AZ EN RU

İmtahanların qrafik üzrə keçirilməsi təmin edilib

    Mart ayında Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
    Yanvar ayından başlanan təhsilverənlərin sertifikatlaşdırma imtahanları mart ayı ərzində də keçirilib. Bununla da muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif müəllimliyi, Azərbaycan dili, tarix, ingilis dili, fiziki tərbiyə, biologiya və texnologiya müəllimlərinin sertifikatlaşdırılması tam başa çatdırılıb. Digər ixtisaslar üzrə imtahanlar müvafiq olaraq aprelin 7-nə qədər davam edəcək.
    5-9 mart tarixlərdə musiqi təhsili müəssisələri üzrə müəllimlərin attestasiya imtahanlarının müsahibə mərhələsi keçirilib. Müsahibənin keçirilməsi üçün 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılıb və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılıb. Müsahibənin nəticələrinə görə bu mərhələdə iştirak edən 39 namizəddən 33-ü keçid balını toplayıb və pedaqoji fəaliyyətini davam etdirmək hüququ qazanıb.
    Martın 10-da isə musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi keçirilib. Attestasiya imtahanlarının müsahibə mərhələsi ilə eyni qaydada təşkil olunan imtahanda test mərhələsində uğur qazanmış 62 namizəd iştirak edib. Onlardan 46-sı müsahibədə uğur qazanıb. Uğur qazanmış namizədlərin sənədləri təyinat aparılması üçün müvafiq olaraq göndərilib.
     Dövlət orqanlarında çalışan əməkdaşların peşəkarlığının yoxlanılması məqsədilə keçirilən attestasiya imtahanları mart ayında da davam etdirilib. Martın 11-də Daxili İşlər Nazirliyi əməkdaşlarının növbəti attestasiya imtahanı keçirilib. Nazirliyin 37 əməkdaşının iştirak etdiyi imtahanda 29 nəfər keçid balını toplayıb.
    Martın 29-da Naxçıvan Muxtar Respublika Prokurorluğu və Hərbi Prokurorluğun 7 əməkdaşının iştirakı ilə attestasiya imtahanı keçirilib ki, onların hər biri müvafiq keçid balını toplayıb. 
    Martın 31-də gömrük orqanlarına işə qəbulla bağlı müsabiqə elan olunub. Müsabiqəyə sənəd qəbulu mayın 2-nə qədər davam edəcək.
    Mart ayı ərzində hamiliklə bağlı tədbirlər də diqqətdə saxlanılıb. Martın 17-də Dövlət İmtahan Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin mərkəzə hamiliyə verilmiş Dövlət və bələdiyyə idarəetməsi və Dövlət və ictimai münasibətlər ixtisaslarında təhsilalan tələbələrlə görüşüb. Onlara “Dövlət qulluqçularına aid hüquqi məsuliyyət tədbirləri” və “Dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydaları” mövzularında hazırlanmış slaydlar vasitəsilə seminar keçirilib.
    Mart ayında mərkəz tərəfindən təşkil olunmuş dövlət qulluğuna qəbul üçün hazırlıq kurslarında 105, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında isə 14 olmaqla, ümumilikdə, 119 nəfər iştirak edib. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

Nəşr edilib : 06.04.2022 18:39