AZ EN RU

İlk dəfə Naxçıvanda Gimnastika dərnəyi üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları olub

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atletika Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin Gimnastika dərnəyi üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları olub.
    Tədbirdə çıxış edən gənclər və idman naziri Ramil Hacı vurğulayıb ki, dövlət idman siyasəti ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla inkişaf etdirilir. İstifadəyə verilən idman obyektləri, məşq bölmələri, bu sahədəki kütləvilik və qazanılan uğurlar diyarımızın idman potensialını nümayiş etdirir. 
    Ramil Hacı fiziki fəaliyyət növü kimi gimnastikanın xüsusi əhəmiyyətindən danışıb, bədii gimnastikanın muxtar respublikada qısa zaman ərzində sevilən və inkişaf edən idman növlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Azyaşlı gimnastların timsalında yeni idmançı nəslinin yetişməsini Naxçıvanda bu idman növünün inkişafına mühüm töhfə olduğunu bildirən nazir çıxışının sonunda idman və idmançılara göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, idmançılara uğurlu karyera yolu arzulayıb.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, şagirdlərin fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsidir ki, ümumtəhsil müəssisələrində 30 futbol, 14 minifutbol idman meydançası, 203 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 205 idman klubu yaradılıb. Bunlardan 29-u atletika, 2-si ağır atletika, 7-si isə bədii gimnastika klubudur. Hazırda federasiyanın tərkibində  fəaliyyət göstərən bədii gimnastika bölməsinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Qızlar Liseyi, Naxçıvan Dövlət Texniki Kolleci, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq-Gənclər İdman məktəblərində 7 qrupu yaradılıb. Bu qruplarda 200-ə yaxın uşaq gimnastikanın sirlərinə yiyələnir. 
    Vurğulanıb ki, bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Həmçinin o, 9-14 iyul 2022-ci il tarixlərdə İsveçrənin  Nevşatel  şəhərində  keçiriləcək  “Gimnastika  hamı üçün” idman növü üzrə “European Gym  For  Life Challange” və “EUROGYM 2022” festivallarında yığma komandanın tərkibinə iştirak edəcək. 
    Çıxışların ardınca dərnək üzvlərinin  “Şən qızlar”, “Gəlincik”, “Ümid”, “Balaca idmançılar”, “Dostluq çələngi” adlı bədii kompozisiyaları və müxtəlif rəqs nömrələri izlənilib. 
    Tədbirin sonunda federasiyanın bədii gimnastika bölməsinin rəhbəri Humay  Qafarovaya hakimlik sertifikatı təqdim olunub. Həmçinin tədbirdə iştirak edən gimnastlar və onların məşqçi-müəllimləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Ağır atletika üzrə sonuncu Azərbaycan çempionatının qalibi Gülcahan Əliyeva, uğurlu nəticələrinə görə Həsən Babayev və idmançılarının qazandığı nailiyyətlərə görə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəfi Hüseynov da federasiya tərəfindən təltif olunublar. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.04.2022 18:43