AZ EN RU

İlk sevgim, son sevgim bu yurd, bu torpaq...

İstedadlı şair-dramaturq Asim Yadigarın imzası oxuculara yaxşı tanışdır. Yaradıcılığa ötən əsrin 70-ci illərindən başlayan şairin bu illər ərzində qəzet və jurnallarda, ədəbi almanaxlarda yüzlərlə şeiri, məqaləsi dərc olunub. Onun şeirləri İranda, Türkiyədə, Rusiyada nəşr edilən bir sıra qəzet və jurnallarda da işıq üzü görüb. 
Asim Yadigarın yaradıcılığında vətənpərvərlik şeirləri həmişə üstünlük təşkil edib. Şairin “Hər şeyin sonu var” adlı son kitabındakı şeirlərinin əksəriyyəti, eləcə də 9 poemasının 8-i məhz Vətənə sevgi, məhəbbət ruhundadır. Ulu Öndərimiz Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” aforizmini şair bir şeirində məharətlə işlədə bilib:

            Yollarında min tufan, yüz külək əssə belə,
            Yağılar yolu üstə min silah düzsə belə,
            Şərin qara əlləri yolunu kəssə belə,
            Onu Tanrı qoruyur. O, zülməti boğacaq,
            “Azərbaycan dünyaya Günəş kimi doğacaq”

Şair “Azərbaycan Bayrağı” şeirində isə Azərbaycan Respublikasının Avropa Şurasının üzvü olmasından doğan sevincini önə çəkir. Avropa göylərində yellənən bayrağımızı xalqımızın nəfəsi, səsi, buxovları dağıdan, qandalları sındıran azadlıq nəğməsi kimi dəyərləndirir.  Şairin sevinci, fərəhi xalqın sevincidir və fərəhidir. Çünki bayrağımızın dünya dövlətlərinin bayraqları içərisində dalğalanmasına hər birimiz qürurla, iftixarla baxmışıq. Ancaq şair bunu daha gözəl, daha obrazlı şəkildə deyib:

            Öz-özünə qalxmayıb, ucalmayıb o bayraq,
            O bayrağı bayraqtək ucaldan, qaldıran var.

Şairin “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, “Azərbaycan Bayrağı”, “Bir bayraq altında”, “Fəxri xiyabanda düşüncələr” şeirlərində Ümummilli Liderimiz Heydər Əliyevə sonsuz sevgi, məhəbbət hissləri önə çəkilib. Şair heykəltəraşa üz tutub deyir ki, “Əzəmətli, möhtəşəm, nurlu bir heykəl yarat”. Bu heykəl elə əzəmətli, elə möhtəşəm olsun ki, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu, yaratdığı, memarı olduğu Azərbaycandan da gözəl görünsün. Bu heykəl Ulu Öndərin adına yaraşan möhtəşəm bir heykəl olsun:

    Heykəltəraş qardaşım, bir nurlu heykəl yarat, 
    Heydərimin adına yaraşan heykəl olsun.
    O heykəltək ucaltdı anam Azərbaycanı,
    Qoy sənin yaratdığın ondan da gözəl olsun.

Ədəbiyyatımızda “vətəndaş şair” ifadəsi son illərdə daha çox işlənir. Asim Yadigarın yaradıcılığına bələd olan hər bir oxucu bu sözü ona da şamil edə bilər.
Şairin “Tarix”, “Bir nağıl de”, “Bir olaq deyirik”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq”, “Səngərim mənim”, “Azərbaycan əsgəri” və başqa şeirlərində vətənpərvərlik duyğuları daha qabarıq verilib. Şair “Tarix” adlı şeirində saxta tarixlər uyduran yalançı tarixçilərin boş hay-küylərinə kəskin nifrətini bildirir. Şair o fikirdədir ki, tarixlər saxtalaşdırılır. Belə olanda əfsanələr həqiqətə, həqiqətlər isə əfsanəyə çevrilir. 
Xalqımızın başına gətirilən faciələr, ağrı-acılar, bir zamanlar torpaqlarımızın 20 faizinin yağı tapdağında olması şairi bir vətəndaş, bir insan kimi narahat edir. O özü də bir əsgər kimi silaha sarılmaq istəyini bəyan edir.
“İlk sevgim, son sevgim bu yurd, bu torpaq”, – deyən şairin Vətənin dünəni, bu günü, sabahı ilə bağlı düşüncələri onlarla şeirinin, poemalarının əsas mövzusunu təşkil edir. Şair hara gedirsə, harada olursa, Vətənin dərdi də onun yolyoldaşına çevrilir. Şairin cənub mövzusunda otuza yaxın şeiri, “Mənə söz verin” adlı poeması və “Midiyanın süqutu” mənzum dramı var. Bu əsərlərin hamısında Vətən sevgisi, Vətən məhəbbəti önə çəkilib.
Şair Təbrizin tarix dolu dünəninə üz tutur. Mərd oğullar, qəhrəmanlar yetirən bir diyarın oğullarının, qızlarının ürəyində Şuşa tonqalı qalayır:

            Tarixdə çox sərtləşməyin olubdu,
            Sərtləşməyin, mərdləşməyin olubdu,    
            Heç Şuşamla dərdləşməyin olubdu?
            Düşürmü heç yada, Şuşam, Təbrizim?!

Asim Yadigarın yaradıcılığında müxtəlif janrlı şeirlərlə rastlaşırıq. Şairin qoşma və gəraylıları, qəzəl və təxmisləri onu göstərir ki, o həm klassik şeir formalarından, həm də aşıq şeiri formalarından bacarıqla istifadə edə bilir. Şairin qoşmaları, gəraylıları, təcnisləri oynaq və axıcıdır:

            Ey qəlbimin nəmli dərdi,
            Gəl bir günə sərim səni.
            Ləçək-ləçək oxşamışdım,
            Çiçək-çiçək dərim sən
i.

Şairin onlarla lirik şeiri oxucuların sevdiyi şeirlərə çevrilib. Onun “Talesizlər” poeması əsasında gözəl bir radio-tamaşa hazırlanıb. Asim Yadigar 6 pyesin, 18 poemanın müəllifidir. Onun “Kədərə heykəl”, “Qisas qiyamətə qalmaz”, “Mənə söz verin”, “Oğul dağı”, “Mən Günəşi görürəm”, “Əgrək və Səgrək”, “İpar Sultan” və başqa poemaları da sırf vətənpərvərlik mövzusundadır. Şair istər müasir həyatımızdan, istərsə də tarixi mövzularda qələmə aldığı poemalarında oxucusuna Vətənə sevgi, məhəbbət duyğusu aşılayır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar şeirlərinin birində “Mən qatiləm – söz qatili, duyğu qatili, şeir qatili”, – deyir. İstərdik ki, ömrünün 70-ci zirvəsinə çatan şair bundan sonra da gözəl poetik duyğularını gözəl şeirlərə, poemalara çevirsin, oxucularını yeni kitabları ilə sevindirsin.

Sədaqət NEMƏTOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Nəşr edilib : 15.04.2024 11:55