AZ EN RU

İlk dəfə keçirilən Beynəlxalq Tibbi Forumun iştirakçıları: “Naxçıvanda insan amili dövlət siyasətinin prioritetidir”

    Məlum olduğu kimi, 18-21 iyun tarixlərdə muxtar respublikamızda təşkil edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universitetinin və 20-dən çox müxtəlif universitetlər və dərnəklərin təşkilatçılığı ilə baş tutmuş, 8 ölkədən 300-dən çox alim və mütəxəssisin iştirak etdiyi I Beynəlxalq Tibbi Forumu çərçivəsində forum nümayəndələri olan, tibb sahəsində tanınmış bir neçə alimin səfər təəssüratlarını öyrəndik. 
    İlk müsahibimiz Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli oldu. Müsahibim ölkəmizdə səhiyyənin inkişafından, bu sahədə potensial kadr hazırlığının əhəmiyyətindən söhbət açaraq dedi: – Bu gün artıq müstəqil Azərbaycanın hər bir sahəsində mövcud olan inkişaf və tərəqqi sürətlə irəliləyir və bir çox yeniliklərə imza atır. Tarixən Azərbaycan istər tibb, istərsə də digər elm sahələrində, uğurları ilə həmişə seçilib. Bu gün ölkəmizdə sağlam əsaslarla qurulmuş, yaradılmış müasir səhiyyə sistemi var. Səhiyyə sistemində kadr potensialının artırılması, bu sahənin savadlı və yüksək bilikli kadrlarla zənginləşdirilməsi, eləcə də ölkəmizin bütün regionlarında fəaliyyət göstərən tibb müəssisələrində həkim və orta tibb işçilərinin ixtisasları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində respublikamızda mövcud olan ali təhsil ocaqlarının rolu çox böyükdür. Bu baxımdan da ölkəmizdə tibb ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsində bu gün iştirak etdiyimiz ilk Beynəlxalq Tibb Forumuna bələdçilik edən Naxçıvan Muxtar Respublikasının prestijli təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universiteti və yüz ilə yaxındır, fəaliyyət göstərən Azərbaycan Tibb Universiteti yeganə təhsil ünvanları kimi xüsusilə seçilir. Ölkəmizdə bir ilk olan Beynəlxalq Tibb Forumu, inanıram ki, ali təhsil ocaqları arasındakı əlaqələrin tarixi-tale yükünü müsbət məcrada istiqamətləndirəcək. 
    “Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasındakı sabit əməkdaşlıq gələcək uğurlarımızın, ən əsası isə tibb sahəsindəki karyeramızın təminatçısı olacaq”, – deyən müsahibimiz Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı bildirdi: – Naxçıvan Dövlət Universiteti ilə yaratdığımız qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi yaxın gələcəkdə universitetlərimizin beynəlxalq imicinin güclənməsinə və xarici əlaqələrin yüksələn xətlə inkişafına təkan verəcək. Əlbəttə ki, bütün bunlardan qazanan isə həm muxtar respublikanın elmi və təhsili, həm də Türkiyə Respublikasının ali təhsil ocaqları, təhsil strategiyası olacaq. 
    Naxçıvan, həqiqətən, çox maraqlı bir şəhərdir. Təmiz küçələr, abad yollar, geniş park-xiyabanlar ilk görüşdən insanı özünə cəlb edir. Mənim kifayət qədər Naxçıvanla bağlı təəssüratlarım var. Amma real şəkildə gəlib görmək, bu gözəlliyə əyani şəkildə tamaşa etmək çox fərqli bir hissdir. Bu diyarın insanları da tamam fərqli bir cazibəyə malikdirlər. İstər milli mətbəx nemətləri olsun, istər tanıdığım, münasibətdə olduğum insanlar olsun, mənə çox müsbət aura yaşadır. Məhz bunun nəticəsidir ki, Naxçıvan muxtar diyarı Azərbaycan şəhərləri sırasında bir çox müsbət keyfiyyətlərinə görə lider nöqtədə dayanıb. Hesab edirəm ki, ilk tibbi forumun bu şəhərdə keçirilməsi də təsadüfi deyil. Naxçıvandan qayıtdıqdan sonra da əlimizdən gəldiyi qədər həmvətənlərimizə burada bizlər üçün yaradılan geniş şərait barədə ətraflı məlumat çatdıracağıq. İnanıram ki, bizim Naxçıvanla, naxçıvanlılarla istər təhsil, istərsə də digər sahələrdəki əməkdaşlığımız daha gözəl xarakter alacaqdır. Bizə göstərilən diqqətə görə isə başda muxtar respublika rəhbəri olmaqla təşkilatçılara minnətdarlığımızı bildirirəm. 
     Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılan cərrahi əməliyyatlar, müayinə və müalicələrdən sonra Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, cərrah-onkoloq, professor Əziz Əliyev qəzetimizə Naxçıvanda ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumun məqsədi, əhəmiyyəti barədə məlumat verdi və ümumilikdə, Naxçıvanla bağlı təəssüratlarını bizimlə bölüşdü: “Bu, Milli Onkoloji Mərkəzin komandası ilə birlikdə Naxçıvana üçüncü gəlişimizdir. Budəfəki səfərimizin məqsədi  Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak etməkdir. Hazırda Milli Onkoloji Mərkəzin 50-yə yaxın həkim briqadası forumda iştirak etmək üçün Naxçıvandadır. Forumun keçirilməsi çox önəmli məqsəd daşıyır ki, bu da həkimlərin qarşlıqlı təcrübə mübadiləsi aparmalarına böyük imkan yaradır. Forum protokolların müzakirəsi və ən əsası müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin müalicə, müayinə və cərrahi əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır. Bu gün biz yerli həkimlərlə birlikdə xəstələrin baş-boyun nahiyələrində 3 uğurlu onkoloji əməliyyat apardıq. Həmçinin 10-dan çox xəstənin müayinə və müalicələrini həyata keçirdik. Onu da xüsusilə qeyd etmək istərdim ki, xəstəxana ən yüksək səviyyədə qurulduğu və müasir avadanlıqlarla təchiz olunduğu üçün çox rahat şəkildə əməliyyatlarımızı aparırıq. İstərdik ki, bu tədbirlər davamlı olsun, biz də Milli Onkoloji Mərkəz olaraq belə tədbirlərdə iştirak edək. 
    Qaldı ki, Naxçıvanla bağlı təəssüratlarıma, ilk olaraq onu deyə bilərəm ki, hər dəfə Naxçıvana gəldikdə burada böyük inkişafın şahidi olur və bu inkişafa qəlbən sevinirik. Xüsusilə tibb sahəsində gedən müsbət irəliləyişlər göz qabağındadır. Bu da onu deməyə əsas verir ki, Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir.
    Digər müsahibim İstanbul Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil arenasında, habelə qardaş Türkiyə Respublikasındakı təbliğatından, tanıdılmasından, habelə beynəlxalq forumun əhəmiyyətindən söhbət açaraq deyir:
    – Qardaş Azərbaycan Respublikasının ən qədim mədəniyyət ocaqlarından biri olan Naxçıvan şəhəri dünyanın bir çox regionlarında tanınır və sevilir. Naxçıvana ilk dəfədir, səfər edirəm. Naxçıvanın rəngarəng və maraqlı mühiti, qonaqpərvər insanları, o cümlədən savadlı tələbə-gəncləri bizi heyrətləndirdi. Səfərimiz çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olduq, regionun ən prestijli ali təhsil müəssisəsi haqqında geniş məlumat əldə etdik. Rektor Elbrus İsayevlə olan söhbətimizdə öyrəndik ki, Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili sahəsində aparılan məqsədyönlü işlərdə hər zaman öz müsbət nəticələrini göstərir. Universitetlə maraqlanarkən onu da öyrəndik ki, xarici tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyan Naxçıvan Dövlət Universitetində 10 ölkədən 1000-ə yaxın əcnəbi tələbə təhsil alır. Ən böyük üstünlüyü isə Türkiyənin tələbə-gənclərinin təşkil etməsi həm bizi qürurlandırdı, həm də çox sevindirdi. Bununla yanaşı, həm bir pedaqoq nöqteyi-nəzərindən, həm də bir professor baxış bucağından mövzuya yanaşaraq qeyd etmək istəyirəm ki, müasir dövrümüzdə, qloballaşan dünyada milli mədəniyyət, tarixi və etnik köklərin birliyi ilə bir-birinə bağlı olan Azərbaycan Respublikası və Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirir. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri vardır. Bununla yanaşı, forum çərçivəsində türk professor-alim kollektivinin burada iştirak etməsi, bir neçə ali təhsil ocağının da bu ali təhsil müəssisəsi ilə əlaqələr qurması, müqavilələr imzalaması, inanıram ki, gələcəkdə də bu münasibətlərimizin davamını gətirəcək. Naxçıvan haqqında düşüncələrimi dilə gətirmək gərəkirsə, qeyd etməliyəm ki, bu şəhərdə olan səliqə-sahman, təmizlik və sakittəbiətlilik, təbii ki, hər bir gəncin arzusudur. İnanıram ki, bu səfərlərimiz davamlı xarakter alacaq. 

Gülcamal TAHİROVA
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 19.06.2022 01:34