətdarlığımı bildirirəm”. 
    Rumi Runa (Malayziya komandasının oyunçusu): “10 yaşım var. İndiyədək oynadığım oyunlarda Gürcüstana qalib gəlmişəm. Bizim komandamız oyunlarda maksimum 4 xal qazanıb. İran, Türkiyə və Hindistanın oyunçuları çox güclüdürlər və hazırda  rəqabətli bir oyun gedir. Rəqiblərimə uğurlar arzulayıram”.
    Ruminin valideyni Melisa Rizel söhbətimizə qoşularaq deyir ki, oğluna dəstək vermək üçün Naxçıvana gəlib: – Naxçıvan yaşadığım yerdən çox fərqlənir. Paytaxt şəhər Kuala Lumpurda o qədər hündür binalar var və çox sıx yerləşib ki, oranın təbiətindən və ətrafdan həzz ala bilmirik.  Naxçıvanda hər yer o qədər açıqlıqdır ki, dağları və ətrafı aydın görə bilir, gözəl təbiətinizi hiss edirik. Burada mənə maraqlı gələn  yerlərdən biri də Duzdağ oldu. Oğlumun bronxial-astma xəstəliyi var və eşitmişəm ki, ora belə xəstəliklər üçün çox faydalıdır. Yarışlar barədə onu deyim ki, gözəl gedir və Ruminin rəqiblərinə qalib gələcəyinə inanıram. Bir valideyn kimi burada iştirakımdan, yüksək qonaqpərvərlikdən və təşkilatçılıqdan çox məmnunam. 
    Paulo Ernandes (Meksika komandasının oyunçusu): “Artıq bir neçə gündür ki, Naxçıvandayıq. Buraya maraqlı və yaddaqalan yarış üçün gəlmişik. Olimpiadada iştirak edən hər bir yarışçı qalib olmaq, birincilik qazanmaq arzusundadır, elə mən də. Yarışlar çox ədalətli və obyektivdir. Naxçıvanlıların bizi qarşılaması, bizimlə yaxından və qonaqpərvər rəftarı bizi çox sevindirir. Mənim Vətənimlə Azərbaycan mədəniyyəti arasında gözəçarpacaq dərəcədə fərq var. Lakin mən burada olduğum müddətdə bunu heç bir halda hiss etmirəm. Yarışın gedişatından, burada olduğumuz zaman müddətindən zövq almağa çalışıram. Olimpiadanın bir digər müsbət cəhəti də ondan ibarətdir ki, dil ayrı, irq ayrı insanları bir yerə toplamaqla həm sosiallaşmanı təmin edir, həm də yarışın maraqlı keçirilməsinə öz töhfəsini verir. Burada hər bir iştirakçı qalib gəlmək arzusundadır, Vətəninə müvəffəqiyyət qazanmış şəkildə dönmək istəyir. Hələ qarşıda bizi neçə maraqlı və çətin, bir o qədər də ədalətli yarışlar gözləyir. İnanıram ki, mən də bir çox iştirakçılar kimi uğur qazanacağam”. 
    Çebotari Stanislav (Moldova komandasının oyunçusu): “Naxçıvanda olduğum bu qısa zaman müddətində yeni insanlar tanıdım, Azərbaycan mədəniyyətini yaxından gördüm. Çox yaxşı və səmimi insanlarla əlaqə qurdum, yarışlarda da fəal iştirak etdim. Bu zamana qədər cəmi dörd yarışa qatılmışam, onlardan ikisi müvəffəqiyyətlə yekunlaşıb, ikisində isə məğlub olmuşam. Yarışların təşkilatçılığına söz ola bilməz. Naxçıvana yeni gəldiyim üçün o qədər də zəngin və ətraflı təəssüratım yoxdur, lakin yarışaqədərki zaman müddətində bizi Naxçıvanın gəzib-görməli yerlərinə aparırlar, tarixi, mədəni ocaqlara ekskursiyalar edirik. Bu həm Naxçıvanın tarixini öyrənməkdə, həm də fərqli dünyagörüşləri dərk etməkdə mühüm rol oynayır. Onu da qeyd edim ki, təmsilçisi olduğumuz şahmat idman növü, demək olar ki, dünyanın bir çox nüfuzlu ölkəsində sevilir və seçilir. Şahmat oyununun insanlar arasında, ələlxüsus, gənc yeniyetmələr arasında yayılması çox vacib məsələdir. Naxçıvanda bunun üçün hər bir şəraitin olduğunu gördük və çox sevindik. İnanırıq ki, Naxçıvan bundan sonra da belə beynəlxalq səviyyəli yarışlara, olimpiadalara uğurla ev sahibliyi edəcək”. 

Ceyhun MƏMMƏDOV
Güntac ŞAHMƏMMƏDLİ 
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 06.10.2022 20:44