AZ EN RU

İlkin səhiyyə xidməti işçiləri üçün vərəmlə mübarizəyə dair təlim

    Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika  Xəstəxanasında  ilkin səhiyyə xidməti işçiləri üçün “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda əyani treninq keçirilib.
    Tədbirdə  Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva vərəmlə mübarizə sahəsində muxtar respublikada görülən əhəmiyyətli işlərdən və bu istiqamətdə ilkin səhiyyə xidmətinin rolundan danışıb.      
    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun  Konsultativ poliklinika şöbəsinin həkimi, Vərəmlə mübarizə üzrə Milli Proqramın müalicə üzrə kordinatoru Aysel Aslanova vərəm xəstəliyi, onun aşkarlanması və təsnifatı barədə məlumat verərək ölkədə həyata keçirilən Milli Vərəm Proqramının məqsəd və vəzifələrindən, ilkin səhiyyə xidmətinin vərəmlə mübarizədəki vacib rolundan danışıb. Qeyd edilib  ki, dövlətimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etməklə əhalinin sosial rifah halı yaxşılaşıb. Bunlarla yanaşı, səhiyyə sistemində aparılan köklü islahatlar da vərəm xəstəliyinin yayılmasının qarşısını almaqda əhəmiyyətli rol oynamaqdadır. Xüsusilə də əvvəllər vərəmə ilkin yoluxma hallarının təhlilinə görə xəstələr arasında uşaqların sayında ilbəil artım müşahidə edilsə də, sonrakı illərdə vərəmə yoluxan uşaqların sayı azalmağa başlayıb. Bu da orta təhsil müəssisələrində aparılan profilaktik tibbi tədbirlər, peyvəndləmə və sair ilə əlaqədardır.

    Milli Referens Laboratoriyasının müdiri, Vərəmlə mübarizə üzrə Milli Proqramın laborator diaqnostika üzrə kordinatoru Mehriban Seyfəddinova vərəmin laborator diaqnostikası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun  Konsultativ poliklinika şöbəsinin həkimi, Vərəmlə mübarizə üzrə Milli Proqramın müalicə üzrə kordinatoru Aysel Aslanova dərmanlara davamlı vərəmin kimyəvi terapiyası və monitorinqi, uşaqlarda vərəmin xüsusiyyətləri, diaqnostikası, müalicəsi və profilaktikası mövzularında təlim keçiblər.
    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Vəfa Şahtaxtinskaya “Vərəm əleyhinə dərmanların əlavə təsirləri”, DOT-kabinənin təchizatı, kabinədə çalışan tibb heyətinin işi və vəzifəsi” mövzularında çıxış edib. Bildirib ki, respublikamızda səhiyyəyə olan diqqət və qayğı vərəmlə mübarizə xidmətinin gücləndirilməsində öz əksini tapır. Dövlət tərəfindən qəbul olunmuş Vərəmlə Mübarizə proqramları vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir. 
    Tədbir “Müəssisələrdə vərəm əleyhinə infeksion nəzarət qaydaları”nın təlimi ilə başa çatıb, post test aparılıb.
    İkigünlük regional əyani treninq bu gün öz işini ftiziatrlar üçün davam etdirəcək.
    Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar veriləcək və  vərəmlə mübarizədə ilkin səhiyyə xidməti müəssisələrinin fəaliyyətinə rəhbərlik haqqında metodik vəsait paylanılacaq.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidmət
i

Nəşr edilib : 10.03.2022 21:08