AZ EN RU

İlin xalqı və ya Günəşi təqib edənlər…

Hər şey oradan başlamışdı – 1988-ci ilin küləkli payız səhərindən. O illərdə, demək olar ki, hər günü, hər saatı qara xəbərlə açan Azərbaycan xalqı üçün işğal təhlükəsi, aclıq, qıtlıq və digər sosial problemlər adi xarakter almışdı. Vətənimizi nə az, nə çox – düz 70 il öz əsarəti altında saxlayan keçmiş SSRİ-nin dayaqları sarsılsa da, həmin imperiyanın soydaşlarımıza qarşı yürütdüyü qatı millətçilik meyilləri hələ də davam etməkdə idi. Bütün bu siyasi hadisələrin fonunda ölkəni bürüyən anarxiya və hərc-mərclik, sözün əsl mənasında, soydaşlarımızın sabaha olan ümidlərini də söndürmüşdü. Elə xatırlamaqda çətinlik çəkdiyimiz, daha doğrusu, xatırlamaq istəmədiyimiz ötən əsrin 90-cı illərinin mürəkkəb hadisələrinin əsası da bu tarixdə – 1988-ci ildə atılmışdı…

    Xalqımızın həyatında, ictimai şüurunda artıq milli oyanış prosesi baş vermişdi. Soydaşlarımız haqlı olaraq bir şey tələb edirdi, bir şey istəyirdi – onları düşdükləri bu çətin şəraitdən çıxaracaq qüdrətli rəhbərin ideyası ətrafında birləşərək azadlıq, müstəqillik əldə etmək! Bu da, öz növbəsində, dili bir, amalı bir, əqidəsi bir həmvətənlərimizi bir araya gətirdi. Təhlil etsək, görərik ki, bu hadisə elə Vətən müharibəsində olduğu kimi Azərbaycan xalqının birlik və bərabərlik duyğusunun, həmrəylik amalının real təntənəsi idi…
    Ötən əsrin 80-ci illərinin sonunda baş verən ağır situasiyalar qarşısında Azərbaycan xalqının “İlin xalqı” elan edilməsi soydaşlarımızı azadlıq və müstəqilliyə səsləyən əsas hadisə idi. Belə ki, sözügedən tarixdə Bakının Azadlıq meydanında uzunmüddətli mitinqlər başlandı. Xalqın dövrün hadisələrinə qarşı etiraz səsini ucaltmasından sonra alovlanan proseslər gəncliyi o illərə təsadüf edənlərin yaxşı yadındadır. Və təsadüfi deyil ki, bu hadisədən qısa müddət sonra dövrün mətbuatı Azərbaycan xalqının “İlin xalqı” adlandırılması xəbərini yaydı. Bu ali dərəcə min illər boyu əcdadlarımızın Qarabağda, Naxçıvanda, İrəvanda, o cümlədən bütöv Qərbi Azərbaycanda ərşə ucalan haqq səsinin, ədalət və azadlıq istəyinin, həmrəyliyin ən ali nümunəsi idi…
    Bəhs olunan tarixi həqiqətlər bu gün haqqında qürurla danışdığımız müasirləşən, inkişaf edən Azərbaycanın bir zamanlar yaşadığı ağrılı-acılı keçmişi idi. İndi o tarixdən çox zaman keçib, Vətənimiz öz inkişaf yoluna qədəm qoyub. Dəyişən zaman tarixi prosesləri, çətinlikləri, məşəqqətləri unutdursa da, xalqımızın mübarizə əzmini, cəsarətini, həmrəyliyini heç zaman yadlaşdırmadı, unutdurmadı. Əksinə, illər ötdükcə xalqımızın uşaqdan-böyüyə hər bir vətəndaşı daha çox bağlandı öz milli kimliyinə, soy-kökünə. Bir zamanlar Qarabağdakı soydaşlarını birliyə, bərabərliyə səsləyən elimizin qədir-qiymət bilən insanları, bu gün üzünü Qərbi Azərbaycan torpağına tutub həmvətənlərini çağırırlar. Yurd yurda qovuşmağa çağırır. Bötüv Azərbaycan yaratmağa, o taylı, bu taylı Vətən olmağa çağırır…

