AZ EN RU

İmtahanların keçirilməsi və yeni müsabiqələrin elan olunması davam etdirilib

    İyun ayında Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlər üzrə müsabiqələrin elan edilməsi və imtahanların keçirilməsi, eyni zamanda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
    İyunun 1-də dövlət teleradiolarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin esse imtahanı keçirilib. Müsabiqəyə çıxarılmış 7 vakant vəzifənin tutulması üçün 7 namizəd qeydiyyatdan keçib. İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Milli Qurtuluş Günü dövlətçilik tariximizdə” mövzusu təqdim edilib. İmtahanın nəticələrinə əsasən namizədlərdən 2-si müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. İyunun 20-də keçirilən müsahibə mərhələsində namizədlərin hər ikisi işitrak edib və uğur qazanaraq sənədləri aidiyyəti üzrə göndərilib.
    İyunun 6-da ölkəmizdə ilk dəfə olaraq məktəbəqədər tərbiyə müəssisələrinə işə qəbul üçün müsabiqə keçirilib. “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarına uyğun olaraq keçirilən müsabiqəyə 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə, 43 vakant vəzifə çıxarılıb. İmtahanın nəticələrinə əsasən tərbiyəçi-müəllim vəzifəsi üzrə 28, musiqi rəhbəri vəzifəsi üzrə 19, tibb bacısı vəzifəsi üzrə            3 namizəd uğur qazanıb. İyunun 24-də musiqi rəhbəri və tibb bacısı vəziəfləri üzrə müsabiqənin ikinci – qabiliyyət və klinik tapşırıq mərhələsi keçirilib. Bu mərhələnin nəticələrinə görə müvafiq olaraq 10 namizəd uğur qazanıb və sənədləri aidiyyəti üzrə göndərilib. 
    İyunun 8-də “Dövlət qulluqçuları üçün vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzusunda seminar keçirilib. 42 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən seminarda vəzifə təlimatlarının hazır­lanması qaydaları haqqında məlumat verilib. Bildirilib ki, vəzifə təlimatları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və “Naxçıvan Muxtar Respublikasının 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 yanvar tarixli Qərarı əsasında tərtib edilir. 
    İyunun 21-də mərkəz tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib. Müsabiqəni uğurla başa vurmuş və ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 40 dövlət qulluqçusu and içib.
    Ötən ay Dövlət İmtahan Mərkəzi tərəfindən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, dövlət ümumi təhsil müəssisələrinə, Naxçıvan Musiqi Kollecinə, AMEA Naxçıvan Bölməsinə, dövlət qulluğu üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına və Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə vakant vəzifələrin tutulması üçün müsabiqələr elan olunub. 
    Hesabat ayında təşkil olunmuş dövlət qulluğuna qəbul üçün hazırlıq kurslarında 43, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında 21 olmaqla, ümumilikdə, 64 nəfər, keçirilən sınaq imtahanlarında isə 175 nəfər iştirak edib. 

Naxçıvan Muxtar Respublikası Dövlət
 İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 14.07.2022 20:29