AZ EN RU

İgid, qorxmaz, cəsur Vətən oğlu – Səbuhi Tağıyev

    Şəhidlik ən ali zirvə, ən yüksək məqamdır. Bu məqama yalnız seçilmişlər yüksələ bilər. O seçilmişlər ki hər birinin ömür yolu, şücaəti gələcək nəsillər üçün örnəkdir. Səbuhi Tağıyev də vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı, qəhrəmanlığı ilə örnək şəhidlərimizdən biridir. 

    O, 1998-ci il iyunun 22-də Şahbuz rayonunun Şada kəndində anadan olmuş, 2004-2015-ci illərdə Badamlı qəsəbəsində orta təhsil almışdı. 2013-cü ildə Naxçıvan Şəhər Peşə Məktəbində traktor-maşinist ixtisası üzrə oxumuş, kompüter kursunu bitirmişdi. 2016-2017-ci illərdə hərbi xidmət keçmiş, Vətəninə xidmət üçün hərbçi olmağı seçmişdi. 2019-cu ildə kurs keçdikdən sonra Şadada, sonra Naxçıvanda hərbi hissələrdən birində xidmət etmişdi. Səbuhi Tağıyev 2021-ci ildə könüllü olaraq getdiyi Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində yerləşən “N” hərbi hissələrdən birində hərbi xidmət edirdi.
    44 günlük şanlı Zəfərimizdən uzun müddət keçməsinə baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməyə davam edir, heç bir öhdəliyə məhəl qoymurdu. Bu il aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdu. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki vermiş, təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişlər. Şəhidimiz Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunub.
    Səbuhi Tağıyevin həyat yolunu işıqlandırmaq məqsədilə hazırda ailəsinin yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsinə getdik. Çox çətin idi hələ ölümündən qısa müddət keçmiş şəhidimizin ailəsini danışdırmaq, onların qanayan yaralarına toxunmaq. Lakin şəhidlərimizi tanımaq və tanıtmaq borcumuzdur. Şəhidimizin yaşadığı evə daxil oluram, hər tərəf onun fotoşəkilləri ilə bəzənib. Şəhidimizin saf, təmiz, bir o qədər də cəsur, qorxmaz siması diqqətimi çəkir. 
    Ata Gündüz Tağıyevlə çətin də olsa, söhbətə başlayırıq. Onun dediklərindən: – Səbuhi evimizin böyük oğlu idi. Ondan başqa bir qardaşı, bir bacısı var. Qardaşı Sərdar da Şahbuz briqadasında hərbi qulluqçudur. Övladlarımın ikisi də hərbi qulluqçu olmağı, Vətənə qulluq etməyi seçib. Səbuhinin ürəyi çox saf idi. Darda, çətində olan hər kəsə kömək etməyə çalışar, hamının əlindən tutardı. Əldən tutmaq bizim qanımızdadır. Lakin o başqa cür idi, qohumcanlı, mehriban, ailəsinə, dost-tanışlarına candan yanan idi. Yaşadığımız qəsəbədə, eləcə də öz yoldaşları arasında özünə böyük hörmət qazanmışdı. Elə Naxçıvan Beynəlxalq Hava Limanında qarşılayarkən, doğma torpağında əbədi mənzilə yola salarkən də onu hamı əziz etdi. Dəfn günü göydən bir leysan tökürdü ki, sanki bütün dağ, daş da onun ölümünə ağlayırdı. Mərasimdə hərbçi yoldaşları, rəsmi şəxslər, rayon sakinləri iştirak edirdilər. Oğlumun 40 mərasimində Milli Məclisin deputatlarından Adil Əliyev və Cəbi Quliyev iştirak edib, bizə başsağlıqlarını çatdırdılar, qayğılarımızla maraqlandılar. Onlara, eləcə də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad müəllimə minnətdarlığımızı bildiririk. Şəhidlərimiz dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Gənc nəsillərə onların vətənpərvərlik yolu çatdırılır. 
    Gündüz müəllim qeyd edir ki, şəhidlik hamıya qismət olmur: – 1990-1992-ci ildə Şadada ermənilərlə əliyalın, silahsız döyüşmüşəm. Mənə şəhidlik qismət olmadı. Demək, bu yüksək ad hamıya nəsib olmur. Şəhidlik bir tərəfdən də Allahın yazdığı yazıdır. Biz fəxr edirik ki, Allah taala belə şərəfli bir yazı yazıbmış Səbuhiyə. Kim istəməz ki, elə bir alın yazısı olsun. 
