AZ EN RU

İgid və qorxmaz Rasim

Rasim İsmayıl oğlu Ramazanov

26.07.1998-19.10.2020

Çox mehriban uşaq idi. Həm qohumlara, həm də qonşulara qarşı. Balaca vaxtı şıltaq idi. Heç özünə söz götürməzdi. Həm də çox qorxmaz idi. Heç bir çətinlikdən qorxmurdu.

Uşaqlıqdan hərbiyə çox meylli idi. Balaca qardaşı hərbi liseydə təhsil alırdı. Ona çox həvəslənirdi. Bir gün həyətdə işləyirdim. Gəldi ki, ana, mən sənədlərimi hərbiyə hazırlamışam. Amma siz sənədlərə imza çəkməlisiniz. Dedim ki, oğul, qardaşın hərbidədir. Heç olmasa, sən mənim yanımda qal. Dedi ki, ana, mənim sinif yoldaşlarımın hər biri hərbiyə gedib. Mən də gedəcəyəm. Mən də israr etdim ki, olmaz. Ancaq inadını yeritdi. Atası sənədlərini imzaladı. 
Sonuncu dəfə 18 oktyabrda danışdım oğlumla. Danışanda nə dedimsə, dedi ki, ana, siz yaxşı olun. Hər zaman Rasimlə danışanda onu xeyli əzizləyərdim. Deyirdim ki, ehtiyatlı ol. Bütün qohum-əqrəba sənin sağ-salamat qayıtmağını gözləyir. Sonuncu dəfə danışanda Rasimin əmisi də bizdə idi. Onun yanında utandım. Balamı əzizləmədim. Amma indi çox peşmanam. Peşmanam ki, kaş sonuncu dəfə balamı əzizləyərdim. Onu əzizləmədiyim içimdə bir dərd kimi qalıb. Sadəcə, dedim ki, bu müharibədir, heç kimə baxmır. Elə dayanmadan deyirdi ki, siz yaxşı olun. Mən də deyirdim ki, ay oğul, biz evdəyik. Bizə nə olacaq ki? 
Səhəri tezdən yuxudan duranda o qədər rahat idim ki. Axşam çox qəşəng danışmışdı Rasim. Kim soruşurdu deyirdim axşam Rasim danışıb. Arxayınam, yaxşıdır. Amma həmin vaxt mən yanılmışam. Demə, 18-dən 19-na keçən gecə Rasim şəhid olub. Beş gün biz heç nə bilmədik.
Bizimlə danışdıqdan sonra əmisi ilə də danışdı. Əmisinə deyib ki, atama de haqqını mənə halal etsin, çətin tapşırığa gedirik, bilmək olmaz. Mənim də, atasının da haqqı Rasimə halal olsun!

Nəşr edilib : 03.05.2024 12:10