AZ EN RU

İlham Əliyev - xalqın alternativsiz lideri

Uğurlu siyasətin uğurlu varisi

Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu ondan irəli gəlirdi ki, Vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın göründü, seçimin uğuru  təkzib­olunmaz şəkildə öz təsdiqini tapdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər. 
    Görkəmli dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiy­yətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. 
    Azərbaycan dövləti, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkəmiz hər bir vətəndaşımızın fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilib. 

İslahatların yeni dalğası

Prezident cənab İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi və mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.  
    2020-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, həmin il oktyabrın 10-da Fransanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla, 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri  beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmişdir.
    2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək bu qələbənin illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirdi. 

Xalqa əbədi Zəfər bəxş edən Müzəffər Prezident

Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında təkcə müzəffər sərkərdə kimi deyil, həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Cənab Prezidentin dediyi kimi: “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”. 
    Zamanın gedişini haqqın-ədalətin bərpası istiqamətində dəyişən müdrik lider və yenilməz sərkərdə İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu.
    44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması rəmzi məna daşıyır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə oldu. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin iflasa uğradılması, Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya uğurla yerinə yetirildi. 

Qələbəmizdən doğan tarixi reallıq

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Son 20 ildə cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
    Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib.     
    Ölkə Prezidenti cənab İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Nəticədə, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük dəyər verir, Prezident cənab İlham Əliyevi Avropa üçün ən önəmli  LİDER hesab edirlər.

Milyonların sevgisini qazanan LİDER

Son 20 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident cənab İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz LİDERdir.

Qalib xalqın Qalib Prezidenti

    44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçki həm də Zəfər seçkisidir. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Ölkəmizin gələcəyini bu siyasi kursun ətrafında sıx birləşməkdə görən xalqımız yeni seçkilərdə ölkə rəhbərinin yanında olacaq, xarici və daxili siyasətini dəstəkləyəcəkdir. 

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru, 
tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 07.01.2024 21:21