    Şəhidimizin anası Ceyhunə Tağıyeva deyir ki, oğlum 2021-ci ildə bizdən xəbərsiz ərizə yazıb verib korpusa ki onu könüllü Qarabağ torpağına aparsınlar. 2021-ci il iyulun 26-da Bakıdan Laçına yola düşüb, 1 il 8 ay olardı, Laçında idi. O torpaqlara gedəndən heç vaxt narazılıq etməyib, həmişə deyirdi ki, mən yerimdən razıyam. Ötən il sentyabr ayında sürücülük vəsiqəsini dəyişməyə Naxçıvana gəlmişdi. Dedim iki qardaş, bir bacı oturun şəklinizi çəkim. Qayıtdı ki, ana, qorxursan ki, şəhid olaram?! Mən Səbuhi ilə fəxr edirəm. Beş il olardı hərbidə işləyirdi, yüksək əməkhaqqı alırdı. Aldığı maaşı tək özünə yox, kimin köməyə ehtiyacı var idi ona xərcləyirdi. Öz əyninin təzə paltarını da bir kasıba verirdi. Çox mərhəmətli idi. Bacısı 4 il universitet oxudu, hər ay onun yolpulunu verirdi. Elə həmişə deyirdi, ana, hər şey yaxşı olacaq. Şəhid olmamışdan bir gün qabaq danışmışdıq. Dedi ki, komandir buradadı, mən də maşında gözləyirəm. Elə şəhid olduğu yerdə imişlər həmin gün. Axşamçağı telefonu aldım əlimə gördüm yazılıb ki, Laçında üç şəhidimiz olub. Özümü itirdim, qapını açıb çölə qaçdım. Gördüm ki, millət elə gəlir üstümə, sanki yağış gəlir, qar gəlir, boran gəlir. Əvvəlcə dedilər ki, Səbuhi yaralanıb gətirirlər, lakin inanmadım. Acı mənzərədir, Allah heç kimə göstərməsin. Hamı balamı əzizlədi. Xalasına yuxuda deyib ki, bilirdim, hamı məni istəyir, ancaq bu qədər çox istəməklərini bilmirdim. Mənim üçün hər gün Səbuhinin öldüyü gündür, – deyir ana. 
    Səbuhini 6 yaşına qədər saxlamış, qayğısını çəkmiş nənəsi Gülxar Məmmədova qəhərdən çətinliklə danışır: – 9 nəvəm var, başımın tacı, istəklim Səbuhi idi. 6 yaşına qədər saxlamışan. Mənim elim, günüm olub. Əslən Zəngilan rayonundanam, o vaxt bütün ailə üzvlərim oradan qaçqın düşdü, izləri itdi. Onların dərdi məni üzürdü. Zəngilan işğaldan azad olunanda özümdə az da olsa, toxtaqlıq tapmışdım. Ancaq Səbuhi elə etdi ki, ailəmin dərdi yadımdan çıxdı. Səbuhi qoçaq, cəld, işgüzar, mehriban, qohumcanlı idi. Necə gözəl, ruzili uşaq idi ki, dəfn mərasimində yağış, nur yağırdı. Mənim nəvəm qohum-qardaşın, dostun-tanışın qəlbində, ürəyində o qədər yer salıb ki özünə. Dünyanın ən gözəl sözləri ona yaraşır. Hamıdan qabaqda birinci o gedirdi. Öz istəyi ilə Laçına getmişdi. Nə vaxt soruşurdum deyirdi, hər şey yolundadır, fikir eləmə. Özümə ev alıb Laçında qalacağam, elə gözəl yerlərdir ki buralar. Səbuhinin ölümü bizim pərgarımızı pozdu, ürəyimizi üzdü qutardı. Amma bir o qədər də qürurluyuq ki, o, Vətən uğrunda canından keçib, gənc yaşda bütün insanların qəlbində özünə yuva qurdu. 
    Babası Tofiq Məmmədov da nəvəsinin cəsur, ürəkli, qorxusuz olduğunu deyir: – Hər bir oğulun işi deyil ki, 50-60 nəfər erməninin içərisinə qorxusuzca getsin. Onlarla böyük cəsarət və qəhrəmanlıqla əlbəyaxa döyüşsün. Səbuhi həmişə qəlbimizdə, ürəyimizdə yaşayacaq. 
    Ailəyə səbir diləyib Naxçıvana yola düşürük. Düşünürəm ki, xalqımız, həqiqətən də, xoşbəxt xalqdır, ona görə ki, Səbuhi kimi cəsur, qəhrəman, igid övladları var. Necə də olmasın, onlar əqidəli, genişürəkli, mənəvi cəhətdən zəngin xüsusiyyətlərə malik ata-anaların övladlarıdır. O vətənpərvər övladlarımız ki məhz müqəddəs Vətənlərinin yolunda gözlərini qırpmadan canlarını fəda etdilər. Şəhidlərimizlə fəxr edirik, onların igidlikləri heç vaxt yaddaşlardan çıxmayacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 12.06.2023 20:34