AZ EN RU

İnam, səmimiyyət, qalibiyyət...

İnsana xas olan ən gözəl, nəcib sifətlərdən biri də boyasız səmimiyyətdir. Səmimi hisslər, səmimi ünsiyyətlər, səmimi insanlar olmasaydı, yəqin ki, dünya məhvərindən qopardı. Axı dünya səmimiyyətdən yaranan sevgi üzərində qurulub. İnsanın ən ali keyfiyyətlərindən biri, bəlkə də, birincisidir, səmimiyyət... Səmimiyyət qəlbin aynasıdır, o, ilk növbədə, özünü insanın mənəvi dünyasına nüfuz edən nur timsalında göstərir. İnsana xas bu keyfiyyət mənəviyyatın kompasıdır, o yolla gedənlərin həyatı gözəlliklərlə süslənir. Səmimiyyət əxlaqdır, onu duymaq, hiss etmək çətin deyil.  Onun daşıyıcısı tutduğu mövqedən asılı olmayaraq, istinad yeri, nümunə olur. Səmimiyyət mehribanlıqdır, ülfətdir. O, olan yerdə rahatlıq, firavanlıq var. Səmimiyyət mədəniyyətdir, O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur. Səmimi olan insan düzgünlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir. Səmimiyyət bütün insani duyğuların anasıdır.

Səmimiyyət qədər insanı kütlələrə qəbul etdirən, sevdirən ikinci bir vəsilə yoxdur.  Səmimiyyət olan yerdə sevgi olur, etibar olur, inam olur. Gələcəyə ümid olur. Mehriban xanım Əliyevanın da dediyi kimi: “İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xarüqələr yaratmağa qadirdir”.

Bəli, elə gündən-günə abadlaşan, bütövləşən canımız, qanımız doğma Azərbaycanımızın üzərindən qara buludları da inam və səmimiyyət işığı dəf etdi, ulu diyarımız bu işıqla nura boyandı.  Bu gün Azərbaycan səmimiyyətə söykənən yolu tutub irəli gedir. Ölkəmizin qazandığı uğur və nailiyyətlərin əsas meyarı da elə səmimiyyətdir. Azərbaycanın qazandığı uğurların sə­bəblərindən danışan Prezident cənab İlham Əliyev də bunu çıxışlarında bir daha təsdiq edir: “...Biz hər zaman qardaşları­mız ilə münasibətlərimizdə ədalətli olmu­şuq. Uğurumuzun səbəbi bundadır. Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır”.

Bəli, səmimiyyət həm də qalibiyyətdir, ədalətdir, dostluqdur, qardaşlıqdır. Müzəffər liderimizi də təkcə xalqına deyil, bütün dünyaya sevdirən səmimi niyyəti, xoş məramıdır. Ölkə başçımızın səmimiyyətdən doğan səadət, məhəbbət, ədalət, sədaqət kimi ülvi dəyərlərini bəzən bir sözdə, bəzən bir andda duymuşuq. Bəzən bir görüşdə, bəzən bir baxışda hiss etmişik. Biz xalq olaraq söz ilə əməlin vəhdətini cənab Prezidentimizin timsalında görmüşük.

Elə yaxın günlərdə Prezidentin Zəngilan səfərindən olan səmimi görüntüləri  xalq olaraq hər birimizin qəlbini riqqətə gətirdi. Həmin görüntülərdə alilik xüsusiyyətini insana tutduğu mövqe yox, o ucalığa layiq olan insanın özü qazanır, fikri bir daha öz təsdiqini tapdı.

Prezidentin Zəngilan mənzərələrini qürurla izlədiyi fotolarda yolçəkən baxışları sanki deyirdi ki, könüldən-könülə aşina olan bu yollar arzu, murad, niyyət yoludur, inam, etibar, səadət yoludur. Hələ bu yollarda neçə-neçə arzular çiçək açacaq. Arzular qanadlandıqca bu yerlər gülüstana qərq olacaq... Bu yollar necə də əzizdir, necə müqəddəsdir bizə... Bu yollar birləşdirdi bizi, bütövləşdirdi, bütöv Azərbaycana çevirdi. Bu yolları xalq olaraq üzümüzə açan elə ölkə başçımızın səmimi görüşlərdən başlayan qətiyyəti, ədaləti oldu. Nə qədər enişli-yoxuşlu olsa da, bu yollar Azərbaycana Böyük Qələbə gətirdi.

Azad Zəngilanın gözəl mənzərələrini izlədikcə qəlbində sevinc hissi coşub-daşan əziz Prezidentimizin səmimiyyətdən doğan sevgisi ilə o müqəddəs torpaqlardan xalqına göndərdiyi salam Vətən torpağını, suyunu, səmasını, onun mahiyyətini duyub onu canından çox sevən xalqına ünvanlanan ən səmimi salam idi. O salam həm də vətənləşən şəhidlərə, rəşadətinə, cəsarətinə heyran olduğumuz vüqarlı, əzəmətli Azərbaycan əsgərinə, müqəddəs torpağı qanı ilə sulamağa hazır olan qorxmaz igidlərə,  “Torpaq şəhid qanı ilə Vətən olur”, – deyən başı uca analara, atalara, “dəmir yumruq” kimi bir olan millətimə göndərilən ən uca, ən ülvi salam idi. O salam insanlıq dəyərlərinə göndərilən salam, dünyaya uzanan qardaşlıq əli, dostluq simvolu idi.

Gülcamal TAHİROVA

Nəşr edilib : 27.05.2024 12:28