AZ EN RU

İlin hər fəslində yerli məhsullar süfrələrimizi bəzəyir

    Günlər həftələri, həftələr ayları əvəz edir və bir də görürük ki, artıq bir ili başa vurmuşuq. Köhnə ili necə yola salsan, yeni ili də elə qarşılayarsan deyiblər. Yurdumuzun insanları digər bayramlar kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını da sevinclə qarşılayır. Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi Bazarda təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının satış yarmarkasının elə ilk günündə buraya gələnlərin ardı-arası kəsilmirdi. Sakinlər keyfiyyəti ilə seçilən yerli məhsulları buradan münasib qiymətə ala bilirlər. Burada istehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunur. Yarmarkanın təşkilində məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.

    İstirahət günü olmasından istifadə edib həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla həmsöhbət oluruq. Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun Çərçiboğan kənd sakini, ailə təsərrüfatçısı Muqbil Zamanovun dediklərindən: 
    – Əkin sahələrindən əldə etdiyim məhsuldan gülab, araq, gül şirəsi hazırlayıram. Bu yarmarkaya da həmin məhsullarla bərabər, həyətimizdə saxladığımız qaz və ördəklərdən də kəsib gətirmişəm. Gətirdiyim quş ətlərinin hamısını satmışam. Yarmarkaya məhsul gətirənlərə hərtərəfli şərait yaradılıb. Səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Burada məhsulları bazar qiymətindən 15-20 faiz ucuz təklif edirik. Altı ildən artıqdır ki, ailə təsərrüfatı sahibiyəm. Şərur rayonunun bərəkətli torpaqları var. Bir əkən min götürür. Təsərrüfatımızda istehsal etdiyimiz məhsulların satışı üçün hər cür şərait var. Bütün bunlara görə minnətdarıq. Belə yarmarkaların təşkili  torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatçılarının min bir zəhmətlə əldə etdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinləri daim cəlb edir. 
    Babək rayonunun Qahab kənd sakini Gülü Məmmədova da ailə təsərrüfatı sahibidir. O, yarmarkaya əriştə, yarma, mürəbbə və meyvə şirələri gətirib. O dedi: – Yaşım 60-ı keçib. İllərdir, nənələrimizdən bizə yadigar qalan qış azuqəsi hazır­lamaq qaydalarını bu gün nəvələrimə də öyrədirəm. Əriştə kəsəndə, yarma hazırlayanda onlara tövsiyə edirəm ki, bu məhsulları hazırlamağı bilsinlər. Yarmarkaya gətirdiyim məhsullar da yaxşı satılır. Qış fəslinin ən çox sevilən yeməklərində işlədilən yarma və əriştə insan sağlamlığına faydalıdır. Yaradılan şəraitə görə dövlətimizə minnətdarıq. 
    Ordubad rayonunun Nüsnüs kənd sakini Famil Quliyevlə də həmsöhbət oluruq. O, yarmarkaya müxtəlif meyvələr gətirib. Deyir ki, meyvəçiliklə məşğuldur. Münbit torpağımız və dövlət qayğısı bizi öz elimizə, obamıza daha möhkəm bağlayıb. Əkib-becərib əmək sərf edir, qarşılığını isə ikiqat görürük. İndi istər qadın, istərsə də kişi olsun, zəhmət çəkən bəhrəsini dadır. Dövlətimiz bizim yaxşı dolanışığımız üçün hər cür şərait yaradıb. Məhsulumuzu istədiyimiz kimi satır, ailə büdcəmizə kömək edirik. Bu cür yarmarkaların təşkili hamımızın ürəyincədir. 
   Şahbuz rayonunun Külüs kənd sakini Münəvvər Quliyeva bildirir ki, 30 ildir, rayonun dağlarından topladığı şəfalı bitkiləri qurudub satışa çıxarır. İlin hər fəslində bu bitkilərdən dəmlənən çaylar cana dərmandır. Bundan başqa, çaşır, baldırqan və digər bitkilərdən turşular hazırlayır. Bütün bu məhsulları yarmarkada satışa çıxarır. 
    Kəngərli rayonunun Şahtaxtı kənd sakini Təranə İmanova isə bunları dedi:
