AZ EN RU

İlmə-ilmə tarixin izində...

Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyindən reportaj

    Qarşımdakı mənzərə qeyri-ixtiyari olaraq məni əvvəllərə – qayğısız uşaqlığımın keçdiyi illərə aparır... Xalçaların üzərində həkk olunmuş bir-birindən maraqlı təsvirlər, al-əlvan rəngli iplərdən ərsəyə gəlmiş milli ornamentlər və bunun kimi saymaqla bitib-tükənməyən naxışlar xatırladır mənə o illəri. Bir anlıq düşüncələrim məni dayandığım ünvandan ayırır, sanki tamam fərqli bir hissin eyforiyasına qapılıram. Düşünürəm ki, uşaqlığı kənddə keçən, zəhmətsevər bir ailədə böyüyən hər bir insanın xatirələrini fərqli-fərqli duyğulara kökləyər bu məkan. Çünki bir neçə il əvvəl Naxçıvan torpağında elə bir kənd, qəsəbə, elə bir ev tapılmazdı ki, orada mahir xalçaçı xanımlar olmasın və o evlərin körpələri ana-nənələrinin min zəhmətlə toxuduğu xalçalar üzərində böyüməsin, böyük səbir, təmkin və zövqlə ərsəyə gələn həmin sənət nümunələri evlərimizə xüsusi gözəllik, yaraşıq verməsin. Elə bizim doğma ata-baba ocağımızda olduğu kimi… 

    Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin müdiri Ülviyyə xanımın “Tamaşa etdiyiniz xalça muzeyimizin ən dəyərli eksponatı olmaqla bərabər, həm də Naxçıvanda toxunmuş ən qədim xalça nümunəsidir” sözləri bir anda məni daldığım düşüncələrdən ayırır. Uzun illərdir, bu vəzifədə çalışan Ülviyyə Məmmədova ilə muzey barədə söhbətləşirik. Müsahibim deyir ki, tarixi yaddaşın, etnomədəniyyət salnaməsinin, milli təfəkkür və mənəvi dəyər fəlsəfəsinin ehtiva olunduğu əvəzsiz nümunələrin ideal mühafizəsi vacib şərtlərdən biridir. Diyarımızın bir çox yerlərində fəaliyyət göstərən muzeylər də məhz bu amala xidmət edir. Naxçıvan mədəniyyətinin xalçalar üzərindəki canlı tarixini yaşadan Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi 1998-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Qala məhəlləsinin Xan dikində – 200 ildən artıq tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdəki yeni binaya köçürülüb. Dövlətimizin diqqəti ilə yaradılan muzeyin maddi-texniki bazası gücləndirilib, eksponat sayı artırılıb. 
    Ülviyyə xanım bildirir ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilib. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 300-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar, süjetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır. Müsahibim sözünə davam edir: – Xalçalar üzərində olan naxışlar 4 qrupa bölünür: həndəsi naxışlar, zoomorf naxışlar (heyvan təsvirləri: quş, maral, qoç, əjdaha), nəbati naxışlar (gül, yarpaq, ağac), antropomorf naxışlar (insan təsvirləri). Bu növ milli naxışların hər birinin xalçalar üzərindəki ahəngdar təsviri xalqımızın adət-ənənələrinə, mənsubiyyətinə bağlılığının bariz nümunəsidir. 
    Həmsöhbətimin sözlərinə görə, Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib. Tarix sübut edir ki, yurdumuzun bütün rayonlarında, demək olar ki, hər evdə ən azı bir və ya bir neçə xalça toxunub. Çətin və məsuliyyətli proses olan xalçaçılıq bu gün də yaşadılan ənənədir. Bunun ölkəmizdə qorunub saxlanılması da təsadüfi deyil. Çünki Azərbaycanın qədim və əsrarəngiz incəsənət dünyası nəinki ölkə hüdudlarında, hətta dünyanın, Yaxın Şərqin və Qərbin diqqət mərkəzində olub. Bu səbəbdən də ölkəmizdə belə incə bir dəyərin qorunması əsas prioritet istiqamətlərdən hesab edilir. 
    Müsahibimdən öyrənirəm ki, xalçanın tam şəkildə ərsəyə gətirilməsi bir neçə mürəkkəb prosesdən keçir. Xalçanın toxunmasından sonra ikinci ən məsuliyyətli və zərif zövq tələb edən iş xalçada istifadə olunacaq boyaların seçilməsi, toxunmada istifadə ediləcək yun iplərə müxtəlif rənglərin verilməsidir. Bu çətin iş ip boyama, boyaqçılıq və digər adlarla tarixdə qeyd olunub. 
