AZ EN RU

İkinci Dünya müharibəsi – xalqımızın milli ruhunun təntənəsi, misilsiz şücaət və qəhrəmanlıq rəmzi

    İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazanılan qələbədən 78 il ötür. Bəşər tarixində silinməz izlər buraxan bu müharibəyə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində Azərbaycan da var idi və o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşçülərin təltif olunması faizinə görə ölkəmiz ən öncül sıralarda dayanırdı. Belə ki, 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşub, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilib, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülüb.

    Müharibədə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilən 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçib, soydaşlarımızın, təxminən, yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Müharibənin taleyində muxtar respublikamız da böyük rol oynayıb, 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Qürurlu haldır ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olublar.
    Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanıb. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollanan naxçıvanlıların hər iki nəfərindən biri – 16 minə yaxın insan həlak olub. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – Sovet İttifaqı Qəhrəmanı adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən Müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif olunublar. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçiliblər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə alıb, gecəni gündüzə qataraq yorulmaq bilmədən çalışıb, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstəriblər. O da xüsusi vurğulanmalıdır ki, faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycan nefti böyük rol oynayıb. Belə ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi.
    Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilib.
    Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən, 100 illik yubileyini möhtəşəm şəkildə qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycanlıların 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
    Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilib. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülüb, imtiyazları və statusları bərpa olunub.
    “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik. Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir, hər il 9 May – Qələbə Günü ərəfəsində müvafiq katoqoriyadan olan insanların birdəfəlik maddi vəsaitlə təmin edilməsi ilə bağlı Sərəncam imzalayır. Ölkə Prezidentinin İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakarlıq göstərmiş insanlara davamlı xarakter alan qayğısı hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılanır. “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam da bu təbəqədən olan vətəndaşlara dövlət başçısının verdiyi xüsusi önəmin növbəti göstəricisidir. “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.
    Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da müharibə veteranlarına xüsusi qayğı ilə yanaşılır, onların sosial müdafiəsi gücləndirilir, veteranlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri ilə təmin olunurlar. Muxtar respublikada 1941-1945-ci illərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin milli-mənəvi dəyərlər, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm amilə çevrilib. Hər il 9 May – Qələbə Günü muxtar respublikada geniş şəkildə qeyd olunur. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən diqqətin əyani ifadəsidir.
    1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gənclərimizdə yüksək vətənpərvərlik ruhunu 2020-ci ilin sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bütün dünya bir daha gördü. Həmin gün Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutmasına cavab olaraq ordumuz əks-hücuma keçdi. Xalqımız 44 gün davam edən Vətən müharibəsində dəmir yumruq kimi birləşərək Böyük Qələbəyə imza atdı, əzəli torpaqlarımız işğaldan azad olundu, Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Hadrutda, Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsində dövlətçiliyimizin əsas atributlarından sayılan üçrəngli bayrağımız ucaldıldı, ata-baba yurdlarımız dirçəldilməyə başlanıldı, soydaşlarımızın böyük qayıdış prosesinə start verildi. Qazanılan hərbi-siyasi nailiyyətlər dövlət-xalq həmrəyliyinin, birliyinin, sarsılmaz iradənin, dönməz mövqenin təntənəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamında deyildiyi kimi: “Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu... Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
    İkinci Qarabağ müharibəsində iştirak edən hər bir azərbaycanlı gənc ata-baba əmanəti sayılan torpaqlarımızın erməni faşistlərinin əsarətindən azad olunmasında qəhrəmanlıq göstərdi, şəhadətə yüksəldi, qazi, qalib kimi evinə qayıtdı, misilsiz Qələbə qazandı. Başqa sözlə, xalqımızın nümayəndələrinin 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı mətin, əzmli gənclərdən ibarət müzəffər Azərbaycan Ordusu 75 il sonra bir daha təkrar etdi. Bu həm də nəsillər arasında varislik ənənələrinin müfəssəlliyi, milli ruhun, həmrəyliyin təntənəsi idi. Ulu babaları alman faşizmini məğlub etdiyi kimi, bugünkü qəhrəman gənclərimiz də erməni faşizminə eyni aqibəti yaşatdı. Alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza atan Qaregin Njden atalarının ənənələrinə, ideyalarına sadiqliyi bariz şəkildə göstərən ermənilər I və II Qarabağ müharibəsi, atəşkəs dövründə törətdikləri terror aktları, vəhşiliklərlə, hətta nasistləri də geridə qoymağı bacardılar. 44 günlük Vətən müharibəsində dəfələrlə Azərbaycanın qədim, gözəl şəhərləri Gəncəni, Bərdəni raket atəşinə tutaraq əbəs yerə “Xocalı cəllladları”, “Uşaq qatilləri” damğası ilə nahaq yerə əbədilik ləkələnmədiklərini bütün dünyaya bir daha sübut etdilər. 2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək qarşı tərəfə ərazilərimizdən çıxmağa möhlət versə də, ermənilər yenə öz xislətlərindən əl çəkməyərək fürsətdən sui-istifadə edib sonradan onlarla soydaşımızın ölümünə səbəb olan minalanma kampaniyası həyata keçirdilər. Müharibədən ötən dövr ərzində dəfələrlə təxribatlara əl atan Ermənistana layiqli cavab verən Müzəffər Ordumuz onu sülh sazişi imzalamağa sövq etsə də, təəssüf ki, qarşı tərəf humanizmdən bəhrələnmək əvəzinə vəziyyəti gərginləşdirməkdə, faşizm əqidəsindən dönməməkdə israrlıdır. Öz vətəndaşının rifahını hər şeydən üstün tutan Azərbaycan dövlətinin mövqeyi isə regionda sülh, əməkdaşlıq və inkişaf siyasəti aparmaq baxımından qətidir, birmənalıdır, dönməzdir. Son bir neçə il ərzində baş verən tarixi-siyasi hadisələr də kimin doğru, kimin yanlış yolda olduğunu göstərdi. Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda dediyi kimi: “...Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Düşünürdülər ki, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər...”
    Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 1941-1945-ci illərdə olduğu kimi, İkinci Qarabağ müharibəsində də naxçıvanlı gənclər böyük şücaət göstərdilər, torpaqlarımız uğrunda canlarından keçdilər. Təbii ki, bu, İkinci Dünya müharibəsi qəhrəmanlarının adını daim uca tutan, hər kəs üçün örnək sayan Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, yoluna ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən sonsuz sədaqətin, illərlə aparılan mütərəqqi dövlət-gənclər siyasətinin, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində gənclərdə formalaşmış Vətənə sevgi, torpağa, milli ruha bağlılığın məntiqi nəticəsi idi. Xalqımızın milli ruhunun təntənəsi, misilsiz şücaət və qəhrəmanlıq rəmzi sayılan İkinci Dünya müharibəsində igidlik göstərən, şərəf, ləyaqət dastanı yazan Vətən övladları heç zaman unudulmayacaq, onların keçdikləri döyüş yolu bundan sonrakı gənc nəsillər üçün də örnək, nümunə sayılacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.05.2023 22:14