AZ EN RU

İlham Heydər oğlu Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə bağlı tədbirlər keçirilib - YENİLƏNİB

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
    Ali Məhkəmənin sədri Səadət Bəktaşi bildirib ki, İlham Əliyevin 2003-cü ildə Prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Prezident cənab İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.
    Bildirilib ki, son 20 ildə yeni dövrün tələblərini adekvat şəkildə reallaşdırılan bu islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur.
    Səadət Bəktaşi qeyd edib ki, Ali Baş Komandanın qüdrətli sərkərdəliyi ilə 2020-ci ildə ordumuz tarixi hərbi uğurlar qazanmış, şəhər və kəndlərimiz düşmən tapdağından azad edilmişdir. Silahlı Qüvvələrimizin bu il keçirdiyi antiterror əməliyyatı nəticəsində dövlətimizin suverenliyi bərpa olunmuş, Xankəndi şəhəri başda olmaqla terrorçulardan azad olunan ərazilərdə konstitusion təsisatlar formalaşmaqdadır. Bayrağımız bütün ərazimizdə qürurla dalğalanmaqdadır.
    Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov, Naxçıvan Şəhər Məhkəməsinin  hakimi Gülsüm Əliyeva və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elnur Hüseynov ölkə başçısı cənab İlham Əliyevin başçılığı ilə aparılan hüquq islahatlarından, ölkəmizin bütün sahələrdə inkişafının təmin olunması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. 
    Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

***

    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və muxtar respublika Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    İqtisadiyyat naziri Tapdıq Əliyev “İlham Əliyev və ölkə iqtisadiyyatı” mövzusunda çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə Azərbaycan iqtisadiyyatı yüksək artım templəri nümayiş etdirib. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 Dövlət Proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara 104 milyard manat investisiya yatırılıb. Azərbaycan ötən 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək böyüyüb. Ötən 20 ildə qeyri-neft məhsullarının ixracı 12 dəfə artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.
      Nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” iqtisadiyyatın hərtərəfli inkişafını, 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan mühüm dövlət sənədidir. Naxçıvan Azad İqtisadi Zonasının yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının ana maddəsidir. 
    Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov “Prezident İlham Əliyevin iqtisadi strategiyasında sahibkarlığın inkişafı” mövzusunda çıxışında bildirib ki, Vətən müharibəsindəki Tarixi Qələbə nəticəsində Naxçıvanın blokadadan tamamilə çıxması üçün bütün obyektiv şərait yaradılıb. Buna Zəngəzur dəhlizinin konsepsiyasının reallaşdırılması da kömək edəcək. Naxçıvanın bütün regionun mühüm inteqral qovşağına çevrilməsi üçün əlverişli şərait yaradılacaq. 
    Sonra “İlham” sənədli filmi nümayiş etdirilib.

***

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə nazir Ceyhun Cəlilov çıxış edərək bildirib ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Dövlət başçısının Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyəti nəticəsində bu gün üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanır.

    Ötən 20 il onu göstərdi ki, Prezident cənab İlham Əliyevin başlıca məqsədi dövlətə və dövlətçiliyə, xalqa və vətəndaşa xidmət göstərməklə ölkənin inkişafına, hər bir vətəndaşın sosial tərəqqisinə nail olmaqdır. Dövlət başçısı xalqın rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gerçəkləşdirir. Ümumiyyətlə, sosial tərəqqi Prezident cənab İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən 20 il ərzində atılan addımlar bunun göstəricisidir.
    Sonra mövzu ilə bağlı videoçarx izlənilib.

***

    Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov son 20 ildə əldə edilən bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasətin dayandığını bildirib. Qeyd edilib ki, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, qanunun aliliyinə, insan hüquq və azadlıqlarının qorunmasına əsaslanan cəmiyyət formalaşıb, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkəmiz dünyada söz sahibinə çevrilib. 
    Vurğulanıb ki, cənab Prezidentin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi, qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla həyata keçirməyə imkan verəcək, doğma diyarımız qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanacaqdır. 
    AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. 
    Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin III kurs tələbəsi Bəhriyyə Mustafayeva çıxışlarında dövlət başçısının uzaqgörən siyasətinin muxtar respublikada da  uğurla davam etdirildiyini bildiriblər. 
    Sonda ölkə başçısının respublikamıza rəhbərliyinin 20 illiyinə həsr olunmuş videoçarx nümayiş edilib.  

***

    AMEA Naxçıvan Bölməsində “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans olub.

    Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransdakı çıxışında 15 oktyabr tarixində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2003-2023-cü illəri əhatə edən inkişafından söz açaraq qeyd edib ki, çoxillik liderlik səriştəsi Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olduğunun sübutudur.
    Ötən 20 il ərzində ölkədə baş verən yenilikləri təhlil edən İsmayıl Hacıyev ordu quruculuğu, sənaye, iqtisadiyyat, sosial, mədəni və başqa sahələrdə aparılan islahatlardan, əldə olunan inkişafdan söz açıb. Vurğulanıb ki, ölkənin artan valyuta ehtiyatları, aparılan quruculuq işləri, ÜDM-in 4 dəfə artması Azərbaycanın sürətli inkişafının, artan gücünün və yürüdülən uzaqgörən siyasətin bəhrəsidir.
    Akademik Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin uğurla reallaşdırıldığını xatırladıb. Qarabağ probleminin həlli ilə bağlı Prezident cənab İlham Əliyevin və Ali Baş Komandan kimi nümayiş etdirdiyi qətiyyətli mövqedən, gələcəyə hesablanmış siyasətin bugünkü uğurlu nəticələrindən danışıb.
    Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “20 ilin sosial-iqtisadi və mədəni inkişafı”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “İlham Əliyevin xarici siyasəti dayanıqlı inkişafımızın təminatçısıdır”, Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “İlham Əliyev və Qarabağ problemi” mövzularında məruzə ediblər.
    Sonda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Şərq qapısı” qəzetinin 4 noyabr 2003-cü il tarixli sayında dərc olunmuş “Xalqın İlhamı” adlı şeirini səsləndirib.

Nəşr edilib : 17.10.2023 19:04