    Müsahibim deyir: – Naxçıvan və Ordubadın boyaqxanaları digər regionlarımızla müqayisədə daha çox tanınıb. Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırmışlar. Məsələn, sarı və sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından, qırmızı və çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil), noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər uzaq ölkələrdən gətirilən təbii indiqodan alınırmış. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədilə onların tərkibinə zəy, duz kimi bərkidici maddələr əlavə edirdilər. Bir tarixi faktı qeyd etmək yerinə düşər ki, X əsrin ikinci yarısına aid “Hüdud Əl-Aləm” əsərində Naxçıvanın zili və xalçaları barədə ətraflı məlumata rast gəlmək olur. Təsadüfi deyil ki, “Azər-İlmə” xalçaçılıq şirkətinin əməkdaşlarının apardıqları tədqiqat nəticəsində Naxçıvanın 68 kəndindən 254 peşəkar toxucu haqqında informasiya əldə edilib. Bu da yurdumuzun Azərbaycan incəsənət məktəbinə necə misilsiz töhfələr verdiyinin bariz nümunəsidir. 
    Həmsöhbətimin verdiyi məlumatlara görə təşəkkür edib sağollaşıram, maraqlı keçən söhbətin ardından muzeyin ekspozisiya zalında xalçaların sirli-sehrli aləminə qonaq olmaq üçün ziyarətə başlayıram. Düşünürəm ki, bu məkan yalnız tanımadığımız, adlarını belə bilmədiyimiz zəhmətsevərin, incəsənət adamının ərsəyə gətirdiyi xalçaların, kilimlərin və digər toxuculuq məmulatlarının cəm olduğu bir ünvan deyil. Bura həm də ilmə-ilmə tariximizin yaddaşına həkk olunan proseslərin, ayların, illərin, qərinələrin, hətta əsrlərin canlı şahididir. Bu sənət əsərlərinin dilləri olsa, nədən danışmazlar, nə söyləməzlər ki, bizə… Qarşısında dayandığım sadə təsvirli, zərif yun iplərdən toxunmuş xalçanın nə az, nə çox 200-dən artıq yaşı var. XIX əsr Naxçıvan mədəniyyətinin şahidi, rus-Qacar müharibəsinin müasiri, Ağa Məhəmməd şah Qacarı taxtda, Kalbalı xan Kəngərlini qundaqda görən bu sənət əsəri danışır mənə ötənlərdən, keçənlərdən, Naxçıvanın, habelə ölkəmizin qədim, çoxəsrlik mədəniyyətindən, zəngin incəsənətindən… Xalçanın toxunduğu il Vətənimizin çalxantılı, qanlı-qadalı dövrlərinə təsadüf edir. XIX əsr Azərbaycan tarixi iqtisadi, mədəni, maarif və digər cəhətlərdən böyük ziddiyyətlərə şahidlik edirdi. Dövlətimizin parçalanaraq xırda xanlıqlara bölünməsi nəticəsində XIX əsrin ilk onilliklərində kənd təsərrüfatı, ticarət, sənətkarlıq, xırda sənaye tənəzzül etməyə başlamışdı. Xanlıqlar arasında ciddi mübarizə və odlu-alovlu ziddiyyətlər gedirdi. Sözsüz ki, bu cür daxili çəkişmələr Vətənimizin sərvətlərini tar-mar etmək niyyətində olan yadelli qüvvələrin diqqətindən yayınmırdı. Qonşu dövlətlər arasında Rusiya ictimai vəziyyətinin qarışıqlığı, demokratiya və inqilabi ruhu ilə digər dövlətlərdən fərqlənirdi. Rusiya inkişafda olan Qərbi Avropa ilə daha sıx bağlı olduğundan onun mədəniyyətində, sosial həyatında baş verən dəyişiklik və inkişaf özünü daha çox göstərirdi. Uzun və gərgin keçən bu illərin ardınca ölkəmizin bir çox ictimai-sosial həyatında dönüş yaranmağa başladı. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması isə bu dönüş tarixinin kulminasiya nöqtəsi oldu, Vətənimiz çar Rusiyası və Qacarlar dövləti arasında bölünüb parçalandı, azadlığı, müstəqilliyi əlindən alındı…