35 il sonra 

    …Artıq başa vurduğumuz 2023-cü il dövlətimizin ictimai-siyasi, sosial-mədəni həyatında baş verən, tariximizə əbədi həkk olunan bir sıra uğurlarla yadda qaldı. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən xalqımızın xilaskar lideri, Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi möhtəşəm tədbirlərlə qeyd olundu.
    2020-ci il 27 sentyabr tarixdən Qarabağ məsələsi, artıq xalqımıza başucalığı gətirir, dövlətimizi siyasət kürsüsündə mütləq söz və qətiyyət sahibi edir. Dövlət başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfər etməsi, səfər zamanı yenilənən, müasirləşən torpaqlarımızda gedən tikinti-quruculuq, abadlıq işləri ilə maraqlanması, o cümlədən bütün tarixi çıxışlarında dövlətimizin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışması, əslində, düşmən siyasəti üçün də son həddin müəyyən edilməsi, onlara “dur” əmrinin verilməsi idi. Düzdür, dövlət başçımız tərəfindən dəfələrlə onlara “tövsiyə” verilib və öz xislətlərindən əl çəkmələri üçün xəbərdarlıq edilib. Ancaq belə bir deyim var; ölülər və dəlilər əqidəsindən əl çəkmədiyi kimi, erməni də öz xülyasından, alçaq xislətindən, yaltaq əqidəsindən heç zaman əl çəkmir…
    2023-cü ilin payızında, növbəti dəfə Azərbaycan və Ermənistan arasında mübarizənin alovlanması artıq dövlətimizin Qarabağ üzərindəki son həmləsi idi. Tariximizə antiterror tədbiri kimi daxil olan və 24 saatdan az davam edən bu hadisə yenə də Azərbaycan xalqının qələbəsi ilə nəticələndi. 2023-cü ilin sentyabrı – Vətən müharibəsinin ildönümünü qeyd etdiyimiz bir vaxtda antiterror əməliyyatlarının başlaması, Azərbaycan Ordusunun dayanmadan irəliləməsi, qeyd-şərtsiz xalqımızın Vətən naminə atılan növbəti ən ali addımı idi. Sözügedən hadisə zamanı, uşaqdan-böyüyə hər bir vətəndaşımızın qalib xalq, qalib ordu kimi “sonuna qədər Qarabağ” söyləməsi, tarixin hər dövründə həmrəy olan soydaşlarımızın birliyi, bərabərliyi və ən əsası qalib dövlət rəhbərinin adekvat addımları ilə Xankəndidə, Qarabağda Azərbaycan Bayrağını dalğalandırması, 35 il bundan öncə Qafqazda “İlin xalqı” adı qazanan xalqımızdan dünyaya kiçik bir xatırlatma etdi. Bəli, biz hələ də buradayıq, öz yerində, öz yurdunda, ana Vətənində “İlin  xalqı” kimi yox, illərin xalqı kimi dayanmışıq! 

Yaşıl dünya naminə...

    2023-cü ilin son günlərində daha bir möhtəşəm xəbər aldıq. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dövlətimizin sosial-iqtisadi zəmində əldə etdiyi uğurları şərtləndirən əsas amillərdən biri, hətta birincisi olacaq. Bu proqramın həmrəylik tədbiri kimi qeyd edilməsi isə böyük siyasi məzmun və sosial əhəmiyyət daşıyır. Çünki həmrəylik proqramı xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb edən bir sıra amillərlə bağlıdır. Bütün bu əhəmiyyətli amillər növbəti dəfə xalqımızı, bütün soydaşlarımızı “yaşıl dünya yaratmaq” üçün bir-birinə birləşdirəcək. 
    Onu da diqqətə çatdıraq ki, ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Və növbəti il qeyd olunacaq “Yaşıl dünya naminə həmrəylik ili” dövlətimizin və xalqımızın bu istiqamətdə atacağı addımların ilki olacaq. 
    Xalqımızın tarixin hər bir dövründə “dəmir yumruq” kimi birləşməsi, düşdüyü bütün çətin situasiyalarda həmrəylik nümayiş etdirməsi min illərdən bəri bizə miras qalmış ən ali ərməğanıdır... El malından yağı düşmənə “pay” verməyən Qaraca Çobanın, Oğuz elinin namusunu qoruyan Burla xatının, Xətainin, Şirvaninin, saraylara əyilməyən Füzulinin mirasıdır. Bu, Vətən mirasıdır, el mirasıdır! Azadlıq, müstəqillik ziyasının Vətəni nurlandırdığı bu 30 ilin hər günü, hər ayı, saatı, dəqiqəsi ali həqiqəti xalqımızın qulaqlarına pıçıldayır: sən azadlıq Günəşinin ardınca dayanmadan, yorulmadan gedən “İlin xalqı”san! Həmrəyliyin daim olsun! 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 10.01.2024 14:18