AZ EN RU

İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, Tarixi Zəfər - YENİLƏNİB

Ölkə başçısının 20 illik uğurlu prezidentlik fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Dövlət Universiteti Beynəlxalq məktəbində “İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, tarixi Zəfər” mövzusunda tədbir keçirilib.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra universitetin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyev Ona olan ümidləri, etimadı doğrultdu. 
    Rektor uğurlarımızın zirvəsində dayanan Tarixi Zəfərimizdən geniş bəhs edərək vurğulayıb ki, bu, müstəqillik tariximizin ən parlaq səhifəsidir. Prezident cənab İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 
   Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev çıxışında qeyd edib ki, Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir.
    Tarix ixtisası üzrə II kurs tələbəsi Əziz Vəliyevin “Prezident İlham Əliyevin gənclər siyasəti gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür” mövzusunda çıxışı dinlənilib, “İlham” adlı sənədli film nümayiş etdirilib. 

 ***

    Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətinin 20 illiyi Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Bildirilib ki, Prezident cənab İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. 
    Sonda çıxışlar dinlənilib.

***

    Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Tədbiri giriş sözü ilə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 20 ildəki parlaq fəaliyyətindən danışıb. Bildirilib ki, 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi xalqımızın taleyində tarixi bir gündür. Son 20 ildə cənab Prezidentin rəhbərliyi ilə aparılan ordu quruculuğu, xarici siyasət və iqtisadi yüksəliş Qarabağ zəfərini təmin etdi. Diqqətə çatdırılıb ki, bu gün Qarabağda böyük bərpa-quruculuq işləri aparılır və “Böyük Qayıdış” həyata keçir. 
    Tədbirdə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Rifat Bayramovun da çıxışı olub.   

Xəbərlər şöbəsi

Nəşr edilib : 23.10.2023 19:43