AZ EN RU

“İmplant DentNakhchivan” Stomatoloji Klinikası istifadəyə verilib

    Yanvarın 14-də Naxçıvan şəhərində “İmplant DentNakhchivan” Stomatoloji Klinikası tibbin ən son yenilikləri ilə muxtar respublika sakinlərinin istifadəsinə verildi. Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
    Klinikanın rəhbəri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov açılış tədbirinin muxtar respublikada səhiyyənin inkişafına göstərilən dövlət qayğısının, insan amilinə verilən dəyərin bəhrəsi olduğunu vurğulayıb klinikanın yenidən qurulmasına göstərdiyi diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədrinə minnətdarlığını bildirib. 

    Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Zeynəb Mənsimova implantoloji klinikanın Naxçıvanda stomatologiyanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirərək kollektivə uğurlar arzulayıb. 
    Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı Elsevər Əsədov klinikada tədris otağının mövcudluğunun bu sahədə təhsil alan tələbələrin yeni biliklər və təcrübə əldə etməsinə geniş imkanlar açdığını bildirib, universitet adından hədiyyələr təqdim edib.
    Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Hüseyn Niftəliyev klinikanın stomatoloji sahədə yeniliklərin tətbiqi baxımından ən müasir ünvan olduğunu bildirib.  Azərbaycan İmplantoloq İctimai Birliyininin sədri, tanınmış implantoloq Cabbar Həsənov muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə bu gün diyarımızda mühüm səhiyyə infrastrukturunun qurulduğunu deyib. Naxçıvanda ilk implantoloji klinikanın qurulmasından bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini diqqətə çatdıran Cabbar Həsənov əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.
    Sonra klinikanın imkanları ilə tanışlıq olub. Məlumat verilib ki, əvvəllər 100 kvadratmetr ərazidə fəaliyyət göstərən klinika əldə edilən güzəştli kreditlər sayəsində genişləndirilərək 200 kvadratmetrə çatdırılıb. İki mərtəbədən ibarət olan klinikanın birinci mərtəbəsində qeydiyyat, sterilizasiya, müayinə, həkim kabinələri və rentgen otaqları yaradılıb. Klinikada İtaliya, Cənubi Koreya və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılaraq tibbin ən son yenilikləri tətbiq olunur. Yeni rentgen avadanlığı vasitəsilə muxtar respublikada ilk dəfə 3D rentgen müayinəsi həyata keçiriləcək. Klinikanın ikinci mərtəbəsində isə həkim, sterilizasiya, tədris və əməliyyat otaqları yerləşir. 
   Qeyd edək ki, ən müasir imkanların mövcudluğu burada əməliyyatların uğurla aparılmasını şərtləndirməklə yanaşı, eyni anda daha çox pasiyentin qəbulunu təmin edəcək. Burada mövcud olan avadanlıqların bir çoxu ölkəmizdə ilk dəfə tətbiq olunan müasir tibbi texnologiyadır. Klinikada diqqətçəkən ən mühüm yeniliklərdən biri isə Naxçıvan Dövlət Universitetinin Stomatologiya kafedrasının tələbələri üçün tədris otağının yaradılmasıdır. Bu otaqda tələbələr nəzəri biliklərlə yanaşı, icra olunan implant əməliyyatlarını birbaşa izləməklə mühüm təcrübə əldə edəcəklər. 
    Stomatoloji klinika ilə tanışlıqdan sonra tədbir çay süfrəsi arxasında davam etdirilib. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.01.2022 23:27