AZ EN RU

II Qarabağ müharibəsi şəhidləri yad edilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda II Qarabağ müharibəsi şəhidləri Ramazan Göydağlı və Fuad Əlizadəyə həsr edilmiş tədbir keçirilib. Şəhid ailələri, qazilər,  ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükut ilə yad edilib.

Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva qəhrəman hərbçilərimizin keçdiyi döyüş yolu haqqında məlumat verib, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.

Sonra tədbirdə Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunmuş videoçarx nümayiş olunub.  

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları dövlətimizə göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Müharibə veteranı, rəssam Şəmsəddin Böyükdüzlünün hazırladığı Naxçıvan şəhidlərinin portretləri ailə üzvlərinə təqdim olunduqdan sonra sərgiyə baxış olub.

Nəşr edilib : 03.10.2023 19:46