AZ EN RU

İmtahanlara hazırlıq prosesi davam etdirilib

    Avqust ayında Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlər üzrə elan olunmuş müsabiqələrə imtahanların keçirilməsi üzrə hazırlıq prosesi, eyni zamanda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
    Avqustun 15-də muxtar respublikada ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və kadr potensialının inkişaf etdirilməsi məqsədilə növbəti test imtahanlarının keçirilməsinə start verilib. 235 vakant vəzifənin çıxarıldığı budəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə rekord sayda namizəd müraciət edib. 1619 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Naxçıvan şəhəri (374), Babək (297) və Şərur (266) rayonlarından çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (378), Azərbaycan dili və ədəbiyyat (231) və ingilis dili (198) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə isə kimya (32), coğrafiya (26), fizika və ibtidai sinif müəllimliyi (hər biri üzrə 21) ixtisasları üzrə çıxarılıb. İmtahanlar avqustun 30-da başa çatıb. Müsabiqədə iştirak edən 1584 namizəddən 174 vəzifə üzrə 1130 namizəd keçid balını toplayıb. 25 vəzifə üzrə heç bir namizədin keçid balını toplaya bilmədiyi müsabiqədə 36 vəzifə üzrə isə müraciət edən olmayıb. 
    Avqustun 23-də Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri üçün sertifikasiya imtahanı keçirilib. 48 namizədin qeydiyyatdan keçdiyi imtahanda 43 namizəd iştirak edib, onlardan 34-ü uğur qazanıb.
    Avqustun 27-də ilk dəfə olaraq mərkəz tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 64 dövlət qulluqçusundan 58-nin iştirak etdiyi imtahanda 40 nəfər uğur qazanıb və dövlət qulluğunda fəaliyyətini davam etdirmək hüququ əldə edib. 6 dövlət qulluqçusu isə sosial məzuniyyətdə olduğundan imtahanda iştirak etməyib.
    Avqustun 31-də ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə işə qəbul üçün test imtahanı keçirilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında 2021-ci il 6 iyul tarixli Qərarına uyğun olaraq keçirilən müsabiqədə 30 vakant vəzifənin tutulması üçün 29 namizəd müraciət edib. İmtahan nəticələrinə əsasən test mərhələsində iştirak edən 28 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 
    Avqust ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş müəllimlərin sertifikasiyası üçün hazırlıq kurslarında 26 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2022 18:40