AZ EN RU

İmmunlaşdırma həftəsində 383 uşaq peyvəndə cəlb olunub

    Muxtar respublikamızda uşaqların sağlamlığının qorunması, onların hər hansı bir xəstəlik və ya infeksiyalara yoluxmasının qarşısının alınması istiqamətində mühüm işlər görülür, bütün uşaqlar həkim nəzarəti ilə peyvənd təqviminə əsasən vaxtlı-vaxtında peyvəndə cəlb olunurlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyinin tabeliyində olan tibb müəssisələri tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, immunlaşmanın əhəmiyyəti barədə valideynlərə ətraflı məlumatlar verilir.
    Tədbirlərin davamı olaraq, bu il də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 24-29 aprel 2023-cü il tarixlərdə “İmmunlaşdırma həftəsi”nə start verilmişdir. Əmrə əsaslanaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında aprel ayının 24-dən kütləvi profilaktik peyvəndlərin aparılmasına başlanılmışdır. Belə ki, bu müddət ərzində muxtar respublikada 383 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb edilmişdir ki, onlardan da 132-si 0-1 yaş, 127-si 1-2 yaş, 57-si 3-6 yaş, 67-si isə 6 yaşdan yuxarı olmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.05.2023 21:05