AZ EN RU

İki var otuz ikidən daha çox...

    Dünya ölkələri hər ötən gün Vətənimiz Azərbaycanın qüdrətinin, siyasi arenada əldə etdiyi müvəffəqiyyətin şahidi olur. Qədim torpağımız Qarabağın işğaldan azad edilməsindən sonra dövlət başçımızın bu və ya digər sahələrdə apardığı danışıqlar, icra edilən proqramlar dövlətimizi, sözün əsl mənasında, dünya miqyasında güclü söz sahibi edib. Bir zamanlar Xocalı soyqırımı kimi cinayəti tanımayan, tanımaqdan boyun qaçıran dövlətlər, daha dəqiq ifadə etsək, dünyanın idarəedici güc sahibləri artıq Azərbaycan xalqının, ordusunun gücü qarşısında sülh və tərəfdaşlığın düşmən ölkə ilə olan münasibətlərdə daha yaxşı nəticələr doğuracağını gündəmə gətirir.

    Ötən gün axşam saatlarında ölkə mediasında yayılan operativ xəbər isə başda Azərbaycan xalqı olmaqla bütün soydaşlarımızı sevindirdi. Bir neçə gün bundan öncə Ermənistan mediasında ömürlük həbs cəzasına məhkum edilməsi xəbəri yayılan Hüseyn və onunla birgə həbs olunan Aqşinin azad edilməsi dövlətimizin siyasi müstəvidə əldə etdiyi parlaq qələbənin təntənəsi idi. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bu il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüşdülər. Bu hadisədən, təxminən, bir ay sonra isə Ermənistan məhkəməsi Aqşin Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə əsir saxlanılan, guya “qətldə ittiham olunan” azərbaycanlı əsgər Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum etmişdi. Bu barədə yayılan son məlumatlarda isə dediyimiz kimi onların, əsasən də, Hüseyn Axundovun ömürlük həbs cəzasına məhkum edilməsi xəbəri xalqımızı sarsıtmışdı. 
    Uzun müddət sonra Azərbaycan və Ermənistanın sülh və humanizm prinsipləri çərçivəsində birgə məlumat yayması, həqiqətən də, gözlənilməz hadisə idi. Çünki dövlətimiz dəfələrlə düşmən ölkəni istər Qarabağın işğalı məsələsində, istərsə də başqa mövzularda sülh və tərəfdaşlığa dəvət etsə də, onlar işğalçılıq meyillərindən əl çəkməmiş, sülhdən boyun qaçırmışdılar. Lakin bu xəbərin, daha doğrusu, razılıq aktının dəqiqliyi bir daha düşmən ölkənin acizliyinin, məğlubiyyətinin nəticəsi olmaqla bərabər, həm də bir zamanlar sülh və tərəfdaşlıq təklifinə terror aktları ilə cavab verən Ermənistan hökumətinin, bu gün Azərbaycanın humanizm siyasətinə sığınmasının əyani sübutu idi. 
    32 erməni hərbçisinə qarşı 2 Azərbaycan əsgərinin təhvil verilməsi... Düzdür, ilk baxışdan 2 nəfərə qarşı 32 nəfərin təhvil verilməsi ədalət tərəzisinin gözündə taraz görünməyə bilər. Amma bunun mənəvi tərəflərini düşünəndə görürsən ki, yox, heç də elə deyil. Ən başda onu unutmayaq ki, xalqımız üçün böyükdən-kiçiyə bütün soydaşlarımızın həyatı, ən əsası isə onların azadlığı daha əzizdir, doğmadır. Vətən müharibəsində şəhid yoldaşlarını döyüş bölgəsindən çıxarmaq üçün canını təhlükəyə atan qəhrəmanlarımızı düşünəndə, həmçinin şəhid general-mayor Polad Həşimovun döyüş papağını müharibə zonasından götürmək üçün canını qurban verməyə hazır olan Vətən müharibəsi şəhidi İlkin Muradlını düşünəndə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşini düşmən əlindən xilas etmək üçün sərhədləri aşan şəhid Fərid Əhmədovu düşünəndə xalqımızın iradəsində və Ali Baş Komandanımızın siyasətində bir həqiqəti görürük – iki var otuz ikidən daha artıq...
    Hər iki əsgərimizin ailəsi üçün ümidlərin söndüyü anda Ali Baş Komandanımızın bu qələbəsi xalqımızı qürura, sevincə qərq etdi. Bu sevincin ən böyüyünü isə, təbii ki, əsgər Hüseyn Axundovun ailəsi yaşadı. İlk dəfə ömürlük həbsə məhkum edildiyi xəbərini eşidən və bu məlumatın alınmasından cəmi bir gün keçmiş oğlunun azad edilməsi xəbərini alan Şəlalə Axundova mediaya sevincini bu sözlərlə ifadə edib: “Oğlumun düşmən ölkə tərəfindən cinayətdə təqsirkar bilinməsi və ömürlük həbsə məhkum edilməsi çox ağır xəbər olmuşdu. Amma bu məlumatın üzərindən cəmi bir gün keçmişdi ki, cənab Prezidentimizin iradəsi ilə mənim oğlum Hüseyn Axundovla digər əsgərimiz Aqşin Bəbirovun da erməni əsirliyindən azad edilməsi məlumatını aldıq. Xəbəri aldığım anda sevincimdən özümü itirdim. Özümə gəldikdə isə başda şəhid ailələrimiz olmaqla qazilərimiz, Vətən müharibə iştirakçısı olmuş cəsur oğullarımız başımın üstündə idi. Mənə gözaydınlığına gəlmişdilər... Qüdrətli cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Ümidlərimizin puç olduğu yerdə Onun qətiyyəti bizə ikinci dəfə həyatı verdi”. 
    Bəli, ümidlərin puç olduğu yerdə qalib xalq, qalib ordu, qalib rəhbər birliyindən doğan qətiyyət, əzmkarlıq, şücaət öz sözünü deyir, öz gücünü göstərir. Bax belə bir situasiya ilə üz-üzə olduqda məsələyə Ali Baş Komandan, Prezident cənab  İlham Əliyev müdaxilə etdi. İllər öncə Ramil Səfərovun məsələsinə müdaxilə etdiyi kimi... Bu həm də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününə qalib rəhbərin verdiyi ən böyük hədiyyə idi, ən gözəl təbrik mesajı idi. Qüdrətin, qətiyyətin, əzmkarlığın daim olsun, cənab Prezident, xalqımız sizə güvənir...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 08.12.2023 19:09