    İlmələrin əsrlərə sığmayan tarixi yaşı məni Azərbaycan tarixinin daha bir mərhələsinə aparır... Müxtəlif nəbati naxışlarla bəzədilmiş xovlu xalça üzərindəki balaca təqdimat lövhəsi diqqətimi çəkir: “1900-cü il, Ordubad rayonunun Gənzə kəndi”. Bu tarixdən etibarən dünyanın, eləcə də Vətənimizin həyatında böyük dəyişikliklər baş verməyə başladı. Əsrin əvvəllərində milli maarifpərvər qüvvəllərin mədəni inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin təşəkkülü, Azərbaycanda kulturoloji fikrin inkişafına çox ciddi təkan verdi. Azərbaycan xalqının görkəmli ziyalıları Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əzim Əzimzadə, Mir Möhsün Nəvvab və onlarla digərləri öz müqəddəs niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini yüksəltmək, kölə vəziyyətində olan savadsızları təlim-təhsilə cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və istedadlı şəxsləri üzə çıxarmaq, Azərbaycanın maddi və mənəvi sərvətlərini bütün bəşəriyyətə tanıtmaq. Sevindirici haldır ki, maarifpərvər ziyalılarımızın atdığı heç bir addım əbəs yerə getmədi, xalqımızın, Vətənimizin tarixin sınağına çəkildiyi anlarda əlimizdən tutdu, bizə düzgün əqidə, sağlam təfəkkür və yurdsevər həyat tərzi aşıladı. Bu ali dəyərlər bu gün də, gələcəkdə də tariximizdə şərəf nöqtəsi kimi xatıralanacaq, gələcək nəsillərin hafizəsinə həkk olunacaq.
    Muzeyin zəngin eksponatlarına, müxtəlif toxuculuq məmulatlarına tamaşa edə-edə tarixə səyahət etməyi də unutmuram…Maraqlı gəzinti məni muzeyin adını daşıdığı, dəyərli professor Kamil Əliyevin xatirəsinə həsr olunmuş guşəyə çatdırır. Muzeyin sözügedən hissəsində böyük xalçaçı rəssam Kamil Əliyevin ərsəyə gətirdiyi sənət əsərlərindən ibarət nümunələr sərgilənib. Həmin əsərlərə tamaşa etdikdə anlayırsan ki, Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyət tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş dahi sənətkardır. Sənət əsərlərindən aydın olur ki, o, fitri istedada malik rəssam kimi milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmağı bacarıb, həmçinin Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirməyi peşə amalı kimi dəyərləndirib. Onun əsərlərindəki kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəbinin xüsusiyyətlərini necə qoruyub yaşatmasının ən parlaq təzahürüdür. Bununla yanaşı, Kamil Əliyevin qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Bunun nəticəsidir ki, dəyərli xalçaçı rəssamımızın əsərləri dəfələrlə dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında nümayiş etdirilib. Professor Kamil Əliyevin adını daşıyan Naxçıvan Dövlət Xalça Muzeyində onun əl işlərindən ibarət guşəyə baxanda bunu bütün reallığı ilə dərk edə bilirik.
    Bu gün qürurla deyə bilərik ki, dövlətimiz tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bu istiqamətdə atılan addım kimi “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ölkə başçısının 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə imzalanmış və icrası uğurla başa çatmış “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Bununla yanaşı, 25 illik yubileyini qeyd etdiyimiz Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinə dövlət dəstəyinin artırılması, muzeyin imkanlarının genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi diyarımızda mövcud olan zəngin incəsənətin, köklü mədəniyyətin ali təzahürüdür. Həmçinin dahi siyasi xadim Ümummilli Lider Heydər Əliyevin doğum günündə Azərbaycan Mədəniyyətinin Paytaxtı, Qarabağın incisi sayılan  Şuşa şəhərində Milli Xalça Muzeyinin yeni filialının açılması, ölkə başçısı cənab İlham Əliyevin ailə üzvləri ilə birgə həmin tədbirdə iştirak etməsi söylədiklərimin əyani sübutudur. Sadalananlar dövlətimizin xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsi, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirilməsinin önəmli nümunəsidir. Tam əminliklə deyə bilərik ki, YUNESKO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilən Azərbaycan xalçaçılıq sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması, habelə bu dəyəri günümüzdən gələcəyimizə aparan, oradan da tarixin yaddaşına həkk edən ali addım kimi həmişəyaşardır, əbədidir…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 11.05.2023 22:20