AZ EN RU

İlaxır çərşənbələri

Boz ay – Azərbaycanda xalqın keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilmiş ad boz ay adlanır. Boz ayda su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi qeyd olunur (Sonuncu, həm də "ilaxır çərşənbə" adlanır).

Kiçik çillə fevral ayının 21-də öz yerini boz aya təhvil verir, boz ay fevral ayının 21-dən mart ayının 21-ə qədər davam edir. Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır.  Elə baharın müjdəçisi hesab olunan novruzgülü də adətən Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır.

Çərşənbələrin ardıcıllığı xalqımızın əski mifik dünyagörüşündən qaynaqlanır. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır. Novruzqabağı qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə seçilir. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır.

- Su çərşənbəsi - ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Selçərşənbə” və s. kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, müqəddəslik, dirilik, xoşbəxtlik  bolluq və bərəkətlik  rəmzi kimi bilinməkdədir

 Od çərşənbəsi - od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Bu çərşənbə “Üskü/üsgü çərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” adları ilə də tanınır. Od–işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olmuşdur: “Günəş haqqı, Od haqqı” – demişlər. “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi ifadələr də əcdadlarımızın inanclarından doğmuşdur. “Oddanpay olmaz” sözlərinidə istifadə etmişlər. Od çərşənbəsində hərkəs öz həyətində tonqal qalyar bu adət ənənə günümüzdə də davam etmişdir.

 Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır.

- Yel çərşənbəsi - “Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel”, kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir.  Əski etiqadlardan qaynaqlanan materiallarda “qara nəhr”də yatmış dörd cür külək – ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır. Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Yel çərşənbəsində Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanılır ən əsası isə bəzi evlərdə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq, bayram üçün yeni geyimlər alınır.

Naxcıvan ərazisində Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir.

“Torpaq” çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”,  Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri torpaq Türk xalqları üçün müqəddəs hesab olunurdu. insanın ən böyük andı torpağa ünvanlanmışdır: “Torpaq haqqı" və s.  Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur. “Torpaqdan pay olmaz”, “Torpaqla oynayan ac qalmaz” və s. Bu zaman  Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Torpaq çərşənbəsində əkinçilər əkin - biçinə başlamalı olur. Yer şumlanır, toxum səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə, heç olmasa, torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq, onun istisinə qızınmağa çalışırlar. Axır çərşənbənin də özünəməxsus inancları, xüsusiyyətləri vardır. Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad edir, onlara qonaq getməyə başlayır, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarətə gedirlər. İlaxır çərşənbədə küsülülər barışır, hamı təzə paltar geyinməli, xoş sözlər danışmalıdır. axırıncı cərşənbədə qızlar niyyət tutub evlərə qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar. Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla bəzədilir. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa qoyulur. Çərşənbə, bayram xonçasına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı Günəşin, istiliyin, şəkərburanı hilalın – Ayın, paxlavanı isə ulduzun yerdəki rəmzi kimi götürmək olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin İslamdan öncə “ş”, İslamın qəbulundan sonra “S” hərfi ilə başlaması maraq doğurur. Lap qədimlərdə son çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam, şirni, şərab, İslamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül kimi nemətlərlə əvəzlənmişdi. Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanarmışlar.Göründüyü kimi, ilaxır çərşənbə xalqın adət-ənənələrində yaşamış, nəsildən-nəslə miras kimi gəlib çatmışdır.  İlaxır çərşənbəsi bu gün də Naxçıvan Muxtar Respubilikamızın bütün rayon və kəndlərində təntənəli şəkildə qeyd olunur. Bu adət-ənənələri qorumaq və yaşatmaq hər birimizin üzərinə düşən öhdəlikdir. Arzu edirik ki, xalqımızla bərabər ilaxır çərşənbələrinində ömrü əbədi olsun.

Səfər ƏLİYEV   

                                                   "Naxçıvan mətbəxi" Kulinariya

 Mərkəzinin əməkdaşı

Nəşr edilib : 14.03.2023 14:28