AZ EN RU

İkinci Dünya müharibəsi – xalqımızın milli ruhunun, həmrəyliyinin qələbəsi

İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazanılan qələbədən 79 il ötür. Bəşər tarixində silinməz izlər buraxan bu müharibəyə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində Azərbaycan da var idi və o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşçülərin təltif olunması faizinə görə ölkəmiz ən öncül sıralarda dayanırdı. Belə ki, 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşub, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilib, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülüb.

Müharibədə cəsur azərbaycanlılardan ibarət 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçib, soydaşlarımızın, təxminən, yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Müharibənin taleyində Naxçıvan da böyük rol oynayıb, 402-ci diviziya burada formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Qürurlu haldır ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranlardan olublar.

Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanıb. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollanan naxçıvanlıların hər ikisindən biri, 16 minə yaxın insan həlak olub. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – “Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən Müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif olunub. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçiliblər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə alıb, gecəni gündüzə qataraq yorulmaq bilmədən çalışıb, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstəriblər. Xüsusi vurğulanmalıdır ki, faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycan nefti böyük rol oynayıb. Belə ki, həmin illərdə sovet ittifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici amil kimi sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsindəki ixtiraları isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi.

Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilib.

Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycanlıların 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 may respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilib. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülüb, imtiyazları və statusları bərpa olunub.

Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir və bu addım hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılanır. “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam da bu təbəqədən olan vətəndaşlara dövlət başçısının verdiyi xüsusi önəmin göstəricisidir. “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı həmin şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.

1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gənclərimizdə yüksək vətənpərvərlik ruhunu 2020-ci ilin sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bütün dünya bir daha gördü. Həmin gün Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutmasına cavab olaraq ordumuz əks-hücuma keçdi. Xalqımız 44 gün davam edən Vətən müharibəsində “dəmir yumruq” ətrafında birləşərək misilsiz Qələbəyə imza atdı, əzəli torpaqlarımız işğaldan azad olundu.  Ötən il sentyabrın 19-20-də 24 saata yaxın müddətdə aparılan lokal xarakterli antiterror tədbirləri ilə müzəffər Ordumuz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdi. Bu gün Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndidə dövlətçiliyimizin əsas atributlarından sayılan üçrəngli bayrağımız dalğalanır, ata-baba yurdlarımız dirçəldilir, soydaşlarımızın böyük qayıdış prosesi uğurla aparılır. Ötən günlərdə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Qazaxın 4 kəndinin geri qaytarılması ilə vasitəçilik prinsipinə son qoyulmaqla, sərhədlərin delimitasiyası, demarkasiya işlərinə də artıq başlanıldı. Beləliklə, Azərbaycan Müzəffər Liderinin siyasi qətiyyəti sayəsində növbəti diplomatik qələbəni-sülhü addım-addım yaxınlaşdırır. Prezident cənab İlham Əliyevin mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında dediyi kimi: “Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb... Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 1941-1945-ci illərdə olduğu kimi, İkinci Qarabağ müharibəsində də azərbaycanlı gənclər böyük şücaət göstərdilər, torpaqlarımız uğrunda canlarından keçdilər. Təbii ki, bu, İkinci Dünya müharibəsi qəhrəmanlarının adını daim uca tutan, hər kəs üçün örnək sayan Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, yoluna ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən sonsuz sədaqətin, illərlə aparılan mütərəqqi dövlət gənclər siyasətinin, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində gənclərdə formalaşmış Vətənə sevgi, torpağa, milli ruha bağlılığın məntiqi nəticəsi idi. Xalqımızın milli ruhunun təntənəsi, misilsiz şücaət və qəhrəmanlıq rəmzi sayılan, həmrəyliyin qələbəsi – İkinci Dünya müharibəsində igidlik göstərən, şərəf, ləyaqət dastanı yazan Vətən övladları heç zaman unudulmayacaq, onların keçdikləri döyüş yolu bundan sonrakı gənc nəsillər üçün də örnək, nümunə sayılacaq...

Nail ƏSGƏROV

Nəşr edilib : 09.05.2024 00:02