AZ EN RU

İkinci Şuşa Qlobal Media Forumu bütün dünya üçün mühüm mesajlarla yadda qaldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də günəş elektrik enerjisi baxımından...Naxçıvanda 500 meqavat gücündə günəş elektrik stansiyası ilə bağlı böyük planımız var”.

Dünyada baş verən qlobal hadisələr fonunda informasiya axınını düzgün tənzimləmək, cəmiyyətə daha dəqiq, fakta əsaslanan məlumatlar ötürmək sahəsində media sektorunun üzərinə mühüm vəzifələr, böyük məsuliyyət düşür. Bu baxımdan əllidən artıq ölkənin nümayəndəsinin bir araya gəldiyi “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu müasir dövrdə bütün ölkələrin əziyyət çəkdiyi dezinformasiya ilə mübarizə, media sahəsində məlumatlandırma, COP29, iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi ilə yadda qaldı. Ənənə halını alan forumda dövlət başçısı Prezident cənab İlham Əliyevin təkcə media deyil, regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş çıxışı mühüm mesajlarla zəngin idi.

Bu günə qədər ölkəmizin ən çox məruz qaldığı informasiya savaşlarından biri də yalan və dezinformasiyaya qarşı mübarizədir. Həyatımızın mühüm bir hissəsini təşkil edən internetdə hər gün yüzlərlə yalan, qeyri-dəqiq, həqiqəti əks etdirməyən, fakta əsaslanmayan məlumatlar yayılır. Təəssüf ki, bunun qarşısını almaq çox vaxt mümkün olmur. Xüsusilə ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlarda faktların manipulyasiyasını, yanlış narrativlərinötürüldüyünü görürük. Ölkəmiz uzun illər ərzində bunun qurbanı olub və xüsusilə 2020-ci ildə cəmi 44 gün çəkən müharibədə qarayaxma kampaniyalarının yaxından şahidi olduq. Bu ərəfədə ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücumlar edir, reallıqdan uzaq məlumatları təqdim etməklə həm də informasiya müharibəsi başladırdılar. Lakin, məqsədlərinə nail ola bilmədilər. Ölkə başçısının həmin vaxtda 30-dan artıq beynəlxalq media qurumuna geniş müsahibələri məhz bu çirkin təbliğatların qarşısını aldı. Etnik təmizləmənin qurbanı olan bir ölkə kimi 30 ildən artıq bir dövrdə işğal altında qalan torpaqlarımızın azad edilməsi, haqqın, ədalətin öz yerini tapması isə mediada ölkəmizə qarşı münasibəti az da olsa, dəyişə bildi. Ölkə başçısı forumdakı çıxışında dedi: “Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”.

Azərbaycanla bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatların çoxu Qərbdən qaynaqlanır və artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Lakin hər zaman Azərbaycan xalqı haqqı nahaqdan seçməyi bacarıb və hökumətin fəaliyyətinin əsas hissəsi də məhz xalqın mənafeyi naminə olub. Hazırda Azərbaycanın Qarabağda Qələbəsinin yeganə geosiyasi dəyişiklik olmadığını vurğulayan ölkə başçısı Cənubi Qafqaz regionunda tarixi, geosiyasi dəyişikliklərin baş verdiyini, ənənəvi ittifaqların bir qədər zəiflədiyini və yeni əməkdaşlıq formatlarının meydana gəldiyini bildirdi. Ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının təkcə birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə olduğu vurğulandı.

Bəzən sülh və ərazilərimizin azad edilməsi naminə Prezident olaraq bütün hissləri və emosiyaları kənara qoymalı olduğunu vurğulayan ölkə başçısı ATƏT-in keçmiş Minsk qrupu ilə, o cümlədən Azərbaycana qarşı soyqırımı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərlə bir vaxtlar keçirilən görüşlərin ərazilərimizin bərpasında xeyri olduğunu vurğuladı. Azərbaycanın nizami ordusunun olmadığı bir vaxtda 1994-cü ildə atəşkəsin əldə edilməsinin ölkənin xilasında mühüm rol oynadığını dedi. Dövlətimizin başçısı bunu belə ifadə etdi: “Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək... Bu mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq”.

Azərbaycan nəinki daxili, eləcə də xarici siyasətdə də uğurlar əldə edib. Xarici ölkələrlə, xüsusiləRusiya ilə münasibətlər qarşılıqlı anlaşma, hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlanıb. Eləcə də Azərbaycan-ABŞ münasibətləri hər zaman sabit olub. Ölkəmizin Respublikaçılar hakimiyyəti ilə daha uğurlu və nəticəyönümlü əlaqələri də mövcuddur. Lakin çox vaxt Azərbaycana qarşı birtərəfli yanaşmanın şahidiyik. Brüssel görüşündə Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsi qəbuledilməzdir.Azərbaycanın maraqlarının Cənubi Qafqazda təmin edilməsi dövlətimizin əsas məqsədlərindən biridir.

Forumda bu ilin noyabrında Bakı şəhərində baş tutacaq COP29 tədbiri və bunun fonunda iqlim dəyişikliyi ilə bağlı suallara da aydınlıq gətirildi. Neft və qazla zəngin ölkə kimi Qərb mediasında daim ittihamlara məruz qalan ölkəmiz bu gün də bu ittihamlarla üzləşir. Ancaq vaxt keçdikcə, Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar bizə qarşı olan hücumların sayını azaldır. Bu qlobal əhəmiyyətli konfrans ilk dəfə postsovet məkanında keçiriləcək. Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurmağı bacaranAzərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə əldə edib. Ölkəmiz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri yaradıb və bu gün Avropa ölkələri Azərbaycan qazına böyük ehtiyac duyur. Onlar yaşıl texnologiyaya, yaşıl keçidə sərmayə qoyurlar. Naxçıvanda “Yaşıl enerji” ilə bağlı böyük planlar olduğunu vurğulayan ölkə başçısı qeyd etdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Burada günəş elektrik enerjisi baxımından çox böyük potensial var. BP tərəfindən günəş elektrik stansiyası buraya yaxın yerləşən Cəbrayıl rayonunda tikiləcək. Həmçinin Naxçıvanda 500 meqavat gücündə günəş elektrik stansiyası ilə bağlı böyük planlar vardır. Qarşıya qoyulan məqsədlərdən aydındır ki, Naxçıvan gələcəkdə həm də “yaşıl enerji” regionuna çevriləcək. COP29 çərçivəsində yaşıl gələcəklə bağlı məsələlər öz həlini tapacaq. Həmrəylik, birlik əsasında ölkəmiz qarşıya qoyduğu məqsədlərə çatmaqla həm də digər ölkələrin inkişafı üçün də öz töhfəsini verəcək.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür – ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”. Əminik ki, ölkəmiz dövlət başçısı Prezident cənab İlham Əliyevin uzaqgörən, uğurlu siyasi rəhbərliyi ilə gələcək üçün qarşı qoyduğu bütün məqsədlərə tezliklə çatacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 22.07.2024 16:35