AZ EN RU

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinə şanlı səhifələr yazılır.

“Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”, -deyən Cənab İlham Əliyev ötən 20 ildə sübut etdi ki, O verdiyi bütün vədləri gerçəkləşdirən, Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən praqmatik siyasətçi, tarixi şəxsiyyət və güclü liderdir.

 Azərbaycanın inkişaf edən ölkəyə və dünyada söz sahibinə çevrilməsi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm nəticələridir. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə - bütün bunlar tarixinin ən güclü dövrünü yaşayan müstəqil Azərbaycanın bugünkü reallıqlarıdır. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə nəhəng iqtisadi layihələrin əsas iştirakçısı kimi regional və beynəlxalq səviyyədə öz mövqeyini möhkəmləndirir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində Azərbaycan vətəndaşların rifahı və mənafeyi dayanır. 2003-cü ildən ötən dövrdə ölkəmizin iqtisadi göstəriciləri və valyuta ehtiyatları davamlı olaraq artıb, ictimai-siyasi sabitliyə, milli birliyə və dayanıqlı inkişafa nail olunub, yeni iş yerləri açılıb, əhalinin rifahı yüksəlib,  vətəndaşlar layiqli həyat şəraiti ilə təmin edilib. Sözsüz ki, bütün bu islahatların effektivliyini təmin edən başlıca strateji faktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, birbaşa Onun rəhbərliyi ilə reallaşdırılan inkişaf strategiyasıdır.

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2022-ci illərdə dövlətimizin Qoşulmama Hərəkatına sədr seçilməsi və yenidən yekdil qərarla sədrlik müddətinin daha bir il uzadılması, regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməsi, Avrasiyada mühüm nəqliyyat qovşağına çevrilməsi Azərbaycan dövlətinin və Liderinin yüksək nüfuzunun nəticəsidir.

Ordu quruculuğu sahəsində köklü islahatların aparılması, ordumuzun döyüş potensialının artırılması 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələndi. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu, regionda yeni geostrateji reallıqlar yaratdı, ən əsası isə Ümummilli Liderimiz Heydər Əliyevin arzularını reallaşdırdı. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri isə erməni silahlı dəstələrinin tərk-silah edilməsi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulması və dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması ilə nəticələndi. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması müstəqil Azərbaycanın siyasi və iqtisadi qüdrətinin daha bir göstəricisidir.

Cənab İlham Əliyevin fəaliyyətinin əsasında real iş və əməl dayanır. O, Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qalib liderdir.

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi möhtərəm cənab İlham Əliyevi Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə təbrik edir, müstəqil və suveren Azərbaycanın tərəqqisi naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini bundan sonra da daim dəstəkləyəcəyini bəyan edir.

Nəşr edilib : 14.10.2023 15:56