AZ EN RU

İlan və zəhərli həşəratlar sancan zaman nə etməliyik?

İsti mövsümdə insanlar daha çox təbiətlə iç-içə olduğundan sürünənlər və həşəratlarla rastlaşma halları da çoxalır. Ölkəmizdə hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Buna görə də əhalinin xəstəxanalara müraciəti artır. Belə problemlərlə üzləşən zaman ilkin müdaxilə böyük əhəmiyyət daşıyır. Bəs ilan və zəhərli həşəratlar sancan zaman nə etməliyik?  Mövzu ilə bağlı  suallarımıza cavabları Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxananın Təcili yardım şöbəsinin həkimi Hüseyn Əsgərovdan aldıq. Öyrəndik ki, ilan sancan zaman 12 saat ərzində xəstə tibb məntəqəsinə çatdırılaraq həkim təyinatı ilə ona zərdab vurulmalıdır. Zərdabın yalnız həkim nəzarətində və təyinatı ilə vurulması mütləqdir. Çünki həmin zərdab at qanından alınan immunoloji preparatdır və bir çox halda allergik anafilaktik reaksiya baş verə bilər.  Müdaxilə zamanı həmin nahiyəni az hərəkət etdirib, üzərinə soyuq su və ya buz qoya bilərik.  Xəstə əgər çox hərəkət etsə, zəhərin yayılmasına səbəb olar.

 Hüseyn həkim onu da vurğuladı ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil, limfatik yollarla yayılır. Ona görə də qan damarlarını sıxmaq olmaz. Həmin nahiyəyə sıxmayan sarğı qoymaq, iki yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. İlan sancan yeri kəsmək, zəhəri sormaq kimi yayılan hallar arzuolunmazdır. Həmin yeri kəsmək əlavə infeksiyaya yol açır. İlan sancmasından sonra həmin nahiyədə yandırıcı ağrı, şişkinlik, tədricən göy rəngə çevrilən qızartı yaranır. Zəhər sorulduğu təqdirdə qusma, baş ağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması müşahidə  edilir. Ağır hallarda mədə-bağırsaq qanaxması, hətta iflic olma vəziyyətinə gətirib çıxara bilər.

İlanın sancdığı yerdə iki yanaşı yerləşən və 10-15 dəqiqə qanayan qırmızı nöqtə aşkar edilir. İki diş yerinin olması ilanın zəhərli, bir diş yerinin olması isə zəhərsizliyini göstərir. Təcili olaraq zərərçəkənin ayaqları bir qədər yuxarı vəziyyətdə uzadılır və tam sakitlik təmin edilir. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. Həkimin sözlərinə görə  təcili yardım gələnə qədər onu xərəkdə aparmaq, zədələnmiş ətrafı hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şina qoyulur və ya zədələnmiş ətrafın sağlam ətrafa bağlanması zəhərin orqanizmə yayılma sürətini azaldır. İlan çalana ilıq şəkildə çoxlu maye, kəmşirin çay  içirilməlidir. Antihistamin və ağrıkəsici preparatlar da qəbul etmək olar. İlan sancması zamanı heç bir halda yaranı yandırmaq, həmin nahiyədə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqollu içkilər vermək olmaz.

Müsahibimiz bildirdi ki, sancmadan 20 dəqiqə sonra heç bir zəhərlənmə əlaməti müşahidə edilməməsi ilanın zəhərsiz olduğunu göstərir. Çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət fəsadlarla üzləşmək olur. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədəndə limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Həmin nahiyənin sıxılması isə sağalmanı çox gecikdirir. Yadda saxlamaq lazımdır ki, ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma amputasiyaya səbəb ola bilər.  Həkim onu da vurğuladı ki, ilan sancması ilə yanaşı, zəhərli həşəratların da  dişləməsi allergik reaksiyalara səbəb olur, bu isə qaşınma, dişləmə yerinin qızarması, şişkinlik və gec sağalan yaralar əmələ gətirə bilər. Həşərat dişləməsi allergiyası olanlar üçün daha təhlükəlidir. Həşərat sancmasına qarşı duz məhlullarından və iltihab əleyhinə dərmanlardan istifadə etmək olar. Anafilaktik şok, boğulma, təzyiqin düşməsi halları vaxtında müdaxilə tələb edir. Həşərat sancan zaman həmin nahiyəni qaşımaq, əlavə müdaxilələr etmək, qıcıqlandırıcı maddələr, o cümlədən yod, spirt vurmaq məqsədəuyğun deyil.                                            Bu aylarda ən çox rast gəldiyimiz hallardan biri olan arı sancmalarından da  danışan həkim deyir ki, arı sancmaları ən az tibbi müdaxiləyə ehtiyac olan hallardan olsa belə arı sancmasına qarşı allergiyası olan şəxslər xoşagəlməz vəziyyətlə qarşılaşa bilərlər. Arı sancması zamanı ilk yardım tez edilərsə, ağrı daha az, sağalma isə daha sürətli olar. Belə ki, ilk olaraq 30 saniyə içərisində arının iynəsini çıxarmaq lazımdır. Arının sancdığı yerdə 1-3 saat şiddətli ağrılar, 7 günə qədər şişkinlik və qızarıqlıq ola bilər. Qaşıntının qarşısını almaq üçün isə mütləq həkim məsləhəti ilə dərman qəbul etmək lazımdır.

Həkimin də dediklərindən o nəticəyə gəlirik ki, istənilən zəhərli ilan və həşərat sancması zamanı xəstəyə ediləcək tibbi yardım buz qovuğu tətbiqi, sancma nahiyəsinin hərəkətsizliyini təmin etməkdir. Sonra ən yaxın tibb müəssisəsinə müraciət edib, professional tibbi yardım almaq lazımdır. Heç bir əlamət və ya şikayət olmasa belə həkim müayinəsi mütləqdir. Hər bir şəxs bilməlidir ki, xəstəyə kimdənsə eşitdiyini icra edərək sancma nahiyəsini kəsmək, zəhər sormaq, sancma nahiyəsini saatlarla sıxıb bağlamaq kimi edilən yardımlar həmin xəstənin ağırlaşma riskini artırır. Gəlin özümüzü belə təhlükələrdən qoruyaq!

 

Bülbül QULİYEVA

Nəşr edilib : 16.05.2024 12:26