    – On ilə yaxındır ki, ailə təsərrüfatı yaratmışıq. Hər cür şəraitimiz var. Tanrı torpağımıza elə bərəkət verib ki, ilin bütün fəsillərində ruzimiz olur. Rayonun dağlarından  dağ nanəsi, kəklikotu və digər bitkilərdən, həyətyanı sahəmdən isə müxtəlif pencərlərdən yığıb quruduram. Qış fəslində yeməklərdə quru pencər çox istifadə edilir. Bundan başqa, meyvə quruları, tut doşabı hazırlayıram. Təşkil edilən yarmarkalar məhsulları satmaqda çox işimizə yarayır. 
    Sədərək rayonunun sakini Nazilə Əliyeva Sədərəkdə fəal qadın ailə təsərrüfatçılarından biridir. O deyir:
    – Rayonumuzda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb. Kim istəyir ailə təsərrüfatı yaradır. İşləyən, zəhmət çəkən insanlar dövlətimizin qayğısından güc alaraq sahibkara çevrilir. Öz ailəsi ilə bərabər, bir neçə ailənin də çörəkpulu qazanmasına kömək edir. Həyətyanı sahəmdə və pay torpağımda əkib-becərdiyim məhsullardan hazırladığım yeməkləri, müxtəlif turşu növlərini, mürəbbə, doşab, meyvə cemlərini yarmarkaya gətirmişəm. Bunlarla yanaşı, qida kimi istifadə olunan yabanı bitkilərin, gündəlik istifadə etdiyimiz göyərtilərin qurusu da alıcıların diqqətini cəlb edir.
    Yarmarkada olarkən şəhər sakinlərinin də fikrini öyrəndik. Naxçıvan şəhər sakini Validə Səfərova deyir ki, məzrə, nanə, reyhan, şüyüd, keşniş qurusu alıb. Elə yeməklər var ki, onlara göyərti qurusu qatanda daha dadlı olur. Bir qismini uzaqda yaşayan qohum-əqrəbasına sovqat göndərəcək. Həmsöhbətim onu da bildirir ki, bu cür yarmarkaların təşkili uzaqları yaxın edir. Yaşlı-cavan fərqi yoxdur. Bir meyvə qurusu və ya cəviz mürəbbəsi almaq üçün Ordubada və ya dastana almaq üçün Sədərəyə gedə bilmirik, amma dövlətimizin yaratdığı bu şəraitdən bəhrələnərək nə istəsək, alırıq. Sədərəyin ailə təsərrüfatlarından təndir dastanası, Ordubad rayonundan gətirilən sucuq, alana, cəviz mürəbbəsi, Şərurun bərəkətli torpağında yetişən göycə, şaftalı qurusu aldım.
    Alıcılardan Naxçıvan şəhər sakini 70 yaşlı Səkinə Abdullayevanın dediklərindən:
    – Bu günlərdə biz qadınları düşündürən əsas məsələ qarşıdan gələn yeni ildə süfrəmizi necə bəzəyəcəyimizdir. Əvvəllər qış düşüb bayram yaxınlaşanda bilmirdik ki, neyləyək. 90-cı illərin əvvəlləri yaxşı yadımdadır, nə bir meyvə, nə tərəvəz, nə də ki ət olurdu bişirib süfrəyə qoymağa. Uşağın da, qonağın da yanında üzüqara olurdu insan. Bu gün isə min şükür, sağ olsun dövlətimizi bolluq yaradıb. Ürəyin istəyəni alıb süfrəyə qoya bilirsən.
    Burada satıcı və alıcılarla söhbət etdikdən sonra belə qənaətə gəlirik ki, muxtar respublikamızda bütün sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına münbit şərait yaradılır, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına dəstək göstərilir. Ölkə başçımızın regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi Dövlət proqramlarından irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur. Bütün bunlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradır. Mərkəzi Bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı, bayram yarmarkalarında məhsul bolluğu da bunu bir daha təsdiq edir. 
    Növbəti dəfə təşkil edilən kənd təsərrüfatı və sənaye məhsullarının satış yarmarkasında təqdirəlayiq hal kimi diqqətimizi çəkən o oldu ki, təsərrüfatçılar heç bir rüsum ödəmədən yetişdirdikləri bol məhsulu rahat şəkildə satır, alıcılar isə keyfiyyətli yerli məhsulları daha ucuz əldə edirlər. Bazarda yerli məhsullarla yanaşı, Azərbaycanın digər regionlarından gətirilmiş  müxtəlif məhsulların da alıcısı çoxdur. Həmçinin sənaye müəssisələrində istehsal olunan məhsullar da topdansatış qiymətinə istehlakçılara təklif olunur. Bu da istehlakçılara daha rahat seçim imkanı qazandırmaq, eləcə də qiymətlərin tənzimlənməsi və ona nəzarət, alıcılara daha ucuz qiymətlərlə məhsul təklif etmək baxımından əhali tərəfindən razılıqla qarşılanır. 

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 27.12.2022 20:12