AZ EN RU

İki ölkə arasındakı könül bağları enerji bağları ilə daha da möhkəmləndirilir Forum çərçivəsində iki ölkənin nazirləri press-brifinq keçiriblər

    Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı ilə bağlı press-brifinq keçiriblər. 
    Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxışında deyib: “Bu həftə ərzində Naxçıvanda çox önəmli hadisə baş verdi. Həftənin əvvəlində Azərbaycan və Türkiyə dövlət başçılarının Naxçıvana səfəri oldu. Bu səfər çərçivəsində Naxçıvan ilə İğdır arasında qaz boru xəttinin təməlqoyma mərasimi keçirildi. Dövlət başçılarımız bu mərasimdə iştirak etdilər. Eyni zamanda bu səfər çərçivəsində Azərbaycan ilə Türkiyə Energetika nazirlikləri arasında Naxçıvan Türkiyə arasında elektrik enerjisi bağlantısının da olacağını nəzərdə tutan layihə haqqında memorandum imzalandı. Və bu çərçivədə biz bu gün artıq “Azərenerji” və “TEİAŞ” arasında yeni bir razılaşma əldə etdik. Bu layihənin həyata keçirilməsi üçün yol xəritəsini əks etdirən yeni bir layihə imzalandı. Bizim niyyətimiz Azərbaycan ilə Türkiyə arasında bu günə qədər olan strateji enerji əməkdaşlığını da daha geniş inkişaf etdirməkdir. Bu sahənin demək olar ki, bizim aramızda baxmadığımız, müzakirə etmədiyimiz istiqamətləri yoxdur. Enerji sahəsinin bütün istqamətləri üzərində bizim çox geniş bir iş birliyimiz var. Azərbaycan-Türkiyə enerji forumu çərçivəsində bu platformada biz neft, qaz və eyni zamanda elektrik enerjisi, bərpa olunan enerji, səmərəli elektrik enerjisi bazarının yaradılması və mədənçilik üzrə də işçi qruplar çərçivəsində işlər aparılır”. Nazir əmin olduğunu bildirib ki, gələcəkdə də bu platformadan istifadə edib, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni səylər göstərəcəyik. 
    Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar: “Bazar ertəsi cənab Prezidentimizin dövlət ziyarəti çərçivəsində burada idik. Türkiyə-Azərbaycan, iki ölkə arasında könül bağları mövcuddur. Bu könül bağlarını enerji bağları ilə daha da möhkəmləndirməyə çalışırıq. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yanında, indi də İğdır-Naxçıvan boru xəttinin təməlini atdıq. Önümüzdəki il bu boru xəttini tamamlayıb və həmin ilin qışı Naxçıvanda Türkiyədən gəlmiş qazla insanlarımızı təmin edəcəyik. Azərbaycan energetika nazirinin də dediyi kimi, xüsusilə elektrik enerjisi tərəfində, bu bölgənin Günəş, külək enerji potensialını həyata keçirəcək, buradan alınan elektriki Türkiyəyə götürə biləcək interkonneksion layihələri üzrə işbirliyimizi inkişaf etdiririk. Bu mənada, imzaladığımız sənədlərlə sistem operatorlarımızın işbirliyini də daha irəli səviyyəyə götürmək istəyirik. Türkiyə-Azərbaycan enerji forumu bizim münasibətimizi, enerjidəki əlaqələrimizi artıracaq, daha da dərinləşdirəcək önəmli bir platformadır”. 
    Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri jurnalistlərə onu da bildirib ki, iki ölkənin enerji sahəsindəki bu işbirliyi, sadəcə, iki ölkə üçün deyil, bölgədə, Avropa təchizat təhlükəsizliyi, qlobal neft bazarı üçün çox önəm kəsb edir. Bu gün Bakı-Tbilisi-Ceyhan boru xəttində, təxminən, 700 min barel neft Ceyhan üzərindən dünya bazarına gedir. Bənzər şəkildə TANAP və Türkiyə-Bolqarıstan üzərindən də Avropa təchizat təhlükəsizliyinin artırılmasına təbii qaz baxımından önəmli bir töhfə veririk. Bu töhfəni verməyə davam edəcəyik. İki dost, qardaş ölkə, etibarlı tərəfdaşlar olaraq Avropanın təchizat təhlükəsizliyindəki töhfələrimizi verməyə davam edəcəyik. 

***


    Forum çərçivəsində Türkiyənin “McKinsey & Company” şirkətinin partnyoru Ercan Balkoç “Şərq qapısı” qəzetinə müsahibə verib, Naxçıvanın enerji potensialı, gələcək əməkdaşlıq əlaqələrindən danışıb: – Azərbaycanda energetika sahəsi üzrə uzun illərdir, çalışıram. “Yaşıl enerji” mövzusu bütün dünyada olduğu kimi, Türkiyədə, Azərbaycanda da çox önəmli mərhələdədir. Biz də bir beynəlxalq şirkət olaraq bu məsələlər üzrə bütün dünyada işlər görürük. Və istər dövlət, istərsə də özəl şirkətlər olsun Azərbaycandakı bütün qurumlarla çalışmaqdayıq. Onlarla düşüncələrimizi paylaşırıq. Son dövrlərdə Azərbaycanda bu məsələ üzrə çox ciddi planlar, tətbiqlər vardır, investisiyalar olacaq. Bu məsələdə də bütün şirkətlərə həm düşüncə olaraq, həm də fəaliyyət üçün komanda olaraq köməklik, dəstək göstərməyə hazırıq. Bu baxımdan Naxçıvan da bizim üçün çox önəmli rola malikdir. Bilirsiniz ki, biz türklər Naxçıvana “Türk qapısı” deyirik. Naxçıvandakı dəyişiklikləri, görülən işləri həyəcanla izləyirik. Bu il içərisində görürük ki, burada çox fərqli sahələrdə işlər həyata keçirilməkdədir. Eyni zamanda energetika sahəsində də bir təkmilləşdirmə prosesi özünü göstərir. Xüsusilə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvanı “yaşıl enerji” zonasına çevirmək perspektivi ilə də həm Türkiyədən, həm də dünyanın bir sıra ölkələrindən şirkətlər, qurumlar bu məsələdə işlər reallaşdırmaq üzrədir. Azərbaycan-Türkiyə III Enerji Forumunun da Naxçıvanda keçirilməsi bir təsadüf deyildir. Bu, Naxçıvanın potensialını göstərir, son dönəmlərdəki təkmilləşdirmələrlə burada “yaşıl enerji” sahəsinə önəm olduqca artmaqdadır. Bu baxımdan həm indi, həm də gələcəkdə Naxçıvanın bir enerji koridoru olmaq potensialı vardır. Biz də bu prosesi böyük maraqla izləyirik, lazım olduğu anda töhfə verməyə hazırıq. 

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 29.09.2023 22:22