AZ EN RU

İlin ruzi-bərəkətinin bünövrəsi yaz fəslində atılır

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Həmin müşavirədə qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görməli, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılmalıdır. Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs bu sahədə tədbirlərə diqqəti artırmalı, tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır. Yaz-tarla işlərinin düzgün təşkil olunması bol məhsul istehsalına təminat verir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatını müəyyənləşdirməli, mütərəqqi əkin metodlarına üstünlük verilməli, torpaq mülkiyyətçiləri mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılmalıdır. 

    Verilən tapşırıqların yerinə yetirilməsi  cəbhə bölgəsi olan Sədərək rayonunda da diqqətdə saxlanılır. İlin ruzi-bərəkətinin bünövrəsinin qoyulduğu bahar fəsli, eyni zamanda maddi nemətlər bolluğu yaradan, torpağa bağlı, əkinçi, biçinçi, zəhmət adamlarının qayğılı günlərinin başlanmasıdır. İndi ilin elə vədəsidir ki, gün çıxandan ta gün batana kimi kənd adamı əkin yerində alın tərini torpağa qatır, ilin məhsulunun əsasını qoyur. Sədərəyin zəhmət adamları da gününün çoxunu əkin yerlərində, bağlarda keçirir. Kimi şitil əkir, kimi üzüm tağlarını torpaqdan çıxarıb bağlamaqla, kimisi isə yeni ting əkib, calaq vurmaqla məşğuldur. 
    Rayonda torpaqlardan səmərəli istifadə olunması və yüksəkkeyfiyyətli məhsul istehsalı üçün zəhmət adamlarına hər cür şərait yaradılıb. Su itkisinə yol verilməməsi üçün bu ilin yanvar-fevral aylarında suvarma sistemləri Sədərək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən ara arxları, kollektorlar, beton və torpaq kanallar lildən təmizlənib. Müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarla təchizat da yüksək səviyyədədir. Rayonda  2022-ci ilin məhsulu üçün ötən ilin payızında 2388 hektar sahədə taxıl əkilib ki, bunun 796 hektarı buğda, 1592-si arpadır. Erkən yazdan yaz-tarla işləri davam etdirilməyə başlanılıb. 230 hektar sahədə yaz şumu aparılıb. 24 hektar ərazidə arpa, 29 hektarda yonca, 11 hektarda isə kartof əkilib. Bütün bunlarla yanaşı, rayonun yaşıllaşdırılması da diqqət mərkəzində saxlanılıb. Ağaclar budanıb, dibləri yumşaldılıb. Heydərabad qəsəbəsində və rayonun yaşayış məntəqələrində yol kənarlarına yüzlərlə meşə ağacı, həmişəyaşıl ting və çinar əkilib, suvarılıb, Heydərabad qəsəbəsində 0,3 hektar ərazi yeni üzüm bağı salınması üçün hazırlanıb. Burada torpaq hamarlama işləri görülüb, şırımlar açılıb, əraziyə 620 məhsuldar sortlu yeni üzüm tənəkləri salınıb. Bununla yanaşı, ötən şənbə iməciliyində bir hektar sahədə 1600 üzüm tingi əkilib.  Yerli sortlardan istifadə edilib. 2,2 hektar sahədə isə  yeni badam bağı salınıb. Bununla da sərhəd bölgəsində badam bağlarının ümumi sahəsi 9,5 hektara çatdırılıb.
   Bütün bunlar onu deməyə əsas verir ki, aqrar sahənin inkişafı üçün müəyyənləşdirilən  yol, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr Sədərəkdə də diqqətdə saxlanılır.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 05.04.2022 19:18