AZ EN RU

İlhamla irəli mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin 20 illik fəaliyyəti ilə əlaqədar Babək Rayon Mədəniyyət Sarayında "İlhamla İrəli" başlığı altında tədbir keçirilmişdir.
Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğunu bildirən Babək Rayon İcra Başçısının müavini Səbinə Abbasova prezidentin siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi, O qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Tədbirdə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə ötən 20 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq bildirdi ki, cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri cənab Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.
Babək Rayon Mədəniyyət Sarayının direktor əvəzi, Prezident mükafatçısı Stella Babayeva və Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü siyasətin müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini bildirdilər.
Tədbirin bədii hissəsində Prezidentə və Vətənə həsr olunmuş musiqi nömrələri ifa edilib və ədəbi – bədii kompozisiya nümayiş olunub. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.10.2023 19:53